04 may 2026-cı il tarixində Ermənistanın paytaxtı İrəvan şəhərində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı keçirilib. Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə videobağlantı formatında çıxış etmiş, Avropa ölkələrinin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və müxtəlif siyasi institutların nümayəndələri iştirak etdilər. Cənab Prezident İlham Əliyev regional sülh, enerji təhlükəsizliyi və beynəlxalq əməkdaşlıqla bağlı mühüm mesajlar səsləndirərək Azərbaycanın Cənubi Qafqazda dayanıqlı sabitliyin və çoxtərəfli əməkdaşlığın tərəfdarı olduğunu vurğulayıb.
2025-ci il tarixində Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamə imzalandıqdan sonra sülhün əldə olunması faktı əsasında ölkəmiz 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. Bu günə qədər Azərbaycanın ərazisindən Ermənistana 28 min ton yük çatdırılıb. Ölkə olaraq ilk dəfə neft məhsullarımız olan benzin və dizel Ermənistana təchiz edilməyə başlanıldı. Bununla da ticarət münasibətləri başlayandan 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib.
“Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” Azərbaycanı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək. Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər. Təəssüflər olsun ki, bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir. Cənab Prezident İlham Əliyev çıxışı zamanı vurğulamışdır: “Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür. Yeri gəlmişkən, mən o vaxt parlament üzvü və Azərbaycanın nümayəndə heyətinin rəhbəri kimi AŞPA-nın fəal üzvlərindən biri idim. Nümayəndə heyətimizə 2024-cü ilin yanvarına qədər Avropa Şurasında heç zaman məhdudiyyətlər tətbiq edilməmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu. Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. Dörd ay sonra AŞPA nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi. Əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir”.
Vətən müharibəsi bitdikdən 6 ay sonra Avropa Parlamenti Azərbaycanla bağlı 14 əsassız qətnamə qəbul edib. Avropa Parlamenti fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq ölkəmizi hədəfə almışdır. Səbəb isə öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb etmək olaraq göstərilir.
Buna cavab olaraq 01 may 2026-cı il tarixində Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edildi. İrəvanda keçirilən zirvə toplantısında cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın regional və beynəlxalq siyasətdə fəal mövqeyini bir daha nümayiş etdirdi. Dövlət başçısının sülh, təhlükəsizlik, enerji əməkdaşlığı və regional inkişafla bağlı mesajları Azərbaycanın gələcək strateji prioritetlərini əks etdirən mühüm siyasi bəyanat kimi dəyərləndirilir. Ölkə başçısının çıxışı bir daha göstərdi ki, Azərbaycan regionda sabitliyin, iqtisadi əməkdaşlığın və beynəlxalq tərəfdaşlığın gücləndirilməsi istiqamətində mühüm rol oynayan dövlətlərdən biridir.
Nigar Abdullayeva
YAP Yasamal rayonu AMEA Folklor İnstitutu
üzrə ərazi partiya təşkilatının sədr müavini