Şəhid mayor Anar Novruzovun 50 yaşı tamam oldu
Vətəni hər şeydən əziz tutub onun yolunda canından keçən qeyrətli oğullarımızdan bir də şəhid mayor Anar Novruzovdur. Masallının Ərkivan qəsəbəsində dünyaya göz açan bu, Vətən sevdalısı Aprel və Tovuz döyüşlərində sözün əsl mənasında tarix yazıb. İndi adı böyük bir xalqın qəhrəmanlıq simvoluna dönərək, dillərdən düşmür.
Anar Tovuz döyüşlərində yağıya qan qusdurub 44 yaşında əbədiyyət adlı dünyasına qovuşub. Cismən aramızdan gedən, ürəklərdə yaşamaqla millətinə iftixar mənbəyi, qürur yeri çevrilib. Qərinələr keçəcək onun doğma Azərbaycana bəslədiyi halal sevgisi gələn nəsillərə də örnək göstərilər. Qəhrəman şəhidimizin ölümü onu torpağa gömülmədi, yeni müqəddəs bir həyat yaşamaq üçün səmada Günəşə döndərdi. İndi adı hər bir azərbaycanlının dilində qürurla çəkilən Anar həm də bizlərə özü kimi qeyrətli, Vətən sevdalı iki övlad yadigar qoyub.
Sonsuz ehtirama, sevgi və məhəbbətə layiq olan şəhid mayor Anar Novruzov Vətən qarşısında borcunu şərəflə yerinə yetirdiyinə və ləyaqətli xidmətə görə müxtəlif illərdə Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə Nazirinin "Qüsursuz xidmətə görə" I, II, III dərəcəli, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin" yubiley medalları, eləcə də rəhbərlik tərəfindən döyüşlərdə, ictimai-siyasi və mənəvi-psixoloji hazırlığında əldə etdiyi yüksək nailiyyətlərə görə fəxri fərmanlarla təltif edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb. Doğulduğu Ərkivan qəsəbədəki küçələrdən bir onun uca adını daşıyır. Vaxtilə yaşadığı evin qarşısında büstü qoyulub.
Qısa bildirək ki, Masallının şərəfli oğlu orta məktəbi əla qiymətlərlə qurtarıb Bakı Neft Texnikumuna (indiki Neft-Energetika Kolleci) girib. Amma burada 6 ay oxuya bilib. Canına yağ dadanmış yurdunun taleyini düşünməklə orduya gedib. Cəbhə bölgəsində nümunəvi xidməti tez də cəsur əsgərə hörmət qazandırıb. Yaxşı hərbiçi olub düşməndən qisas almaq məqsədilə Ali Birləşmiş Komandanlıq Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) oxuyub "Taktiki motoatıcı qoşunları komandiri" ixtisasına yiyələnib. 2016-cı ilin Aprel döyüşlərində qəlpə yarası alıb. 2018-2020-ci illər ərzində ən qaynar döyüş bölgələrində Vətənin keşiyində durub. Türkiyədə mükəmməl peşəkar təlim keçib. 25 ildən artıq hərb sahəsində çalışıb. Xidmət etdiyi illərdə hərbi texnikanın sirlərini mükəmməl öyrənib. Siyasi işlər üzrə tabor komandirinin müavini vəzifəsinə qədər yüksəlib. Snayperdən atdığı dəqiq atəşlə erməni dığaların kabusuna çevrilib.
Şəhid mayor Amil Novruzov hər nə edibsə, bu, yalnız canından artıq sevdiyi Vətəninin azadlığı naminə olub...
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü