PDF Oxu

Siyasət

  • 756

Zəngilan regional inkişaf mərkəzinə çevrilir - ŞƏRH

image

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən mayın 10-da Zəngilan şəhərində ilk yaşayış kompleksinə köçən ailələrlə keçirilən görüş əslində təkcə sosial xarakterli tədbir deyildi. Bu görüş postmünaqişə dövründə Azərbaycanın həyata keçirdiyi böyük qayıdış strategiyasının siyasi, mənəvi və dövlətçilik baxımından yeni mərhələyə keçdiyini nümayiş etdirdi. Uzun illər işğal altında qalmış torpaqlarda artıq həyatın bərpa olunması, insanların doğma yurdlarına dönməsi və şəhərlərin yenidən qurulması dövlət siyasətinin ən mühüm istiqamətlərindən birinə çevrilib.
Zəngilanda istifadəyə verilən ilk yaşayış kompleksi həm də simvolik məna daşıyır. Çünki vaxtilə tamamilə dağıdılmış bir şəhərdə bu gün müasir yaşayış infrastrukturu yaradılır, insanlar təhlükəsiz və rahat şəraitdə məskunlaşırlar. Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlardan biri də məhz dövlətin öz vətəndaşına verdiyi dəyər idi. Dövlət başçısı qeyd etdi ki, keçmiş məcburi köçkünlərin doğma torpaqlara qayıdışı Azərbaycanın milli hədəfi idi və bu məqsəd artıq reallığa çevrilir. Bu fikir göstərir ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri yalnız infrastruktur layihəsi deyil, milli iradənin və siyasi qətiyyətin nəticəsidir.
Diqqət çəkən əsas məqamlardan biri cənab Prezidentin çıxışında tarixi yaddaş və siyasi varislik məsələsinə toxunması oldu. Ulu Öndər Heydər Əliyevin doğum günündə keçirilən bu görüş təsadüfi deyildi. Prezident İlham Əliyev vurğuladı ki, Heydər Əliyevin ən böyük arzularından biri torpaqların işğaldan azad olunması idi və bu vəsiyyət yerinə yetirildi. Bu mesaj həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış siyasi mövqe kimi diqqət çəkdi. Burada əsas məqsəd Azərbaycanın ərazi bütövlüyünün artıq tam təmin edildiyini və yeni dövrdə əsas prioritetin quruculuq olduğunu nümayiş etdirmək idi.
Zəngilan şəhərində inşa edilən yaşayış kompleksi də dövlətin gələcək baxışını əks etdirən mühüm layihələrdən biridir. Müasir memarlıq prinsipləri əsasında qurulan kompleksdə sosial infrastrukturun, idman və uşaq meydançalarının, velosiped zolaqlarının yaradılması onu göstərir ki, azad edilmiş ərazilər sadəcə bərpa edilmir, eyni zamanda yeni urbanizasiya modeli formalaşdırılır. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi Azərbaycanın postmüharibə inkişaf modelinin əsas elementlərindən biridir. Bu yanaşma həm ekoloji baxımdan dayanıqlı, həm də sosial baxımdan rahat yaşayış mühiti yaratmağa hesablanıb.
Cənab Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər mühüm məqam isə dövlət-vətəndaş birliyinin nümayiş etdirilməsi idi. Müharibə dövründə olduğu kimi, quruculuq mərhələsində də xalqla hakimiyyət arasında formalaşmış birlik Azərbaycanın əsas üstünlüklərindən biri kimi təqdim olunur. İnsanların doğma yurdlarına qayıdarkən dövlət başçısı tərəfindən şəxsən qarşılanması və mənzillərin açarlarının təqdim edilməsi siyasi baxımdan mühüm mesaj idi. Bu addım göstərir ki, Böyük Qayıdış proqramı formal layihə deyil, birbaşa insan amilinə söykənən strateji xəttdir.
Bugünkü reallıq onu göstərir ki, Zəngilan artıq işğalın izlərini daşıyan şəhərdən regional inkişaf mərkəzinə çevrilməkdədir. Burada həyata keçirilən layihələr nəqliyyat, logistika, turizm və yaşayış infrastrukturu baxımından yeni iqtisadi imkanlar yaradır. Dövlətin məqsədi yalnız keçmişi bərpa etmək deyil, eyni zamanda regionu Cənubi Qafqazın müasir inkişaf məkanlarından birinə çevirməkdir. Zəngilanda keçirilən görüş də məhz bu strateji baxışın canlı ifadəsi oldu.

Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri

Digər xəbərlər