PDF Oxu

Siyasət

  • 938

WUF13 sülh və davamlı inkişaf şəraitində yeni şəhər modelinə doğru mühüm qlobal addımdır

image

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun, qlobal təşəbbüslərdə fəal iştirakının və dayanıqlı şəhərsalma siyasətinin mühüm göstəricilərindən biri kimi qiymətləndirilir. BMT-nin İnsan Məskənləri Proqramı – UN-Habitat tərəfindən təşkil olunan forum dünyanın ən böyük urbanizasiya platformalarından hesab olunur və şəhərlərin gələcəyi, təhlükəsiz yaşayış mühiti, dayanıqlı inkişaf və sosial inklüzivlik kimi vacib məsələləri gündəmə gətirir.

17-23 may tarixlərində Bakıda keçirilən WUF13 forumu “Dünyanın məskunlaşdırılması: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusuna həsr olunmuşdur. Forumda 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi tədbirin miqyasını və beynəlxalq əhəmiyyətini bir daha nümayiş etdirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyanın açılış mərasimində çıxışı zamanı Azərbaycanın urbanizasiya, şəhərsalma və postmünaqişə dövründə yenidənqurma sahəsində həyata keçirdiyi siyasətin əsas istiqamətlərini diqqətə çatdırdı. Dövlət başçısı vurğuladı ki, Azərbaycanın WUF13 kimi nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkəyə olan etimadın və Azərbaycanın qlobal əməkdaşlıq platformalarında etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir.
Dövlət başçımızın çıxışında əsas diqqət çəkən məqamlardan biri işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri oldu. Cənab İlham Əliyev qeyd etdi ki, 30 ilə yaxın işğal altında qalmış ərazilər tamamilə dağıdılmış vəziyyətdə idi və hazırda həmin bölgələrin yenidən qurulması Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir.
Prezident, həmçinin Böyük Qayıdış Proqramına toxunaraq bildirdi ki, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı dövlət siyasətinin mühüm istiqamətidir. Bu yanaşma yalnız infrastrukturun bərpasını deyil, eyni zamanda müasir, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqini də əhatə edir. Beləliklə, Azərbaycan postmünaqişə dövründə innovativ şəhərsalma modelini beynəlxalq ictimaiyyətə təqdim edir.
Çıxışı zamanı ölkəmizin rəhbəri tarixi-mədəni irsin qorunmasının vacibliyini də xüsusi vurğuladı. O qeyd etdi ki, Azərbaycanın qədim memarlıq ənənələri və tarixi irsi milli kimliyin ayrılmaz hissəsidir və bu irsin gələcək nəsillərə çatdırılması mühüm vəzifədir.
Dövlət başçısı urbanizasiya prosesində balanslı yanaşmanın vacibliyinə də diqqət çəkdi. O bildirdi ki, şəhərlərin inkişafı zamanı həm cəsarətli, həm də ehtiyatlı qərarlar qəbul edilməlidir. Prezident bu fikri Bakı şəhərində keçirilən Formula-1 yarışları ilə müqayisə edərək urbanizasiya və şəhər idarəçiliyində strateji baxışın əhəmiyyətini ön plana çıxardı.
Prezident İlham Əliyev WUF çərçivəsində beynəlxalq əməkdaşlığın vacibliyini xüsusi qeyd edərək bildirdi ki, belə platformalar ölkələr arasında təcrübə mübadiləsinə, müsbət nümunələrin öyrənilməsinə və qlobal çağırışlara birgə həll yollarının tapılmasına xidmət edir.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi Azərbaycanın yalnız regional deyil, həm də qlobal miqyasda mühüm dialoq platformasına çevrildiyini nümayiş etdirir. COP29-dan sonra WUF13 kimi nüfuzlu tədbirin Azərbaycanda təşkil olunması ölkənin beynəlxalq siyasi və humanitar gündəmdə artan rolunun göstəricisi hesab olunur.
Nəticə etibarilə, WUF13 Azərbaycanın dayanıqlı inkişaf, müasir şəhərsalma, postmünaqişə bərpası və beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi nailiyyətlərin dünyaya təqdim edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin açılış mərasimində səsləndirdiyi tezislər isə Azərbaycanın gələcək inkişaf strategiyasının əsas istiqamətlərini və ölkənin qlobal urbanizasiya proseslərində fəal iştirakını əks etdirir.

Digər xəbərlər