PDF Oxu

Siyasət

  • 693

WUF13 Azərbaycanın strateji gücünü göstərir - ŞƏRH

image

Azərbaycan son illərdə qlobal əhəmiyyətli qərarların qəbul edildiyi, bəşəriyyəti narahat edən çağırışların müzakirə olunduğu mərkəzi məkana çevrilmişdir. Ölkəmizin ev sahibliyi etdiyi irimiqyaslı tədbirlər siyahısına daha bir mötəbər hadisə – Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) da qızıl hərflərlə yazıldı. COP29 kimi planetar miqyaslı sammitin ardınca Bakının şəhərsalma üzrə dünyanın ən böyük platformasını qəbul etməsi təsadüfi deyil. Bu, Azərbaycanın yalnız regional liderliyinin deyil, həm də qlobal miqyasda strateji gücünün və artan nüfuzunun növbəti bariz nümayişidir.

182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13, miqyasına və coğrafiyasına görə bənzərsiz bir hadisədir. “Dünyanın məskunlaşdırılması: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusuna həsr olunmuş bu forum, müasir dövrün ən böyük problemlərindən olan xaotik urbanizasiya, iqlim dəyişikliyi və infrastruktur böhranlarına qarşı qlobal həll yolları axtarır. Dünyanın beyin mərkəzlərinin, dövlət rəsmilərinin və arxitektorların məhz Bakıda bir araya gəlməsi Azərbaycanın beynəlxalq səviyyədə etibarlı tərəfdaş və neytral dialoq platforması kimi qəbul edildiyini təsdiqləyir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sessiyanın açılış mərasimindəki dərin məzmunlu və strateji çıxışı forumun əsas yol xəritəsini müəyyən etdi. Dövlət başçısı Azərbaycanın şəhərsalma siyasətinin əsas istiqamətlərini diqqətə çatdırarkən, ölkəmizin postmünaqişə dövründə həyata keçirdiyi misilsiz yenidənqurma modellərini xüsusi vurğuladı. Bu gün Azərbaycan dünyada analoqu az olan bir təcrübəyə imza atır: tamamilə dağıdılmış şəhər və kəndləri sıfırdan, “ağıllı şəhər” (Smart City) və “ağıllı kənd” (Smart Village) konsepsiyaları əsasında, yaşıl enerji zonası statusu ilə yenidən qurur. Qarabağ və Şərqi Zəngəzurda aparılan bu nəhəng bərpa işləri təkcə bir ölkənin daxili uğuru deyil, həm də müharibədən zərər çəkmiş regionların dirçəldilməsi üçün qlobal şəhərsalma elminə bəxş edilən unikal bir töhfədir.
WUF13 çərçivəsində Bakının təqdim etdiyi vizyon göstərir ki, şəhərlər yalnız beton binalardan ibarət deyil; onlar təhlükəsiz, inklüziv, insan mərkəzli və dayanıqlı ekosistemlər olmalıdır. Azərbaycan öz təcrübəsi ilə sübut edir ki, iqtisadi artımla ekoloji tarazlığı sintez etmək mümkündür.
Ümumdünya Şəhərsalma Forumunun Bakı sessiyası Azərbaycanın beynəlxalq humanitar, siyasi və iqtisadi gündəmdəki çəkisini bir neçə pillə yuxarı qaldırdı. Bu tədbir, ölkəmizin dayanıqlı gələcək naminə qlobal hərəkatın ön sıralarında addımladığını və müasir dünyamızı formalaşdıran strateji güclərdən biri olduğunu həm iştirakçılara, həm də bütün dünya birliyinə bir daha nümayiş etdirdi.

Hasil Bağışov,
YAP Masallı rayon təşkilatı
Qəriblər məktəbi ərazi partiya təşkilatının sədri

Digər xəbərlər