PDF Oxu

Siyasət

  • 405

Azərbaycanın şəhərsalma strategiyası və beynəlxalq nüfuzu - ŞƏRH

image

Prezident İlham Əliyevin 2026-cı il mayın 18-də Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində etdiyi çıxış həm siyasi məzmununa, həm də beynəlxalq əhəmiyyətinə görə Azərbaycanın son illərdə dünya ictimaiyyətinə verdiyi ən mühüm mesajlardan biri kimi qiymətləndirilə bilər. Dövlət başçısının nitqi yalnız şəhərsalma məsələlərini əhatə etmədi, eyni zamanda Azərbaycanın geosiyasi mövqeyi, postmünaqişə dövründə həyata keçirilən yenidənqurma siyasəti, regional liderlik iddiaları və qlobal davamlı inkişaf proseslərinə inteqrasiyası barədə geniş siyasi baxış ortaya qoydu.

Prezident Cənab İlham Əliyev çıxışının əvvəlində forum iştirakçılarını salamlayaraq vurğuladı ki, WUF13 kimi mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ölkəyə göstərilən beynəlxalq etimadın və hörmətin mühüm göstəricisidir. O qeyd etdi ki, forumda 180-dən çox ölkədən on minlərlə nümayəndənin iştirakı Azərbaycanın beynəlxalq platformalarda artan rolunu və nüfuzunu nümayiş etdirir. Prezidentin sözlərinə görə, son illərdə Azərbaycan yalnız regional enerji və nəqliyyat layihələrinin təşəbbüskarı kimi deyil, həm də qlobal humanitar, ekoloji və urbanizasiya məsələlərinin müzakirəsində fəal iştirak edən dövlət kimi tanınır. Bu baxımdan Bakı şəhərinin beynəlxalq tədbirlərin keçirildiyi mühüm diplomatik mərkəzə çevrilməsi ölkənin məqsədyönlü dövlət siyasətinin nəticəsidir.

Prezident Cənab İlham Əliyev çıxışında xüsusilə vurğuladı ki, müasir dünyada şəhərsalma artıq təkcə tikinti və infrastruktur məsələsi deyil. Onun fikrincə, urbanizasiya prosesi sosial rifah, ekoloji təhlükəsizlik, iqtisadi dayanıqlılıq və milli təhlükəsizliklə birbaşa bağlı strateji sahəyə çevrilib. Prezident bildirdi ki, XXI əsrin şəhərləri yalnız beton konstruksiyalar deyil, insan kapitalını, sosial ədaləti və yaşıl inkişaf prinsiplərini özündə birləşdirən kompleks yaşayış məkanları olmalıdır. Bu baxımdan Azərbaycan şəhərsalma siyasətində innovativ yanaşmaları tətbiq edən ölkələr sırasında yer almağa çalışır.

Prezident Cənab İlham Əliyevin nitqində əsas siyasi məqamlardan biri işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və yenidənqurma layihələri oldu. Dövlət başçısı bildirdi ki, uzun illər ərzində Ermənistanın işğalı altında qalmış Azərbaycan torpaqları tamamilə dağıdılmış vəziyyətdə geri qaytarılıb. Şəhərlər, kəndlər, tarixi abidələr, dini məkanlar və infrastruktur məqsədli şəkildə məhv edilib. Prezident Cənab İlham Əliyev bu dağıntıları “urbisid” və “kultursid” siyasəti kimi qiymətləndirərək beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı ki, Azərbaycan regionda misli görünməmiş humanitar və infrastruktur böhranı ilə üzləşmişdi.

Prezident Cənab İlham Əliyev vurğuladı ki, buna baxmayaraq Azərbaycan dövləti qısa müddət ərzində azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa proqramına start verib. Bu proqram çərçivəsində yollar, hava limanları, elektrik stansiyaları, su xətləri, məktəblər, xəstəxanalar və yaşayış kompleksləri tikilir. Dövlət başçısı qeyd etdi ki, həyata keçirilən layihələr yalnız yenidənqurma məqsədi daşımır, eyni zamanda regionun gələcək inkişaf modelini müəyyənləşdirir. Prezident xüsusi olaraq “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqindən danışaraq bildirdi ki, azad edilmiş ərazilər gələcəyin texnoloji və ekoloji cəhətdən dayanıqlı yaşayış məkanlarına çevriləcək.

Çıxış zamanı yaşıl enerji və ekoloji təhlükəsizlik məsələləri də geniş yer aldı. Prezident Cənab İlham Əliyev vurğuladı ki, Azərbaycan post-neft dövrünə hazırlıq məqsədilə alternativ enerji mənbələrinin inkişafına xüsusi önəm verir. Prezident qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri “yaşıl enerji zonası” elan olunub və burada günəş, külək və hidroenerji potensialından geniş istifadə edilir. Dövlət başçısının fikrincə, gələcəyin şəhərləri ekoloji baxımdan davamlı olmalı, karbon emissiyalarını minimuma endirməli və insanla təbiət arasında harmoniyanı qoruyub saxlamalıdır.

Prezident Cənab İlham Əliyevin çıxışında beynəlxalq əməkdaşlıq məsələsi də xüsusi yer tutdu. O qeyd etdi ki, urbanizasiya problemləri artıq qlobal xarakter daşıyır və bu problemlərin həlli yalnız beynəlxalq tərəfdaşlıq yolu ilə mümkündür. Prezident Cənab İlham Əliyev BMT, beynəlxalq maliyyə institutları və müxtəlif ölkələrin şəhərsalma qurumları ilə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bildirdi ki, Azərbaycan bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinə və tətbiqinə açıqdır. Eyni zamanda Prezident forum iştirakçılarını Azərbaycanın həyata keçirdiyi layihələrlə yaxından tanış olmağa dəvət etdi.

Nitqin mühüm siyasi istiqamətlərindən biri də Azərbaycanın beynəlxalq arenada artan nüfuzu ilə bağlı idi. Prezident Cənab İlham Əliyev qeyd etdi ki, son illərdə ölkənin ev sahibliyi etdiyi beynəlxalq tədbirlər Azərbaycanın etibarlı tərəfdaş imicini daha da gücləndirib. O vurğuladı ki, Azərbaycan Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm körpü rolunu oynayır və bu geostrateji mövqe ölkəyə beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək imkanı verir. Prezidentin fikrincə, Bakı artıq yalnız regional paytaxt deyil, beynəlxalq siyasi və iqtisadi dialoqun aparıldığı qlobal platformalardan birinə çevrilməkdədir.

Prezident Cənab İlham Əliyev çıxışında sosial məsələlərə də toxunaraq bildirdi ki, şəhərsalma siyasətinin əsas məqsədi insan rifahını təmin etməkdir. O qeyd etdi ki, müasir şəhərlərdə yaşayış keyfiyyəti, nəqliyyat rahatlığı, ekoloji balans, sosial xidmətlərə çıxış və təhlükəsizlik əsas prioritetlər hesab olunmalıdır. Prezident vurğuladı ki, Azərbaycanın həyata keçirdiyi layihələrdə insan amili əsas yer tutur və dövlət siyasətinin mərkəzində vətəndaş rifahı dayanır.

Sonda Prezident Cənab İlham Əliyev forumun beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd etdi. O bildirdi ki, dünya sürətlə dəyişir və şəhərlər bu dəyişikliklərin əsas mərkəzlərindən biridir. Buna görə də dövlətlər urbanizasiya problemlərinə birlikdə yanaşmalı, davamlı inkişaf məqsədlərinə uyğun siyasət həyata keçirməli və gələcək nəsillər üçün təhlükəsiz, müasir və dayanıqlı şəhərlər qurmalıdır.

Beləliklə, Prezident Cənab İlham Əliyevin WUF13-dəki çıxışı yalnız şəhərsalma məsələlərinə həsr olunmuş texniki nitq deyildi. Bu çıxış Azərbaycanın regional liderlik strategiyasını, postmünaqişə dövründə quruculuq modelini, yaşıl enerji siyasətini və beynəlxalq münasibətlər sistemində artan rolunu nümayiş etdirən geniş siyasi proqram xarakteri daşıyırdı. Nitq həm də Azərbaycanın gələcək inkişaf konsepsiyasının – innovativ, dayanıqlı və güclü dövlət modelinin beynəlxalq auditoriyaya təqdimatı kimi mühüm əhəmiyyət kəsb etdi.

Kamran Quliyev

YAP Yasamal rayon “Moskva pr. 67” ünvanı (ADSEA) üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər