PDF Oxu

Siyasət

  • 1 344

Azərbaycanın şəhərsalma uğurları - ŞƏRH

image

Dünyanın inkişaf tarixində elə mərhələlər olub ki, dövlətlərin gücü onların sərhədləri, orduları və iqtisadi resursları ilə ölçülüb. Müasir dövrdə isə başqa bir meyar daha ön plana çıxır – insanların necə yaşadığı, şəhərlərin necə qurulduğu və gələcəyin hansı prinsiplər əsasında formalaşdırıldığı. Artıq şəhərlər yalnız yaşayış məkanları deyil; onlar iqtisadi dinamikanın, sosial münasibətlərin, innovativ düşüncənin və mədəni dəyərlərin cəmləşdiyi strateji mərkəzlərə çevrilib. Məhz belə bir dövrdə Bakının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına ev sahibliyi etməsi xüsusi siyasi və strateji məna daşıyır. Mayın 18-də keçirilən Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı yalnız iştirakçılara ünvanlanan nitq kimi deyil, həm də müasir Azərbaycanın inkişaf kursunu, şəhərsalma fəlsəfəsini və gələcəyə baxışını əks etdirən geniş konseptual yanaşma kimi qiymətləndirilə bilər. Dövlət başçısının çıxışında diqqət çəkən ilk məqamlardan biri tədbirin beynəlxalq miqyası ilə bağlı idi. Dünyanın 182 ölkəsindən 45 mindən çox iştirakçının Bakıda bir araya gəlməsi təkcə Forumun miqyasını deyil, Azərbaycanın beynəlxalq nüfuzunu və qlobal əməkdaşlıq platformasına çevrilməsini göstərən mühüm göstəricidir.

WUF13 ilk növbədə, Azərbaycanın qədim şəhər memarlığına malik mədəniyyət vizyonunu təqdim etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Cənab Prezident çıxışında bu məsələyə xüsusi olaraq toxundu və bu, təsadüfi deyil, çünki qədim dövlətçilik ənənəsinə malik Azərbaycan həm də şəhər sivilizasiyalarının mərkəzlərindən biridir. Avropa və Asiya arasında yerləşən, Şərq və Qərbin mədəniyyət körpüsü olan ölkəmizdə unikal memarlıq arxitekturası formalaşıb. Bakı, Naxçıvan, Qəbələ, Şəki, Gəncə və Şamaxı kimi şəhərlərimizdə memarlıq irsi şəhər mədəniyyətinin, infrastrukturunun elementlərini özündə əks elətdirir. Şəkinin Kiş kəndində yerləşən ən qədim kilsə və ya Lahıcda 15 əsr öncə qurulmuş su və kanalizasiya sistemi isə bunun bariz nümunəsidir.
Azərbaycan liderinin öz çıxışında azad olunmuş torpaqlarda həyata keçirilən quruculuq və şəhərsalma ilə bağlı məsələlərə geniş yer ayıracağı tamamilə gözlənilən və təbii oldu. “İndi hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Bu ərazi 30 il müddətində erməni işğalı altında idi və tamamilə dağıdılaraq məhv edilmişdir”, – deyən Prezident İlham Əliyevin nitqinin ən mühüm siyasi və strateji hissəsi də məhz bu məsələ oldu. Ağdamın dağıdılma miqyasını atom bombası fəsadları ilə müqayisə edən dövlət başçısı bu dağıntının 30 illik məqsədyönlü bir vandalizm (söküntü və talan) nəticəsi olduğunu vurğuladı.
Xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma layihələri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına əsaslanır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr həm milli-mədəni irsin qorunmasına, həm də ekoloji və dayanıqlı şəhərsalma prinsiplərinə uyğun şəkildə icra olunur. Bu isə Azərbaycanın gələcəyə hesablanmış inkişaf modelinin əsas istiqamətlərindən biridir.
WUF13 praktiki fəaliyyət, tərəfdaşlıq və investisiyalar vasitəsilə icranı sürətləndirmək üçün bir fürsətdir. Bu, həm dövlət, həm özəl sektor, həm də kiçik sahibkarlar üçün sınaq və imkanlar deməkdir.
Bir sözlə, Azərbaycan ona həvalə edilmiş məsuliyyətli missiyanı unikal plan üzrə davam etdirir və əminik ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının nəticələri COP29-un nəticələri qədər uğurlu olacaq.

Mələk Rzayeva
YAP Kəngərli rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər