PDF Oxu

Siyasət

  • 1 051

Müstəqilliyin işığından böyük zəfərə doğru - ŞƏRH

image

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində Müstəqillik Günü xüsusi yer tutur. 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın azadlıq və istiqlal arzularının təntənəsi idi. Həmin dövrdə mürəkkəb siyasi şəraitə baxmayaraq xalqımız milli dövlətçilik ənənələrini bərpa etdi, müstəqil yaşamaq əzmini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, milli dövlətçilik tariximizin şanlı səhifəsinə çevrildi.

Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində mühüm dövlətçilik addımları atdı. Milli ordu yaradıldı, dövlət atributları qəbul edildi, Azərbaycan dili dövlət dili elan olundu, demokratik idarəetmə prinsipləri formalaşdırıldı. Ən əsası isə xalqımızın müstəqil dövlət qurmaq iqtidarında olduğu sübut edildi. Lakin o dövrün mürəkkəb ictimai-siyasi prosesləri nəticəsində 1920-ci ildə Azərbaycan öz müstəqilliyini itirdi və xalqımız yenidən ağır sınaqlarla üzləşdi.
Aradan uzun illər keçsə də, xalqımızın azadlıq arzusu sönmədi. XX əsrin sonlarında yenidən müstəqillik əldə edən Azərbaycan ilk illərdə ciddi təhlükələrlə qarşılaşdı. Ölkədə siyasi qarşıdurmalar, iqtisadi böhran, xaos və parçalanma təhlükəsi hökm sürürdü. Məhz belə çətin bir zamanda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini qoruyaraq onu əbədi və dönməz etdi.
Ulu Öndər deyirdi: “Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bundan da çətindir.” Bu müdrik fikir dövlət müstəqilliyinin nə qədər böyük məsuliyyət tələb etdiyini açıq şəkildə ifadə edir. Çünki müstəqillik yalnız hüquqi sənəd deyil, xalqın milli birliyi, siyasi iradəsi, iqtisadi gücü və dövlətçilik düşüncəsi ilə qorunan müqəddəs dəyərdir. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda ictimai-siyasi sabitlik təmin olundu, dövlət quruculuğu prosesi sürətləndi, ordu formalaşdırıldı və ölkəmizin beynəlxalq nüfuzu artdı.
1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin əsasını qoydu. Dünya dövlətləri Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etməyə başladı. Ulu Öndərin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində ölkəmiz regionun lider dövlətinə çevrildi. Dövlətçiliyimizin möhkəmlənməsi, milli həmrəyliyin təmin olunması və xalqın rifahının yüksəldilməsi müstəqil Azərbaycanın inkişaf yolunu müəyyənləşdirdi.
Bu gün Ulu Öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da güclənərək dünyanın nüfuzlu dövlətləri sırasında öz layiqli yerini tutub. Ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirilir, iqtisadiyyat inkişaf edir, sosial rifah yüksəlir və beynəlxalq əlaqələr daha da möhkəmlənir.
Cənab Prezident İlham Əliyev çıxışlarının birində qeyd etmişdir: “Müstəqillik hər bir xalqın ən böyük sərvətidir.” Həqiqətən də, bu gün Azərbaycan öz müstəqil siyasəti, güclü ordusu və milli birliyi ilə regionda söz sahibi olan qüdrətli dövlətdir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə Azərbaycanın müstəqil dövlət kimi gücünü və qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Bu Zəfər həm də müstəqilliyimizin daha da möhkəmləndiyini göstərdi.
Bu gün Azərbaycanın üçrəngli bayrağı azad Qarabağda qürurla dalğalanır. Xalqımız böyük fəxarətlə müstəqil dövlətin vətəndaşı olaraq yaşayır. Müasir Azərbaycan güclü iqtisadiyyata, qüdrətli orduya və beynəlxalq nüfuza malikdir. Bütün bunlar isə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlətçilik siyasətinin nəticəsidir.
28 May – Müstəqillik Günü xalqımız üçün yalnız tarixi gün deyil, həm də milli qürur və dövlətçilik rəmzidir. Bu gün hər bir azərbaycanlı müstəqilliyimizin qədrini bilməli, onu qorumağı özünün müqəddəs vətəndaşlıq borcu hesab etməlidir. Çünki tarix sübut edir ki, müstəqilliyi qazanmaq böyük qəhrəmanlıqdırsa, onu qoruyub saxlamaq daha böyük məsuliyyət, birlik və iradə tələb edir. Azərbaycanın bugünkü uğurları isə göstərir ki, xalqımız bu müqəddəs missiyanı layiqincə yerinə yetirir.

Sevda Quluyeva
YAP Kəngərli rayon təşkilatının sədri

Digər xəbərlər