28 May Azərbaycan xalqının tarixində ən əlamətdar və qürurverici günlərdən biridir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız öz müstəqilliyini dünyaya bəyan etdi. Azərbaycan Xalq Cümhuriyyəti yalnız xalqımızın deyil, bütün Şərqin ilk demokratik, hüquqi və dünyəvi parlament respublikası kimi tarixə düşdü. Bu böyük hadisə Azərbaycan xalqının azadlıq arzularının, milli iradəsinin və dövlətçilik ənənələrinin təntənəsi idi.
Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə mühüm dövlət quruculuğu işləri həyata keçirdi. Dövlət bayrağı, ordu, milli valyuta yaradıldı, təhsil və mədəniyyət sahəsində mühüm addımlar atıldı. Həmçinin beynəlxalq aləmdə Azərbaycanın tanınması istiqamətində uğurlu fəaliyyət göstərildi və diplomatik əlaqələrin yaradılması dövlətin əsas prioritetlərindən birinə çevrildi. Məhz həmin dövrdə Azərbaycanın dünya dövlətləri ilə münasibətlərinin təməli qoyuldu.
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti cəmi 23 ay davam etsə də, onun xalqımızın milli yaddaşında və dövlətçilik tarixində silinməz izi qaldı. Bu ideyalar sonrakı dövrlərdə də yaşadıldı və xalqımızın müstəqillik arzusu heç zaman sönmədi.
Azərbaycan Respublikasının “Müstəqillik Günü haqqında” Qanununa əsasən, hər il 28 May ölkəmizdə Müstəqillik Günü kimi qeyd olunur. Bu qanun Azərbaycan xalqının dövlətçilik tarixinin və Azərbaycan Xalq Cümhuriyyətinin siyasi irsinin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır. Qanunda qeyd edilir ki, 1918-ci il mayın 28-də qəbul edilmiş İstiqlal Bəyannaməsi ilə Azərbaycanın müstəqil dövlət kimi fəaliyyətinin əsası qoyulmuşdur.
1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini bərpa etsə də, ölkədə yaranmış siyasi böhran, daxili qarşıdurmalar və xarici təhdidlər dövlətçiliyimizi ciddi təhlükə qarşısında qoymuşdu. Belə ağır və mürəkkəb bir dövrdə xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaqdan və müstəqilliyini itirməkdən xilas etdi. Ulu Öndərin uzaqgörən siyasəti, qətiyyəti və böyük siyasi iradəsi sayəsində ölkədə sabitlik bərpa olundu, dövlət quruculuğu prosesi gücləndirildi və Azərbaycanın müstəqilliyi qorunub saxlanıldı.
Ulu Öndər Heydər Əliyev demişdir: “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi.”
Bu dərin məna daşıyan fikir Azərbaycanın keçdiyi çətin və şərəfli yolu tam şəkildə əks etdirir. Həqiqətən də, Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və fədakarlığı sayəsində Azərbaycan öz dövlətçiliyini qoruya bildi və gələcək inkişafının möhkəm təməli yaradıldı.
1998-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi dövlət səviyyəsində geniş qeyd olundu. Bu yubiley Azərbaycan dövlətçiliyinə və Cümhuriyyət qurucularının xatirəsinə verilən yüksək dəyərin göstəricisi idi. Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətini xüsusi vurğulayaraq onun Azərbaycan xalqının milli sərvəti olduğunu bildirmişdir.
Bu gün Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin siyasi kursu uğurla davam etdirilir. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında qeyd etmişdir ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan daha da güclənmiş, beynəlxalq aləmdə nüfuzu artmış və tarixi Zəfərə imza atmışdır.
28 May – Müstəqillik Günü hər bir azərbaycanlı üçün qürur, iftixar və vətənpərvərlik günüdür. Bu şanlı tarix xalqımızın azadlıq ruhunun, milli birliyinin və dövlətçilik ənənələrinin əbədi simvoludur. Azərbaycan xalqı öz müstəqilliyini daim qoruyacaq və gələcək nəsillərə daha güclü Azərbaycan miras qoyacaqdır.
Elnur Əsədov
YAP Kəngərli rayon təşkilatının əməkdaşı