PDF Oxu

Siyasət

  • 842

Müstəqilliyimizin sarsılmaz təməli

image

28 May Azərbaycan xalqının tarixində qürur və şərəf günü kimi xüsusi yer tutur. 1918-ci ilin məhz bu günündə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan olundu. Bu tarixi hadisə xalqımızın azadlıq arzularının gerçəkləşməsi, milli dövlətçilik ənənələrinin bərpası və müstəqil idarəçilik iradəsinin dünyaya nümayişi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın yaddaşında müstəqillik ideyasının əbədi simvoluna çevrildi.
Lakin tarix göstərdi ki, müstəqilliyi qazanmaq qədər onu qorumaq da böyük məsuliyyət və siyasi qətiyyət tələb edir. XX əsrin sonlarında Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etsə də, ölkədə hökm sürən siyasi böhran, iqtisadi çətinliklər və vətəndaş qarşıdurması dövlətçiliyimizi ciddi təhlükə qarşısında qoymuşdu. Həmin ağır və mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı oldu.
Ulu Öndərin siyasi iradəsi, uzaqgörənliyi və böyük fədakarlığı sayəsində ölkədə sabitlik təmin edildi, anarxiya və parçalanma meyillərinin qarşısı alındı. Məhz Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan öz dövlətçiliyini qoruyub saxlaya bildi və müstəqilliyini möhkəmləndirdi. Onun rəhbərliyi ilə hüquqi dövlət quruculuğunun əsası qoyuldu, milli ordu formalaşdırıldı, beynəlxalq əlaqələr genişləndirildi və Azərbaycanın dünya birliyində mövqeyi gücləndirildi.
Ulu Öndərin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycan qısa müddətdə regionun aparıcı dövlətlərindən birinə çevrildi. Xalqın milli maraqlarını hər zaman üstün tutan Heydər Əliyev müstəqilliyin əbədi və dönməz olması üçün mühüm siyasi və iqtisadi strategiyalar müəyyənləşdirdi. Bu gün əldə olunan uğurların təməlində də məhz həmin siyasətin dayanması danılmaz həqiqətdir.
Bu gün Azərbaycan öz müstəqilliyini daha da möhkəmləndirərək güclü dövlət kimi inkişaf edir. Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində ölkəmiz beynəlxalq aləmdə nüfuzunu artırır, sosial-iqtisadi sahələrdə mühüm nailiyyətlər qazanır və milli həmrəyliyini daha da gücləndirir.
28 May – Müstəqillik Günü yalnız tarixi bir hadisənin ildönümü deyil, həm də xalqımızın azadlıq ruhunun, milli birlik və dövlətçilik ənənələrinin təntənəsidir. Bu əlamətdar gün hər bir azərbaycanlıya müstəqilliyin necə böyük nemət olduğunu xatırladır və onu qorumağın müqəddəs vətəndaşlıq borcu olduğunu bir daha nümayiş etdirir. Azərbaycan xalqı əmindir ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu ölkəmizi daha böyük uğurlara aparacaq, müstəqil dövlətçiliyimiz daim yaşayacaq və güclənəcəkdir.

Lalə Mədətova
YAP Kəngərli rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər