PDF Oxu

Siyasət

  • 755

Ömür yolu Vətən kimi müqəddəsdir

image

Şəhid Tural Hümmətovun 28 yaşı tamam oldu
Bütün varlığı ilə Vətəninə, xalqına bağlı oğlan idi Tural. O, orta məktəbi başa vuranda artıq gözəl, nəcib əməlləri ona el içində böyük etibar qazanmışdı. Uca Tanrı onu elə Vətəni üçün yaratmışdı. Məhz buna görə də ikinci Qarabağ müharibəsində Vətəninin şərəfini uca tutmaqla torpaq yolunda şəhid olmağı bacarır. Dövlət də öz igid oğlunu unutmur. Onu ölümündən sonra “Vətən uğrunda”, “ Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edir.
44 günlük haqq savaşımızda hünər göstərib adını şanlı tariximizə həkk edən Tural Rövşən oğlu Hümmətov 1998-ci ildə Lənkəran rayonu, Tatova kəndində halal, tərbiyəli bir ailədə dünyaya göz açmışdı. Gözəl amallarla yaşamaq, insanlara fayda vermək onun həyat kredosu idi. Vətən məhəbbətini hər şeydən üstün bilirdi, erməni faşistlərinə sonsuz nifrət bəsləyirdi.
Tural 2016-2018-ci illərdə həqiqi hərbi xidmətdə olur. Artilleriya bölməsində nümunəvi xidməti sayəsində yaxşı ad qoyur. Hamı onu döyüşkən, əyilməz, mərd, Vətənini canından artıq bilən bir Azərbaycan oğlu kimi sevir. Əsgərlikdən sonra Turalın kompüter sahəsində bilgi və hazırlığı nəzərə alınaraq 2018-ci ildə Lənkəran şəhər Mədəniyyət Mərkəzinin büdcədənkənar Kompüter mərkəzində inzibatçı vəzifəsinə işə qəbul edirlər. Vətəninin gələcəyini düşünməklə işinə məsuliyyətlə yanaşır, bu sahədə bildiyini uşaq və gənclərə həvəslə öyrədir.
Tural 2020-ci il sentyabrın əvvəllərində qısamüddətli xüsusi təlimlərə cəlb olunur. Sentyabrın 27-də Vətən müharibəsi başlayanda cəbhəyə yola düşür. Topçu kimi əvvəlcə Ağdərə istiqamətindəki döyüşlərdə iştirak edir. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və bir çox kəndlərini 30 il əsarətdə saxlayan mənfur yağılardan təmizləməkdə çəkinmədən, ölümdən qorxmadan sözün əsl mənasında sinəsini düşmən gülləsinə sipər edir. Noyabrın 7-də Şuşa şəhərinin azad edilməsi uğrunda gedən ağır müharibədə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.
Atası Rövşən Hümmətov oğlunun şəhid olması xəbərini mətanətlə qarşılasa da, zəif ürəyi bu itkiyə dözməyib, Turalına qovuşmaq arzusu ilə noyabrın 30-da dünyasını dəyişir.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər