PDF Oxu

Siyasət

  • 885

Milli dövlətçiliyimizin qürur günü

image

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində 28 May xüsusi yer tutur. 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. Bu tarixi hadisə xalqımızın azadlıq arzularının, milli birlik və müstəqil dövlət qurmaq iradəsinin təntənəsi idi. Məhz həmin gün qəbul olunan İstiqlal Bəyannaməsi ilə Azərbaycan xalqı öz taleyini müstəqil şəkildə müəyyən etmək hüququnu bütün dünyaya bəyan etdi.

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, bu qısa müddətdə dövlət quruculuğu sahəsində mühüm addımlar atdı. Parlament yaradıldı, milli ordu formalaşdırıldı, dövlət atributları təsis edildi, qadınlara seçki hüququ verildi və demokratik idarəetmə prinsipləri tətbiq olundu. Bu baxımdan Azərbaycan Xalq Cümhuriyyəti təkcə ölkəmiz üçün deyil, bütün müsəlman Şərqi üçün böyük tarixi əhəmiyyət daşıyır.
1920-ci ildə Azərbaycan müstəqilliyini itirsə də, xalqımızın azadlıq ruhu heç zaman sönmədi. 1991-ci ildə Azərbaycan Respublikası yenidən dövlət müstəqilliyini bərpa etdi və Xalq Cümhuriyyətinin siyasi-hüquqi varisi olduğunu bəyan etdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkədə sabitliyin və təhlükəsizliyin bərpası üçün qəti addımlar atdı. Onun uzaqgörən siyasəti və dövlətçilik təcrübəsi nəticəsində vətəndaş qarşıdurmasının qarşısı alındı, dövlət institutları gücləndirildi və milli birlik təmin olundu. Məhz onun siyasi iradəsi sayəsində Azərbaycan öz müstəqilliyini qoruyaraq inkişaf yoluna qədəm qoydu. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz müstəqilliyini daha da gücləndirərək regionun nüfuzlu dövlətlərindən birinə çevrilib.
“Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 28 May ölkəmizdə Müstəqillik Günü kimi qeyd olunur. Bu gün xalqımızın azadlıq uğrunda mübarizəsini, milli dövlətçilik ənənələrini və müstəqilliyimizin əhəmiyyətini əks etdirən mühüm dövlət bayramıdır. Qanunda vurğulanır ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyətlərindən biridir və onun qorunması hər bir vətəndaşın müqəddəs borcudur.
Bu əlamətdar gün gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində də mühüm rol oynayır. Müstəqillik xalqın sərvəti, dövlətin isə ən böyük dayağıdır. Azərbaycan xalqı öz müstəqilliyini qorumaq və daha da möhkəmləndirmək əzmindədir. 28 May yalnız tarixi gün deyil, həm də milli qürur, birlik və gələcəyə inam rəmzidir.

Vəfa Məmmədova
YAP Kəngərli rayon təşkilatının fəalı

Digər xəbərlər