Sabirabad rayon Bayraq Muzeyində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin ildönümü münasibətilə təntənəli tədbir keçirilmişdir. Tədbir Sabirabad rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatı və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə ərsəyə gəlmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin əzəmətli sədaları altında açıq elan olunmuş, ardınca ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rəsmi hissədə çıxış edən Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev müstəqillik tariximizin şanlı səhifələrindən bəhs etmişlər. Natiqlər öz çıxışlarında Azərbaycanın suveren dövlət olaraq keçdiyi tarixi inkişaf yoluna nəzər salmış, milli dövlətçilik ideyalarının cəmiyyətdə, xüsusilə gənc nəsil arasında təbliğinin önəmini vurğulamışlar. Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyevin banisi olduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan bu gün dünyada güclü və söz sahibi olan bir dövlətə çevrilmişdir. Çıxışlarda həmçinin milli-mənəvi dəyərlərimizin qorunması, vətənpərvərlik ruhunun yüksəldilməsi və bu qəbilədən olan tədbirlərin keçirildiyi Bayraq Muzeyinin gənclərin mənəvi tərbiyəsindəki rolu xüsusi diqqətə çatdırılmışdır.