PDF Oxu

Siyasət

  • 378

4 iyundan başlayan gerçək tarix - TƏHLİL

image

Azərbaycan xalqı 5 min illik dövlətçilik tarixində Azərbaycan ərazilərində mövcud olmuş dövlətlər, imperiyalar hakimiyyətlərin səriştəsizliyi, bəzi hallarda xalqla bilikdə olmaması səbəbində dağılmağa məhkum olub. Ötən əsrin əvvəllərində qurulmuş AXC iqtidarı məhz xalq-hakimiyyət birliyinin olmaması və bunun fonunda xalqı dövlətçilik ətrafında birləşdirə biləcək liderin olmaması səbəbindən sıradan çıxdı. Eyni böhranlı durum 1990-1993-cü illərdə də yaşandı. Azərbaycan dövlət müstəqilliyini əldə etsə də, zor gücünə hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyü ölkənin müstəqilliyini məhv olmaqdan, xalqı üzləşdiyi bəlalardan xilas etmək üçün düşünülmüş tədbirlər görmək iqtidarında deyildi. Siyasi baxımdan təcrübəsiz, dövlət idarəçiliyində heç bir təsəvvürə malik olmayan hakimiyyət ölkəni ağır bəlalara sürükləyirdi. Ağır, böhranlı durumun kulminasiya nöqtəsi 4 iyun 1993-cü il Gəncə hadisələri oldu.

Gəncədə Azərbaycan Ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə AXC-Müsavat qruplaşması arasında silahlı toqquşma baş verib. Qarşıdurma ozamankı hakimiyyət üçün uğursuz oldu. Gəncəyə göndərilmiş qüvvələr sıradan çıxarılmış və hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürüldülər. Nəzərə almaq lazımdır ki, 1993-cü ilin fevralında Əbülfəz Elçibəy 709 saylı hərbi hissənin ləğvi haqqında sərəncam vermişdi. Ancaq bu sərəncamı Surət Hüseynov icra etməkdən imtina etmişdi. Elçibəy 709 saylı hərbi hissənin rəhbərliyinin dəyişdirilməsi və onun Ağcabədi rayonuna köçürülməsi haqqında yeni bir sərəncam vermişdir. S.Hüseynov bu qərarı yerinə yetirməkdən imtina etdi. Bu azmış kimi, onu həbs etmək üçün Bakıdan Gəncəyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşlarını, rəhbər şəxsləri girov götürdü. Baş verən hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırıb və ölkə vətəndaş müharibəsi astanasına gətirilib. S.Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək, Bakıya doğru hərəkət etməyə başlayıblar. Qısa müddətdə heç bir müqavimətə rast gəlmədən S.Hüseynov xaricdəki məkrli qüvvələrin hazırladıqları planı icra etməyə nail oldu. Ölkə anarxiya və xaos girdabında əzilir, xalqın ümidləri alt-üst olurdu. Vəziyyət bir qədər də gərginləşəcəyi təqdirdə, ölkədə vətəndaş müharibəsi qaçılmaz idi. Belə bir vaxtda xalq üzünü Dahi Lider Heydər Əliyevə tutdu. Ulu Öndərimiz vəziyyətin son dərəcə ağır və böhranlı olduğunu anlayırdı. Ona görə də, xalqa kömək üçün qətiyyətli addımlar atmalı oldu.

Dahi Öndərimiz Heydər Əliyev o zaman iyun hadisələri ilə bağlı demişdir: “1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı və o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi və qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək və Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar, belə bir zamanda, əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri və ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər".

Azərbaycanı parçalanmadan xilas edən LİDER

Həyatını Azərbaycan dövlətinin və xalqının taleyi ilə bağlayan Ulu Öndər Heydər Əliyev hakimiyyətə ikinci dəfə qayıdışı ilə dövlətimizi parçalanmalardan xilas etdi. Müstəqil tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində, Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi-siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Nüfuzlu beynəlxalq təşkilatların üzvü olan Azərbaycan həm də, dünyanın aparıcı dövlətləri ilə iqtisadi, siyasi, diplomatik əlaqələr qurdu. Bu baxımdan haqlı olaraq 15 iyun 1993-cü il tarixi Azərbaycan xalqının qızıl bir səhifəsi olaraq qeyd olunur. Ümummilli Lider Heydər Əliyev dəfələrlə qeyd edirdi: “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram və bütün gücümlə çalışacam ki, dövlətim müstəqil, əbədi olsun”. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın sosail-iqtisadi qüdrətinin artmasına təkan oldu. Əfsanə kimi görünən "Əsrin müqaviləsi" Azərbaycana dünya miqyasında böyük və inanmaz siyasi, iqtisadi dividentlər gətirdi. Məhz bundan sonra dünya arenasında Azərbaycanla iki və çoxtərəfli müqavilələrin sayı artdı. Əksər dövlətlər, nüfuzlu maliyyə qurumları ölkəmizlə əməkdaşlığa can atdı. Təbii ehtiyatların xalqa məxsusluğunu sözdə deyil, əməldə göstərilməsinin tərəfdarı olan Ümummilli Lider Heydər Əliyev 1999-cu ilin dekabrında Dövlət Neft Fondunu yaratmaqla əldə olunan gəlirin şəffaf və ədalətli bölünməsini təmin etdi. Bu gün Neft Fondunun aktivlərinin həcmi 50 milyard dollardan artıqdır. 1996-2003-cü illərdə ölkəmizdə bütün makroiqtisadi göstəricilər 2-3 dəfə artdı. Ölkədə 3000 yeni sənaye müəssisəsi yaradıldı. 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına 20 milyard dollar investisiya qoyuldu. Həmin dövrdə ümumi daxili məhsul 22,3 dəfə artdı. Bütün sahələrdə islahatlar geniş miqyas aldı, ölkəmizin beynəlxalq nüfuzu durmadan artmağa başladı.

Qələbələrə doğru atılan müdrik siyasət

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan dövlətinə və xalqına böyük qələbələr gətirdi. Bu gün də xalqımız xoşbəxtdir. Çünki Dahi Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasət ölkə Prezidenti İlham Əliyev tərəfində uğurla davam etdirilir. 2003-cü ildən ölkəmiz sürətlə inkişaf edən iqtisadiyyatı, əlverişli geostrateji mövqeyi, zəngin mədəniyyəti və ənənəvi tolerantlığı ilə bütün dünyanın diqqət mərkəzindədir. Prezident İlham Əliyev xalq və dövlət üçün gördüyü işlərdən məmnun olduğunu dəfələrlə çıxışlarında qeyd edib: "Mənim işim ondan ibarətdir ki, xalqa xidmət etməliyəm. Onu da edirəm və bundan sonra da edəcəyəm. Bütün işlərimdə mən xalqa arxalanıram. Əgər təşəbbüslərimiz xalq tərəfindən dəstəklənməsəydi, bütün bu işləri görmək mümkün olmazdı". Prezident İlham Əliyevin xeyirli, gərəkli fəaliyyətinin kulminasiya nöqtəsi 30 il erməni işğalı altında olmuş torpaqlarımızın 44 günlük Vətən Müharibəsi ilə azad edilməsidir. Məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin Sərkərdəlik məharəti nəticəsində düşmən orduları darmadağın edildi və torpaqlarımız azadlığına qovuşdu. Ötən ilin sentyabrın 19-da başlayan və 23 saat 44 dəqiqə çəkən antiterror əməliyyatları ilə Xankəndi və digər ərazilərdə yuva salan terrorçular məhv edildi. Terrorçuların əsas rəhbərləri isə həbs edilərək istintaq orqanlarına təhvil verildilər. Yaxın günlərdə isə onlar məhkəmə qarşısına çıxarılaraq layiq olduqları cəzanı alacaqlar.

Azərbaycan Respublikasının Prezidenti, Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində üçrəngli Bayrağımızı ucaltdıqdan sonra qalib Azərbaycan xalqına müraciətində demişdir: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək”. Bu gün işğaldan azad edilən ərazilərimizdə böyük quruculuq, təmir, tikinti işləri aparılır. İnsanlar öz doğma yurd-yuvalarına qayıdıb, əvvəlki normal həyatlarını bərpa edirlər. Bu qayıdış hər bir azərbaycanlıda böyük qürur hissi yaradır. Əsaslı olaraq Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə bildirib ki, əldə edilmiş uğurların dünyada bərabəri yoxdur, bu danılmaz aksiomadır: “Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində, biz uğurla inkişaf edirik”.

Təbii ki, görülən və həyata keçirilən möhtəşəm işlər bundan sonra da davam etdiriləcək. Çünki xalqın və dövlətin maraqlarına söykənən Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət bizlərdən məhz yeni-yeni uğurlar və nailiyyətlər qazanmağı tələb edir. Azərbaycan dövləti var olduqca Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət dəyişməyəcək. Azərbaycan dövləti var oduqca Prezident, Fateh Sərkərdə İlham Əliyevin bizlərə Qarabağı qaytarıb, böyük qürur yaşadan hərbi qələbəsi və uğurlu siyasəti ilə qazanılan sosial –iqtisadi nailiyyətləri unudulmayacaq və daim kitablarda, xüsusilə də orta və ali məktəblərin dərsliklərində əks olunacaq, öyrəniləcək və təbliğ ediləcək.

İLHAM ƏLİYEV

Digər xəbərlər