PDF Oxu

Siyasət

  • 1 268

Cənub Qaz Dəhlizi: Azərbaycanın strateji enerji uğuru

image

2026-cı il iyunun 1-də Bakı Ekspo Mərkəzində keçirilən Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş məzmunlu çıxış edərək ölkənin enerji siyasətinin nailiyyətləri, beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfələr və gələcək perspektivlər barədə fikirlərini bölüşmüşdür. Prezident çıxışında vurğulamışdır ki, Azərbaycan bu gün qlobal enerji bazarında etibarlı tərəfdaş kimi tanınır və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Dövlət başçısı qeyd etmişdir ki, Azərbaycanın həyata keçirdiyi uğurlu enerji strategiyası nəticəsində ölkə öz təbii sərvətlərindən səmərəli istifadə etməklə yanaşı, beynəlxalq əməkdaşlıq platformalarının formalaşmasına da töhfə vermişdir. Bu strategiyanın ən mühüm nəticələrindən biri isə Cənub Qaz Dəhlizi layihəsinin uğurla reallaşdırılmasıdır. Prezident İlham Əliyevin sözlərinə görə, hazırda Avropanın enerji təhlükəsizliyini Cənub Qaz Dəhlizi olmadan təsəvvür etmək çətindir.
Çıxışın əsas məqamlarından biri Azərbaycanın təbii qaz ixracının genişlənməsi ilə bağlı olmuşdur. Prezident bildirmişdir ki, ötən il Azərbaycan qazı 12 ölkəyə ixrac edilirdisə, hazırda bu rəqəm 16-ya çatmışdır. Həmin ölkələrin 10-u Avropa İttifaqının üzvüdür. Bu göstərici Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunu və etibarlı enerji təchizatçısı statusunu bir daha təsdiqləyir.
Prezident İlham Əliyev xüsusilə vurğulamışdır ki, bu gün Cənub Qaz Dəhlizi və onun genişləndirilmiş marşrutları vasitəsilə Azərbaycanın qazı 16 ölkəyə çatdırılır. Bu nəticənin əldə olunması üçün uzun illər ərzində çoxsaylı danışıqlar aparılmış, dövlətlərarası sazişlər imzalanmış və geniş beynəlxalq əməkdaşlıq formalaşdırılmışdır. Azərbaycan bu prosesdə təşəbbüskar və aparıcı qüvvə kimi çıxış etmiş, layihələrin maliyyələşdirilməsində və həyata keçirilməsində mühüm rol oynamışdır.
Dövlət başçısı həmçinin qeyd etmişdir ki, Azərbaycanın zəngin qaz ehtiyatları gələcəkdə də ixrac potensialının artırılmasına imkan verəcəkdir. Xüsusilə “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi, “Abşeron” yatağı və digər enerji layihələri ölkənin qaz hasilatını daha da artıracaq və beynəlxalq bazarlara əlavə həcmdə enerji resurslarının çıxarılmasını təmin edəcəkdir. Bu isə Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsini daha da gücləndirəcəkdir.
Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan yalnız enerji resurslarının ixracatçısı deyil, həm də regional əməkdaşlıq və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaşdır. Cənub Qaz Dəhlizi layihəsi ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, Avropa və region ölkələri arasında enerji əməkdaşlığının genişlənməsinə xidmət edir. Bu layihənin uğurlu fəaliyyəti Azərbaycanın strateji əhəmiyyətini daha da yüksəldir və ölkəmizi qlobal enerji xəritəsində vacib mövqeyə malik dövlət kimi təqdim edir.
Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışı Azərbaycanın enerji siyasətinin uğurlarını, Cənub Qaz Dəhlizinin beynəlxalq əhəmiyyətini və ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rolu bir daha nümayiş etdirmişdir. Azərbaycanın qazının artıq 16 ölkəyə çatdırılması ölkənin enerji diplomatiyasının və strateji baxışının uğurlu nəticəsidir.

Selcan Nağdəliyeva
YAP Kəngərli rayon təşkilatının fəalı

Digər xəbərlər