1993-cü ilin 9 iyun tarixi Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin xilası günü olaraq tariximizdə yer alıb. Həmin tarixi gündə Ümummilli Lider Heydər Əliyev xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya qayıdıb, müstəqilliyimizi və dövlətçiliyimizi xilas edib. Həmin gün ölkəmizin taleyində mühüm tarixi hadisə olaraq yer alıb və Qurtuluşa doğru mühüm addım atılıb. O addım suverenliyin, sabitliyin və sosial-iqtisadi inkişafın təməli olmaqla, Azərbaycanın gələcək inkişaf perspektivlərini müəyyənləşdirib, xalqımızı nicat yoluna çıxarıb. Bu gün əgər Azərbaycanın uğurlu inkişafından, Zəfər tariximizdən söz açırıqsa, unutmamalıyıq ki, həmin tarixi dövrün mürəkkəb, ziddiyyətli məqamları Azərbaycanı yox olmaq təhlükəsi ilə üz-üzə qoymuşdur. Bu günün real mənzərəsi – Azərbaycanın beynəlxalq miqyasda etibarlı tərəfdaş, demokratik ölkə kimi tanınması, dinamik inkişafımız, öz sözünü gücü ilə deyən müzəffər ordumuz, ümumilikdə ölkəmizin keçdiyi uğurlu inkişaf yolu məhz Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətinin məntiqi nəticəsidir. Azərbaycanın müstəqil dövlət kimi təbii sərvətlərinə sahib çıxması, milli mənafeyini, iqtisadi və strateji maraqlarını müdafiə etmək gücünə malik olması, məhz Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətindən qaynaqlanıb. Bütün həyatını Azərbaycanın və xalqın taleyi ilə bağlayan Ulu Öndər Heydər Əliyev müstəqil dövlətimizin tarixini yaradıb. Azərbaycanı, Azərbaycan xalqını böyük bəladan, dəhşətli fəlakətdən Ulu Öndər Heydər Əliyev fenomeni, cəsarəti və müdrikliyi qoruyub-saxlayıb. Ulu Öndər Heydər Əliyevin fəaliyyəti, iradəsi və xalqa arxalanması, xalqın da öz Müdrik Liderinə güvənməsi və geniş xalq məhəbbəti vəhdətdə birləşdiyindən, Azərbaycan dövlətçiliyi məhvolma təhlükəsindən xilas oldu. Xalqımızı nicata aparan yol 1993-cü ilin 9 iyun tarixində başlanmışdır. Həmin gün Ulu Öndər Heydər Əliyev Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpa edilməsi və milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində çox mühüm bir addım atmışdı. Məlumdur ki, 1990-cı ilin Qanlı 20 Yanvar hadisələrindən sonra Ulu Öndər Heydər Əliyevin Moskvadan Azərbaycana qayıtması, Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan Ali Məclisinə deputat seçilməsi, artıq bu mübarizə alovunu gücləndirdi və Müdrik Siyasətçinin uzaqgörən siyasəti xalqın buxovlanmış arzularının yolunda ümid çırağı yandırmış oldu. Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin iclasında Muxtar Respublikanın adından "sovet sosialist" sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağının dövlət bayrağı kimi qəbul edilməsi və bu barədə Azərbaycan Parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırılması haqqında tarixi qərarlar qəbul edildi. Naxçıvanda həyata keçirilən demokratik tədbirlər bütün Azərbaycana nümunə oldu. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyası demokratik qüvvələrin tələbi ilə bir sıra tarixi qərarlar qəbul edildi. Dövlətin adı dəyişdirilərək "Azərbaycan Respublikası" adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu. 1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan KP-nin fəaliyyəti dayandırıldı və onun bütün strukturları ləğv edildi.
"1993-CÜ İLİN İYUN AYINDA AZƏRBAYCANDA BÖYÜK DÖVLƏT BÖHRANI YARANDI"
Ali Sovetin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyası 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul etdi. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin Sessiyasında tarixi sənəd qəbul edildi. Amma Azərbaycan müstəqillik əldə etmiş olsa da, ölkədə hökm sürən ictimai-siysi proseslər ölkəni məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. O dövrdə siyasi hakimiyyətdə olanların səriştəsizliyi üzündən vətəndaş müharibəsinə rəvac verildi, milli dövlətçiliyimiz ikinci dəfə məhv olmağın bir addımlığına gətirildi. Belə bir zamanda, xalq milli dövlətçiliyi qorumaq və vətəndaş müharibəsinin ağır fəsadlarından qurtulmaq üçün Ümummilli Lider Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Ulu Öndər o dövrün Azərbaycanını belə xarakterizə edirdi: "1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycan ərazisinin, demək olar ki, yarıdan çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər".
Xatırladaq ki, 1993-cü il iyunun 4-də Gəncədə başlayan qanlı hadisələr Azərbaycanı milli istiqlaldan məhrum olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. AXC-Müsavat iqtidarı bu addımın qarşısını almaq üçün heç bir iş görmək gücündə deyildi. Şəxsi maraqların ictimai maraqlardan üstün tutulması, xəyanətə yol verilməsi, dövlətçiliyimizi təhlükə qarşısında qoyan addımların atılması məhz belə bir situasiyanın yaranmasına səbəb olmuşdur.
Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Ulu Öndərin bu qayıdışı Vətənin xilası və xalqın qurtuluşu idi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Ümummilli Lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycanın siyasi hakimiyyətinə gəlməsəydi, indi nə Azərbaycandan, nə də ölkəmizdəki bugünkü əmin-amanlıqdan və inkişafdan danışmaq olmazdı.
"AZƏRBAYCAN XALQI AZADLIĞINI ƏLDƏ ETMİŞ XALQ KİMİ YAŞAYACAQ"
Sonrakı hadisələr daha müsbət məcralara yönəldi, ölkədə nisbətən sabitlik yarandı və oktyabrın 3-də Ulu Öndər Heydər Əliyev xalqımızın böyük əksəriyyəti tərəfindən ölkə Prezidenti seçildi. 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı ilə Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev Özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. "Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz",- deyirdi Ulu Öndər Heydər Əliyev. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi və yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi-siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Ümummilli Lider Heydər Əliyev "Müstəqilliyin qoruması onu əldə etməkdən qat-qat çətindir" məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Müstəqilliyin əvəzsiz nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi: "Azərbaycan xalqı azadlığını əldə etmiş xalq kimi yaşayacaq, öz müstəqil dövlətini qoruyacaq, saxlayacaq və müstəqil Azərbaycan Respublikası əbədi yaşayacaqdır", - deyən Dahi Öndər Heydər Əliyevin müəllifi olduğu 1994-cü ilin 20 sentyabrında nəhəng neft müqaviləsi - "Əsrin müqaviləsi" imzalandı. Ölkənin sənaye ölkəsinə çevrilməsində, hərbi potensialının güclənməsində, kadr potensialının hazırlanmasında və s. proseslərdə uğurlar müşayiət olundu və bütün sahələrdə dönüş yarandı. Böyük Şəxsiyyət Heydər Əliyevin siyasi kursu nəticəsində, Azərbaycanın dünyaya inteqrasiya olunmasına töhfələrini verdi. 1993-cü ildən başlayaraq, dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Bir sözlə, əgər müstəqillik Azərbaycanın suveren dövlət kimi mövcud olması, tarixi zərurətdən irəli gələn hadisə idisə, Azərbaycanın müstəqilliyi əbədiliyi və dönməzliyi Ümummilli Lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan müasir tariximizin danılmaz faktıdır.
AZƏRBAYCANDA MÜSTƏQİL DÖVLƏTÇİLİK ƏNƏNƏLƏRİ FORMALAŞDIRILDI
Böyük Qayıdışın möhtəşəm nəticələri təkcə Azərbaycanın dövlət müstəqilliyinin əbədiləşdirilməsi, ölkəmizin parçalanmasının qarşısının alınması və vətəndaş müharibəsinin dayandırılması ilə ifadə edilmir. Bu gün Azərbaycan regionun, Avropanın və ümumilikdə, dünya ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi əhəmiyyət kəsb edən bir ölkəyə çevrilmişdir. Beynəlxalq təşkilatlar regiondakı bütün layihələrdə Bakının mövqeyini nəzərə alırlar. Ölkəmiz sosial-iqtisadi inkişafın tempinə görə dünya dövlətləri arasında liderlər sırasındadır.
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə yenidən qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələr məkanında nəzərəçarpan dönüş yarandı. Elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil siyasi inkişaf dövlətimizin möhkəmləndirilməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı.
Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində Ümummilli Lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinə sadiq qalaraq, müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Azərbaycanın uğurlu inkişafı təmin edilib və qarşıda duran bütün əsas vəzifələr uğurla icra edilib. Bunun təməlində düşünülmüş siyasət, həyata keçirilən islahatlar və dövlət proqramları dayanır.
AZƏRBAYCANI ZƏFƏRƏ, QƏLƏBƏYƏ APARAN YOL
Son illər ölkəmizin iqtisadi qüdrətinin artması milli ordumuzun möhkəmlənməsinə də geniş imkan yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılıb. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olması ilə nəticələndi. Mükəmməl texnologiyamız, döyüş ruhumuzun yüksəkliyi, xalq-iqtidar birliyi, həmrəylik Azərbaycanın qalib dövlət kimi adını tarixə yazdı. Tarixi qələbənin qazanılmasında Ali Baş Komandan, Müzəffər Azərbaycan Ordusudur. 44 gün davam edən Vətən müharibəsində qəhrəmanlıq göstərən vətən oğulların şücaəti, mücadiləsi milyonlarla insanlara qələbə sevincini yaşatdı. Prezident İlham Əliyevin özünün də dediyi kimi, O, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu tarixi gündə gənclərimiz vətənpərvərlik nümayiş etdirdilər. "Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib", - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib. Onu da qeyd edib ki, bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Xalq-iqtidar birliyi Azərbaycanı ZƏFƏRƏ, QƏLƏBƏYƏ apardı. Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyev müzəffər ordumuzun qələbəsi ilə Azərbaycan tarixinə silinməz tarixi izlər həkk etdi, Zəfər tarixini əbədi olaraq tariximizin parlaq səhifəsiniə həkk etdi.
Zümrüd BAYRAMOVA