İyunun 8-də Samux rayonunun Heydər Əliyev Mərkəzində Samux rayon İcra Hakimiyyətinin, YAP Samux rayon təşkilatının və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” Azərbaycanın inkişaf yolunda yeni keyfiyyət mərhələsinin başlanğıcıdır” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açıq elan edən Samux rayon İcra Hakimiyyəti Başçısının müavini-ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova bildirib ki, ölkəmizdə həyata keçirilən genişmiqyaslı şəhərsalma və quruculuq siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub. Qeyd olunub ki, şəhərsalma sahəsində həyata keçirilən layihələr müasir infrastrukturun formalaşdırılmasına, yaşayış məntəqələrinin simasının yenilənməsinə və vətəndaşların rifahının yüksəldilməsinə mühüm töhfə verir.
Sonra çıxış edən YAP Samux rayon təşkilatının sədr müavini Sevinc Xəlilova vurğulayıb ki, “Şəhərsalma və Memarlıq İli”nin elan olunması ölkəmizdə davamlı inkişafın, müasir şəhər idarəçiliyinin və milli memarlıq ənənələrinin qorunaraq gələcək nəsillərə ötürülməsinin bariz nümunəsidir. Bildirilib ki, Azərbaycanın bütün bölgələrində aparılan abadlıq və quruculuq işləri dövlətimizin qüdrətini, xalqımızın rifahına göstərilən diqqət və qayğını əks etdirir.
Daha sonra Heydər Əliyev Mərkəzinin direktor müavini Raziyə Qasımova çıxış edərək bildirib ki, müasir Azərbaycan şəhərlərinin formalaşmasında milli memarlıq irsinin qorunması ilə innovativ yanaşmaların vəhdəti əsas prioritetlərdən biridir. O qeyd edib ki, ölkəmizdə həyata keçirilən memarlıq və şəhərsalma layihələri yalnız infrastrukturun yenilənməsinə deyil, həm də mədəni irsin yaşadılmasına, şəhərlərin estetik görünüşünün yaxşılaşdırılmasına və gələcək nəsillər üçün daha rahat yaşayış mühitinin yaradılmasına xidmət edir.