Hər bir xalqın tarixi onun milli kimliyinin, dövlətçilik iradəsinin və sarsılmaz ruhunun sınaq meydanıdır. Azərbaycan xalqı əsrlər boyu dövlətçilik ənənələrini göz bəbəyi kimi qorumuş, hər bir tarixi sınaqdan alnıaçıq, üzüağ çıxaraq öz müstəqillik ideallarına sadiq qalmışdır. Bu gün fəxrlə qeyd etdiyimiz 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü, məhz bu milli gücün, sarsılmaz iradəmizin və Azərbaycan Türkünün qanında daşıdığı qəhrəmanlıq geninin, rəşadətin ən ali təntənəsidir.
Dövlət quruculuğumuzun və milli təhlükəsizliyimizin əsas zəmanəti güclü, nizam-intizamlı və modern bir ordunun mövcudluğudur. Əsası 1918-ci ildə Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulan, lakin Ümummilli Liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti, hərbi təhsil islahatları və müdrik strateji addımları ilə yenidən formalaşaraq polad təməllər üzərində qurulan ordumuz, bu gün nəinki regionun, dünyanın ən qüdrətli və döyüş qabiliyyətli hərbi qüvvələrindən birinə çevrilmişdir. Bu tarixi inkişaf və sarsılmaz güc təsadüfi deyildir; bu, dövlətimizin düşünülmüş, qətiyyətli, müstəqil və sırf milli maraqlara söykənən daxili və xarici siyasətinin məntiqi nəticəsidir.
Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi altında son iyirmi ildə həyata keçirilən sistemli strateji islahatlar, ordumuzun ən müasir hərbi-texnoloji nailiyyətlərlə modernləşdirilməsi və yerli hərbi sənayemizin gücləndirilməsi Azərbaycanı qlobal miqyasda söz sahibi olan bir dövlətə çevirdi. Xüsusilə Vətən müharibəsindən sonra yaradılan və ən çətin relyeflərdə belə düşmənə göz açdırmayan "Komando" briqadaları ordumuzun hərbi doktrinasını tamamilə yeni mərhələyə daşımışdır.
Cənab Prezidentimizin həm diplomatik masada nümayiş etdirdiyi dəmir iradə, həm də informasiya müharibəsində xalqımızın haqq səsini dünyaya çatdıran sarsılmaz qətiyyəti, sərkərdəlik məharəti ilə birləşərək xalq-ordu-rəhbər birliyini "Dəmir Yumruq" halında təsbit etdi. Məhz bu monolit birlik bizə tariximizin ən böyük zəfərlərini yaşatdı. 44 günlük Vətən Müharibəsi və cəmi 23 saat ərzində uğurla tamamlanan lokal antiterror tədbirləri dövlətimizin başçısının strateji zəkası sayəsində dünya hərb tarixinə qızıl hərflərlə yazılan şanlı bir hərbi salnamə oldu.
Azərbaycan Türkünün döyüşkən ruhu, sarsılmaz vətən sevgisi və əyilməz qəddi bu müqəddəs mübarizədə bütün dünyaya bir daha nümayiş etdirildi. Biz Şah İsmayıl Xətainin sərkərdəlik ruhu, Cavad xanın rəşadəti, Mübarizlərin və fədakar şəhidlərimizin qəhrəmanlıq dastanları ilə böyüyən, torpağının hər qarışını canından əziz bilən ulu bir millətin övladlarıyıq. Səngərdə aslan kimi çarpışan əsgərimizin fədakarlığı, Azərbaycan Türkünün tarixi ədaləti bərpa etmək qüdrətinin və heç bir xarici təzyiqə, heç bir qüvvəyə baş əyməyəcəyinin əbədi rəmzidir. Şuşada, Xankəndidə, Xocalıda, Laçında və azad edilmiş bütün tarixi torpaqlarımızda vüqarla dalğalanan üçrəngli müqəddəs bayrağımız bu gücün şahididir.
Bu böyük Zəfər, eyni zamanda, bütün Türk dünyasının birliyinin, qardaşlığının və sarsılmaz gücünün əyani sübutudur. Şuşa Bəyannaməsi ilə müttəfiqlik zirvəsinə ucalan Azərbaycan-Türkiyə qardaşlığı və Türk Dövlətləri Təşkilatı çərçivəsində dərinləşən inteqrasiya prosesləri göstərir ki, Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi bu tarixi qələbə Türk dünyasını geosiyasi məkanda yenidən birləşdirmiş və gələcək Türk birliyinin sarsılmaz təməl daşına çevrilmişdir.
Bu gün artıq başıuca, müzəffər və qalib bir xalq olaraq hər birimizin, xüsusən də biz gənclərin üzərinə düşən ən böyük vətəndaşlıq borcu Ali Baş Komandanımızın ətrafında polad bir yumruq kimi sıx birləşməkdir. Qazandığımız bu tarixi və möhtəşəm qələbələri göz bəbəyimiz kimi qorumalı, dövlətimizin qüdrətini rəqəmsal innovasiyalarda, elmdə, təhsildə, ideoloji cəbhədə və azad olunmuş torpaqlarımızın böyük quruculuq işlərində daha da ucaltmalıyıq. Biz, ulu əcdadlarımızın tarixi yurdu olan Qərbi Azərbaycana qayıdış məfkurəsini də məhz bu intellektual və milli güclə reallığa çevirəcəyik. Biz, Azərbaycan xalqı və onun ön sıralarında addımlayan gəncliyi olaraq güclü dövlətimizlə, rəşadətli ordumuzla və qətiyyətli rəhbərimizlə sonsuz dərəcədə fəxr edirik!
Bu müqəddəs bayram günündə, canlarını Vətən və dövlət naminə fəda etmiş əziz şəhidlərimizi dərin rəhmət və ehtiramla yad edir, qazilərimizə uca Tanrıdan şəfalar diləyirəm. Sərhədlərimizin keşiyində mərdliklə dayanan, xalqımıza qələbə sevinci və milli qürur bəxş edən şanlı, rəşadətli Azərbaycan Ordusunun hər bir üzvünü ürəkdən təbrik edirəm!
Dövlətimiz uca, ordumuz müzəffər, birliyimiz əbədi olsun! Silahlı Qüvvələr Günümüz mübarək!
Elgün Rüstəmli
YAP Yasamal rayon təşkilatının gənc fəalı