Hər il 26 iyun tarixində Azərbaycan Respublikasında Silahlı Qüvvələr Günü qeyd olunur. Bu əlamətdar gün Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissələrin yaradılması ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmana əsasən, 26 İyun ölkəmizdə Silahlı Qüvvələr Günü kimi təsis edilmişdir. Bu gün Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yoluna nəzər salmaq, onun gücünü və əldə etdiyi nailiyyətləri dəyərləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır.
Respublikamızın hər bir guşəsində 26 İyun Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.Bütün sahələrdə olduğu kimi ordumuzun günü-gündən möhkəmlənməsi istiqamətində də Müzəffər Ali Baş Komandamız, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ümummilli liderimiz Heydər Əliyevin siyasəti uğurla davam etdirilir.
Son illərdə Azərbaycan Ordusunda həyata keçirilən islahatlar, müasir texnologiyaların tətbiqi və peşəkar kadr hazırlığı Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin daha da artırılmasına xidmət etmişdir. Bu istiqamətdə atılan ən mühüm addımlardan biri Komando Qüvvələrinin yaradılması olmuşdur. Müasir müharibələrin tələbləri göstərir ki, çevik, yüksək hazırlıqlı və xüsusi təyinatlı bölmələr ordunun uğurlarında mühüm rol oynayır. Azərbaycan Komando Qüvvələri də məhz bu məqsədlə formalaşdırılmışdır.
Komando bölmələri dağlıq və mürəkkəb ərazilərdə döyüş aparmaq, xüsusi əməliyyatlar həyata keçirmək, sürətli manevr etmək və qarşıya qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirmək qabiliyyətinə malikdir. Bu qüvvələrin şəxsi heyəti ciddi fiziki və mənəvi hazırlıq keçir, müasir silah və texnikadan istifadə bacarıqlarına yiyələnir. Komandoların peşəkarlığı və yüksək hazırlıq səviyyəsi ordunun ümumi döyüş gücünün artırılmasında mühüm rol oynayır.
Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər göstərdi ki, peşəkar və müasir ordu dövlətin təhlükəsizliyinin əsas təminatçısıdır. Müharibədən sonra aparılan hərbi islahatlar çərçivəsində Komando Qüvvələrinin yaradılması və yeni hərbi hissələrin fəaliyyətə başlaması Silahlı Qüvvələrin imkanlarını daha da genişləndirmişdir. Bu qüvvələr ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsinə, sərhədlərimizin etibarlı qorunmasına və hərbi təhlükələrə operativ cavab verilməsinə xidmət edir.
Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından biri hesab olunur. Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, hərbi qulluqçuların sosial təminatının yaxşılaşdırılması və peşəkar hazırlığın yüksəldilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Komando Qüvvələrinin inkişafı isə bu siyasətin mühüm tərkib hissəsi kimi çıxış edir.
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun bütün şəxsi heyətini təbrik edir, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik. Güclü Azərbaycan Ordusu, o cümlədən yüksək hazırlıqlı Komando Qüvvələri bundan sonra da dövlətimizin təhlükəsizliyinin və xalqımızın əmin-amanlığının etibarlı təminatçısı olacaqdır.
Məhərrəm Hacıyev
YAP Kəngərli rayon təşkilatının fəalı