Müstəqil dövlətin mövcudluğunu və təhlükəsizliyini təmin edən əsas amillərdən biri güclü ordudur. Tarix göstərir ki, etibarlı müdafiə sistemi və peşəkar silahlı qüvvələri olmayan dövlətlərin müstəqilliyi ciddi təhlükələrlə üzləşə bilər. Azərbaycan da müstəqilliyinin ilk illərində belə bir reallıqla qarşılaşmış, dövlətçiliyimizin taleyi ağır sınaqlardan keçmişdir. Məhz belə mürəkkəb bir dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkəni parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas etməklə yanaşı, milli ordu quruculuğunun da əsasını qoydu.
1990-cı illərin əvvəllərində Azərbaycanda vahid komandanlığa malik nizami ordu mövcud deyildi. Müxtəlif silahlı qrupların fəaliyyət göstərdiyi, hərbi hissələrin mərkəzləşdirilmiş idarəetmədən kənarda qaldığı şəraitdə dövlətin müdafiə qabiliyyətini təmin etmək son dərəcə çətin idi. Ermənistanın hərbi təcavüzü fonunda ölkədə hökm sürən siyasi böhran vəziyyəti daha da ağırlaşdırırdı. Bu şəraitdə ordu quruculuğu dövlətin qarşısında duran ən mühüm vəzifələrdən birinə çevrilmişdi.
1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ilk növbədə ölkədə siyasi sabitliyi təmin etdi, dövlət institutlarını möhkəmləndirdi və nizami ordu quruculuğuna başladı. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində silahlı qüvvələrin vahid komandanlıq əsasında fəaliyyət göstərməsi təmin edildi, hərbi intizam gücləndirildi, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı.
Ulu Öndər Heydər Əliyev ordunun dövlətçilik üçün əhəmiyyətini yüksək qiymətləndirərək bildirirdi: “Etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz”. Bu fikir əslində müstəqil Azərbaycan dövlətinin hərbi təhlükəsizlik strategiyasının mahiyyətini ifadə edirdi. Dövlət müstəqilliyinin qorunması ilə güclü ordu arasında ayrılmaz əlaqə məhz Heydər Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri oldu.
Milli ordu quruculuğunun institusional əsaslarının yaradılması da Ulu Öndərin adı ilə bağlıdır. Hərbi təhsil sisteminin inkişaf etdirilməsi, peşəkar zabit korpusunun formalaşdırılması, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən tədbirlər Azərbaycan Silahlı Qüvvələrinin gələcək inkişafı üçün möhkəm təməl yaratdı. Ordunun cəmiyyətlə əlaqələrinin gücləndirilməsi, xalq–ordu birliyinin möhkəmləndirilməsi də bu siyasətin mühüm tərkib hissəsi idi.
Heydər Əliyev dəfələrlə vurğulayırdı ki, “Müstəqillik dövründə qazandığımız ən mühüm nailiyyətlərdən biri milli ordumuzun yaradılması olmuşdur”. Bu fikir təsadüfi deyildi. Çünki müstəqilliyin ilk illərində dağınıq vəziyyətdə olan silahlı qüvvələrin qısa müddət ərzində nizami orduya çevrilməsi Azərbaycan dövlətçiliyinin qorunmasında mühüm rol oynadı. Məhz həmin dövrdə yaradılan əsaslar sonrakı illərdə Azərbaycan Ordusunun sürətli inkişafına imkan verdi.
Ulu Öndərin müəyyən etdiyi ordu quruculuğu strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Ordunun maddi-texniki bazasının gücləndirilməsi, müasir silah və texnikalarla təchiz olunması, beynəlxalq standartlara uyğun hərbi idarəetmə sisteminin formalaşdırılması nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrildi. 2020-ci ildə əldə olunan tarixi Zəfər də məhz Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi ordu quruculuğu siyasətinin məntiqi nəticəsi oldu.
Bu gün Azərbaycan Ordusunun qazandığı uğurlar, beynəlxalq nüfuzu və yüksək döyüş qabiliyyəti Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin təntənəsi kimi dəyərləndirilir. Dövlətçiliyimizin xilası ilə milli ordunun formalaşdırılması prosesi bir-birindən ayrılmaz anlayışlar olaraq tariximizdə öz yerini tutub.
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Ulu Öndər Heydər Əliyevin milli ordu quruculuğu sahəsindəki misilsiz xidmətlərini bir daha ehtiramla yad edir, onun müəyyən etdiyi strateji kursun Azərbaycan dövlətinin güclənməsinə və Ordumuzun yeni uğurlar qazanmasına xidmət etdiyini qürur hissi ilə qeyd edirik.
Namiq Məmmədov,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Xıllı qəsəbə İƏD üzrə nümayəndə