PDF Oxu

Siyasət

  • 1 433

Gəncədə şəhid övladları üçün “Yay məktəbi” həyata keçirilir - FOTOLAR

image

Artıq üçüncü ildir ki, Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə şəhid övladları üçün “Yay məktəbi” həyata keçirilir.

Bu il həyata keçirilən “Yay məktəbi”nin ilk günunə şəhid övladları Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, şəhid Mirhüseyn Seyidzadənin atası Miryunis Seyidzadə, Gəncə şəhər Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov və partiya fəalları ilə birlikdə şəhər Şəhidlər xiyabanına ziyarətlə başlayıblar. Azərbaycanın müstəqilliyi, suverenliyi və azadlığı uğrunda şəhid olanların əziz xatirəsini ehtiramla yad edən tədbir iştirakçıları “Əbədi məşəl” abidəsinin önünə gül-çiçək dəstələri düzüblər.

Daha sonra xalqımızın yaddaşında silinməz iz qoymuş hadisələrin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayan tarixi məkanlardan olan - Gəncə Memorial Kompleksinə ziyarət təşkil olunub. Tədbir iştirakçıları Memorial Kompleksin önünə gül dəstələri düzərək şəhidlərin xatirəsinə hörmətlərini ifadə ediblər. Şəhid övladlarına Ermənistan silahlı qüvvələrinin 2020-ci ilin oktyabr ayında Gəncə şəhərinə raket hücumları nəticəsində dinc əhali arasında törətdiyi ağır faciələr barədə ətraflı məlumat verilərək bildirilib ki, Gəncə Memorial Kompleksi həmin hücumlar nəticəsində həlak olmuş günahsız insanların xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılıb.

Qəhrəman şəhidlərimizin övladları Kompleksin tərkibində fəaliyyət göstərən muzeyi ziyarət edib, muzeyin “XX əsrin əvvəli”, “Deportasiya və məcburi köçkünlük”, “Soyqırımı və kütləvi qırğınlar”, “Atəşkəs və Vətən müharibəsi dövrü”, “İtkin düşənlər, kütləvi məzarlıqlar, mina terroru” və “İşıqlı gələcəyə doğru” mövzularına həsr olunmuş ekspozisiya zalları ilə tanış olublar.

YAP Gəncə şəhər təşkilatının qərargahında davam edən tədbirdə şəhid övladları “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin regional filialının əməkdaşları tərəfindən aparılan psixoloji və maarifləndirici təlimlərdə iştirak ediblər,

Beş gün davam edən “Yay məktəbi” proqramı çərçivəsində şəhid övladları üçün

müxtəlif mövzularda təlimlər, maarifləndirici seminarlar, intellektual oyunlar keçiriləcək. Uşaqlar Gəncənin tarixi abidələrini, muzeylərinı ziyarət edəcək, CineMastercard kinoteatrlar şəbəkəsinin Gəncə filialının, Gəncə MALL ticarət və istirahət mərkəzinin, Gəncland ailəvi istirahət və əyləncə Kompleksinin onlar üçün təşkil etdiyi müxtəlif əyləncə proqramlarlardan yararlanacaqlar.

Qeyd edək ki, “Yay məktəbi” uşaqların asudə vaxtını səmərəli təşkil etməklə yanaşı, onların fərdi inkişafında, liderlik bacarıqlarının formalaşdırılmasında, yaradıcılıq potensialının üzə çıxarılmasında, psixoloji dayanıqlığının artırılmasında müsbət rol oynayacaq, xoş təəssüratlarla yadda qalacaq.

Digər xəbərlər