Lerik rayonunda xalqın özünəməxsus nəcib keyfiyyətlərini, zəngin mənəvi aləmini parlaq şəxsiyyətində, əməllərində təcəssüm edib kamillik zirvəsinə ucalan nurlu insanlardan bir də Elman Abbasovdur. Tanrının bəxş etdiyi ömür payının 70 ilinə qədəm qoyan Elman Abbasov həyatının mənasını nəcib, xeyirxah əməllərdə tapıb və rayonun tərəqqisinə əvəzsiz töhfələr verib. Nəticədə el-obanın sevimlisinə çevrilib, bütövlükdə cəmiyyətin rəğbətini qazanıb. Həmçinin Elman Abbasov Yeni Azərbaycan Partiyasının fəal üzvü kimi leriklilərin döyünən qəlbi, düşünən beyni olmaqla Ulu Öndər Heydər Əliyevin ideyalarını əsas tutaraq cəmiyyətin mütərəqqi ruhda inkişafına, insanları saf məram və məqsədlər ətrafında səfərbər edilməsinə çalışıb. İndinin özündə də fəaliyyəti nümunədir.
Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının qərargahında partiyanın uzunillik üzvü Elman Məmmədxan oğlu Abbasovun anadan olmasının 70 illik yubileyi münasibətilə görüş keçirilib. Təşkilatın sədri Malik Mirzəyev çıxış edərək uzun illər ərzində onun partiyanın sıralarında göstərdiyi səmərəli fəaliyyətinə, dövlətçiliyə, eləcə partiyanın prinsiplərinə sədaqətinə yüksək dəyər verib. Natiq onu da bildirib ki, Elman Abbasov həm ictimai-siyasi fəaliyyəti, həm də Lerik rayonunda maliyyə sahəsində uzunmüddətli və məsuliyyətli əməyi ilə hər zaman nümunə olub.
Digər çıxışlarda da Elman Abbasovun uzun illər ərzində Yeni Azərbaycan Partiyasının sıralarında göstərdiyi yüksək ictimai fəaliyyəti və Lerik rayonunda maliyyə sektorunda səmərəli əməyi haqqında səmimiyyətlə söz açılıb, peşəkarlığı, məsuliyyəti və zəngin həyat təcrübəsi xüsusi olaraq vurğulanıb, ona yubiley münasibətilə səmimi təbrik və xoş arzular çatdırılıb.
Yubilyar Elman Abbasov ona göstərilən diqqət və ehtirama, ünvanına deyilən xoş sözlərə, səmimi təbrik və xoş arzulara görə Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının rəhbərliyinə və tədbir iştirakçılarına dərin minnətdarlığını bildirib.
Tədbirin sonunda Elman Abbasova Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına və 70 illik yubileyi münasibətilə YAP Lerik rayon təşkilatı tərəfindən Fəxri Fərman və xatirə hədiyyəsi təqdim olunub.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü