Lerik Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin icrası ilə bağlı tədbir keçirilib.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
Prezidentin müvafiq sərəncamından irəli gələn vəzifələrin vaxtında və keyfiyyətlə icra edilməsinin əhəmiyyətindən danışan rayon icra hakimiyyətinin başçısı onu da bildirib ki, ölkədə aqrar sahənin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlət Proqramından irəli gələn tapşırıqların rayon səviyyəsində ardıcıl və səmərəli icrası bu günün ən aktual məsələsidir.
Natiq, həmçinin öz çıxışında kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılması, torpaq və su ehtiyatlarından səmərəli istifadə, fermerlərin dövlət dəstəyi mexanizmlərindən daha geniş yararlanması istiqamətində qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Lerik Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Cəhani Nüsrətzadə rayonda kənd təsərrüfatının mövcud vəziyyəti, aqrar sahədə həyata keçirilən dövlət dəstəyi tədbirləri, istehsalın artırılması və fermerlərin maarifləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib, Rayon Statistika İdarəsinin rəisi Ramin Şahıyev isə kənd təsərrüfatı sahəsi üzrə statistik göstəricilər, istehsal dinamikası və inkişaf meylləri haqqında təqdimatla çıxış edib.
Tədbirdə mövzu ətrafında fikir mübadiləsi aparılıb, Dövlət Proqramından irəli gələn vəzifələrin icrası ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü