Dağlar diyarı Lerik rayon Heydər Əliyev Mərkəzində rayon ictimaiyyətinin nümayəndələrin, ziyalılar və gənclərin iştirak ilə “Azərbaycançılıq: tarixdən müasirliyə” layihəsi çərçivəsində tədbir baş tutub.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Lerik Rayon İcra Hakimiyyətinin və Lerik rayon Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi sayəsində “Dialoq və İnkişaf Naminə” İctimai Birliyi (DİNİB) tərəfindən həyata keçirilən
tədbirdə Dövlət Himni oxunub, ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən Vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Ardınca “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin sədri və “Azərbaycançılıq: tarixdən müasirliyə” layihə rəhbəri Çingiz Bayramov çıxış edib:- Azərbaycançılıq ideologiyası Ulu Öndər Heydər Əliyev tərəfindən sistemləşdirilən ən mühüm siyasi-mənəvi irslərdən biridir və müstəqil Azərbaycan dövlətinin ideoloji əsasını təşkil edir. Bu ideya xalqımızın milli birliyini, dövlətçilik ənənələrini və milli-mənəvi dəyərlərini qorumaqla yanaşı, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayır. Hazırda dövlət başçısı İlham Əliyev tərəfindən azərbaycançılıq məfkurəsi müasir dövrün çağırışlarına uyğun olaraq daha da inkişaf etdirilir.
Lerik Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Hüseyn Hüseynov tədbir iştirakçılarını salamlayıb və bildirib ki, rayon gənclərinin və ictimaiyyətinin maarifləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği baxımından bu qəbildən olan tədbirlərin rayonda davamlı olaraq təşkili böyük önəm daşıyır.
Məruzəsində qloballaşma şəraitində milli kimliyin qorunmasının vacibliyinə toxunan Lerik rayon Heydər Əliyev Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Bahar Mürsəliyeva onu da vurğulayıb ki, XIX əsrin sonu - XX əsrin əvvəllərində təşəkkül tapan azərbaycançılıq ideologiyası bir əsrdən artıq təkamül yolu keçərək, Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri sayəsində rəsmi dövlət siyasətinə, eləcə dünya azərbaycanlılarını birləşdirən universal məfkurəyə çevrilib.
“Azərbaycançılıq müasir dövrdə dövlətimizin inkişaf strategiyasının ayrılmaz tərkib hissəsinə çevrilib. Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında Azərbaycanın suverenliyi tam bərpa olunub, Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri aparılır və ölkəmizin beynəlxalq nüfuzu daha da möhkəmlənir. Azərbaycançılıq ideologiyası bu gün hər bir vətəndaşı dövlətimizin milli maraqları ətrafında birləşdirən ən güclü mənəvi dayaqlardan biridir”- deyən İctimai Birliyin İdarə Heyətinin üzvü Anar Əsədov, həmçinin gəncləri Ulu Öndər Heydər Əliyevin siyasi irsinə və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlətçilik siyasətinə sadiq qalmağa, milli-mənəvi dəyərləri qorumağa və Azərbaycanın gələcək inkişafına töhfə verməyə çağırıb.
Bakı Dövlət Universitetinin tələbəsi Hüseyn Hüseynli çıxışında isə azərbaycançılıq məfkurəsinin tarixi köklərdən danışıb, Azərbaycan torpaqlarının parçalanması ilə nəticələnən Gülüstan və Türkmənçay müqavilələrindən sonra xalqımızın milli özünüdərk prosesinin yeni mərhələyə qədəm qoyduğunu dilə gətirib
Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıları daha çox düşündürən suallara ətraflı cavab verilib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü