Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı tərəfindən Ümumilli lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinə həsr olunmuş “Milli dirçəlişdən Zəfərə uzanan yol” mövzusunda tədbir keçirilib.
14 iyul 2026-cı il tarixində YAP Sabunçu rayon təşkilatı və Maştağa qəsəbəsi, N.Nərimanov küçəsi 42 ünvanı üzrə ərazi partiya təşkilatının (Maştağa xəstəxanası) birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları
əvvəlcə Maştağa istirahət parkında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, xatirəsini dərin ehtiramla yad etmişlər.
Tədbirdə Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfqar Cəfərov, Sabunçu Tibb Mərkəzinin direktoru Cavid Paşayev, Maştağa xəstəxanasının baş həkimi Namiq Nəbiyev, Sabunçu Tibb Mərkəzinin direktor müavini Rəşad Veyisov, Maştağa xəstəxanasının kollektivi və YAP fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfqar Cəfərov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətlərindən söz açıb. Qeyd edib ki, 1969-cu il iyul ayının 14-də Heydər Əliyevin hakimiyyətə gəlişilə Azərbaycanın inkişafında yeni mərhələ, böyük dönüş və tərəqqi başlandı. Uzaqgörən siyasətçinin təşkilatçılıq qabiliyyəti, mövcud problemləri dərindən öyrənərək onların aradan qaldırılmasını təmin etmək bacarığı vətənə və xalqa güclü məhəbbəti ilə birləşərək öz bəhrəsini verdi. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbə də məhz 1969-cu ilin 14 iyulundan başlanan siyasətin nəticəsidir.
Sabunçu Tibb Mərkəzinin direktoru Cavid Paşayev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin bütün mərhələləri Azərbaycanın inkişafına və milli maraqlarının təmin olunmasına xidmət etmişdir. Onun rəhbərliyi dövründə əvvəllər əsasən aqrar respublika kimi xarakterizə olunan Azərbaycan sənaye, elm, təhsil, sosial-iqtisadi, xüsusilə səhiyyə sahəsində əhəmiyyətli nailiyyətlər əldə edərək dinamik inkişaf mərhələsinə qədəm qoymuşdur.
Çıxış edən ərazi partiya təşkilatının sədri, Maştağa xəstəxanasının baş həkimi Namiq Nəbiyev vurğulayıb ki, Azərbaycan xalqının milli dirçəliş, dövlət müstəqilliyi arzusunun ideyadan gerçəkliyə doğru inkişafı öz başlanğıcını məhz 14 iyul 1969-cu ildən götürür. Böyük rəhbər sübut etdi ki, millətinə xidmət edərkən hansı ideoloji quruluşa mənsub olmağın heç bir fərqi yoxdur. Ulu Öndər yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin qorunması və inkişafı sağlam düşüncəyə, mədəniyyətə və milli özünüdərk hissinə söykənir.
Sabunçu Tibb Mərkəzinin direktor müavini Rəşad Veyisov çıxışında vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin adı ilə ayrılmaz şəkildə bağlı olmuşdur. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) plenumunda Heydər Əlirza oğlu Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ölkənin iqtisadi, mədəni yüksəlişində, xalqımızın rifahının yaxşılaşmasında, eləcə də müstəqil dövlətimizin təməlinin qoyulmasında həlledici rol oynadı. Həmin dövrdə dövlət idarəçiliyinin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri də kadr siyasəti idi.
Daha sonra çıxış edənlər Ulu Öndərin hakimiyyətə gəlişi ilə Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasından və bütün sahələrdə böyük nailiyyətlər əldə edilməsindən bəhs ediblər. Vurğulanıb ki, sovet rejiminin və ideologiyasının ciddi məhdudiyyətlərinə baxmayaraq Ümummilli lider Azərbaycan xalqının gələcəyini hədəf götürmüş, qısa vaxt ərzində əhalini dinamik inkişafa səfərbər etməyə nail olmuşdur.