PDF Oxu

Siyasət

  • 982

Ölkəmiz sülhün, sabitliyin və davamlı inkişafın tərəfdarıdır - ŞƏRH

image

Məlum olduğu kimi, artıq Şuşa sülhün, etimadın, beynəlxalq əməkdaşlığın və həqiqətə söykənən dialoqun rəmzi kimi qəbul olunur. Buradan səslənən mesajlar qlobal informasiya gündəliyinə birbaşa təsir göstərir. Qısa müddətdə böyük nüfuz qazanan Şuşa Qlobal Media Forumu artıq dünyanın aparıcı media platformalarından biri kimi yer tutaraq beynəlxalq aləmin diqqət mərkəzində qərarlaşıb.
Xüsusilə qeyd etmək lazımdır ki, Forumda çıxış edən Prezident İlham Əliyev verilən suallara əhatəli cavabları ilə mühüm mesajlar verdi. Ölkə başçısı qeyd etdi ki, Şuşada belə mötəbər auditoriyanı qəbul etmək böyük şərəfdir. Forumun əsas məqsədi qlobal əhəmiyyətli məsələlərin müzakirəsi ilə yanaşı media nümayəndələrini Qarabağda həyata keçirilən bərpa və yenidənqurma işləri ilə yaxından tanış etməkdir. Prezident İlham Əliyev bildirdi ki, Şuşaya hər il gələn qonaqlar dağıntılar yerində sürətlə yüksələn şəhərləri, doğma yurdlarına qayıdan insanları görərək Qarabağın dirçəlişinə canlı şahidlik edirlər. Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri üzərində dayanaraq Avropa təsisatları və ABŞ ilə münasibətlərə xüsusi diqqət ayırdı. Dövlət başçısı bildirdi ki, Avropa Komissiyası ilə münasibətlər yeni rəhbərlik dövründə normallaşma mərhələsinə qədəm qoyub və qarşılıqlı maraq əsasında əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bununla yanaşı AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqeyini sərt tənqid edən Prezident bildirdi ki, ölkəmizin nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi suverenliyimizin bərpasına görə verilən siyasi cəza idi. Münasibətlərin normallaşması üçün ilk addımı məhz AŞPA atmalıdır. Prezident İlham Əliyev Azərbaycan-ABŞ əlaqələrinin isə tarixinin ən yüksək səviyyəsinə yüksəldiyini bildirərək, münasibətlərin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini vurğuladı. Dövlət başçısı qeyd etdi ki, ticarət, enerji təhlükəsizliyi, süni intellekt, rəqəmsal transformasiya və müdafiə sahələrində əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Dövlət başçısı Azərbaycan–Fransa münasibətləri barədə də mühüm fikirlər səsləndirdi. Prezident İlham Əliyev bildirdi ki, iki ölkə arasında müəyyən fikir ayrılıqları mövcud olsa da əsas məsələ beynəlxalq hüququn fundamental prinsiplərinə hörmət edilməsidir. Azərbaycan müstəmləkəçiliyin bütün formalarının əleyhinədir və xalqların azadlıq, eləcə də öz müqəddəratını müəyyən etmək hüququnu dəstəkləyir. Prezident qeyd etdi ki, Azərbaycanın bu mövqeyi ölkəmizin tarixi təcrübəsinə əsaslanır. Dövlət başçısı həmçinin Fransa ilə münasibətlərin qarşılıqlı hörmət, bərabərlik və konstruktiv dialoq əsasında inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırdı. Prezident Azərbaycanın artıq regional və qlobal proseslərə təsir göstərən, milli maraqlarını qətiyyətlə müdafiə edən orta güc kimi formalaşdığını bildirərək söylədi ki, ölkəmizin müstəqil xarici siyasəti, güclü iqtisadi potensialı, yüksək müdafiə qabiliyyəti və artan beynəlxalq nüfuzu bu statusu təmin edən əsas amillərdir. Dövlət başçısı Azərbaycanın iqtisadi gücünün dayanıqlı inkişafın əsas sütunlarından biri olduğunu bildirdi. Orta Dəhliz üzrə yükdaşımalarının həcminin artdığını qeyd edən Prezident İlham Əliyev Azərbaycanın tranzit imkanlarının daha da genişləndirilməsi istiqamətində mühüm addımlar atıldığını söylədi. Dövlət başçısı, həmçinin bərpaolunan enerji sahəsində Çin şirkətləri ilə uğurlu əməkdaşlığın qurulduğunu, Günəş enerjisi layihələrinin həyata keçirildiyini və BYD elektrik avtobuslarının birgə istehsalının iki ölkə arasında iqtisadi tərəfdaşlığın mühüm göstəricilərindən biri olduğunu bildirdi.
Onu da qeyd edək ki, IV Şuşa Qlobal Media Forumu müasir çağırışların müzakirə olunduğu, beynəlxalq əməkdaşlığın təşviq edildiyi və Azərbaycanın mövqeyinin dünyaya çatdırıldığı nüfuzlu platforma kimi böyük maraqla qarşılandı. Azərbaycan liderinin səsləndirdiyi fikirlər, verilən suallara aydın və əhatəli cavabları ölkəmizin müstəqil xarici siyasətini, milli maraqlara söykənən prinsipial mövqeyini, regional və beynəlxalq proseslərdə artan rolunu bir daha nümayiş etdirdi. Şuşadan verilən mesajlar Azərbaycanın sülhə, əməkdaşlığa və davamlı inkişafa sadiqliyini bir daha təsdiqlədi. Münaqişədən sülhə, dağıntıdan quruculuğa uzanan yolun rəmzinə çevrilən Şuşa bu gün həm də beynəlxalq dialoq və qarşılıqlı etimad məkanı kimi öz mövqeyini daha da möhkəmləndirir.
Ən əsası, ölkəmizin həyata keçirdiyi siyasət bir daha göstərdi ki, Azərbaycan sülhün, sabitliyin və davamlı inkişafın tərəfdarıdır. Dünya isə Şuşadan verilən bu mesajların şahidi oldu.
Şahin Abbasov,
YAP Göygöl rayon təşkilatı üzrə Qızılca kənd ərazi partiya təşkilatının sədri

Digər xəbərlər