14 iyul 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Ağstafa rayonunda Ulu Öndər Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycan Respublikasında ilk dəfə siyasi hakimiyyətə gəlişinin ildönümünə həsr olunmuş “Məşəl Kimi Yanan Ürək” adlı tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının məsul şəxsləri və İdarə Heyyətinin üzvləri, Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş Konsulu Rəcəb Öztop, Bayraktar Texnologiya Azərbaycan ölkə direktoru Ahmed Köse, digər rəsmi qonaqlar, YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, şəhid ailələri, fəal partiya üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ümummilli Liderin xatirəsi dərin ehtiramla yad edilib.
Tədbir Ağstafa Aqrar Sənaye Kompleksinin Mədəniyyət Mərkəzində davam etdirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, YAP İdarə Heyyətinin üzvü Elnur Sadıqov və Azərbaycan Respublikasının Xalq artisti Baba Vəziroğlu qeyd ediblər ki, Ulu Öndərin Azərbaycanda birinci dəfə hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul tarixi xalqımızın taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Həmin tarixdən başlayaraq respublikamızın bütün sahələrində köklü islahatların baş verdiyi və ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyduğu vurğulanıb. Çıxış edən natiqlər Ümummilli Lider Heydər Əliyevin Vətənimiz üçün fədakar fəaliyyətinin önəmindən ətraflı bəhs ediblər və onunla bağlı xatirələrini bölüşüblər.
Daha sonra tədbir konsert proqramı ilə davam edib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Tədbir atəşfəşanlıqla başa çatıb.