Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi "Heç vaxt işğalla barışmamışıq" fikri Azərbaycanın uzun illər ərzində apardığı prinsipial siyasətin və xalqımızın sarsılmaz iradəsinin ifadəsidir. Bu bəyanat təkcə keçmişə verilən qiymət deyil, həm də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin və dövlətimizin ərazi bütövlüyünün qorunması istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin məntiqi nəticəsidir.
Təxminən otuz il ərzində Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlamışdı. Bu müddət ərzində yüz minlərlə azərbaycanlı doğma yurd-yuvasından didərgin salınmış, şəhər və kəndlər dağıdılmış, tarixi və dini abidələr məhv edilmiş, xalqımız böyük maddi və mənəvi itkilərlə üzləşmişdir. Buna baxmayaraq, Azərbaycan dövləti heç vaxt bu vəziyyətlə barışmamış, ərazi bütövlüyünün bərpasını dövlət siyasətinin əsas məqsədi kimi müəyyən etmişdir.
Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan bütün dövrlərdə münaqişənin beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinə üstünlük verib. Dövlətimiz uzun illər ərzində danışıqlar prosesində iştirak etmiş, sülh yolu ilə nəticə əldə olunmasına çalışmışdır. Lakin işğalçı tərəfin qeyri-konstruktiv mövqeyi və beynəlxalq vasitəçilik mexanizmlərinin nəticəsiz qalması göstərdi ki, status-kvonun davam etməsi qəbuledilməz idi.
Azərbaycan xalqı bu illər ərzində doğma torpaqlarına qayıdacağı günə daim inanmışdır. Dövlətin iqtisadi gücü artırılmış, müasir və peşəkar ordu quruculuğuna xüsusi diqqət yetirilmiş, beynəlxalq əlaqələr genişləndirilmişdir. Bütün bunlar ölkəmizin milli maraqlarını qorumaq və ərazi bütövlüyünü təmin etmək üçün möhkəm zəmin yaratmışdır.
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində dönüş nöqtəsi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altındakı torpaqların böyük hissəsini azad etdi və ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Şuşanın azad olunması isə tarixi Zəfərin ən mühüm simvollarından biri kimi xalqımızın yaddaşına həkk olundu. Məhz buna görə IV Şuşa Qlobal Media Forumunda səsləndirilən fikirlər xüsusi siyasi və mənəvi əhəmiyyət daşıyır.
Bu gün azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Yeni yollar, hava limanları, məktəblər, xəstəxanalar, yaşayış məntəqələri tikilir, "ağıllı kənd" və "ağıllı şəhər" layihələri icra olunur. Məcburi köçkünlərin doğma yurdlarına mərhələli şəkildə qayıdışı təmin edilir. Bu işlər Azərbaycanın işğalın nəticələrini aradan qaldırmaq və həmin əraziləri yenidən inkişaf etdirmək əzmindən xəbər verir.
Prezident İlham Əliyevin "Heç vaxt işğalla barışmamışıq" fikri hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Bu sözlər xalqımızın milli birliyini, vətənpərvərliyini və dövlətimizin qətiyyətini əks etdirir. Azərbaycan sübut etdi ki, milli maraqların qorunması, güclü dövlət quruculuğu və xalq–ordu birliyi ən çətin məqsədlərə belə nail olmağa imkan verir.
Nəticə etibarilə, IV Şuşa Qlobal Media Forumunda səsləndirilən bu mesaj Azərbaycanın keçdiyi şərəfli yolun, qazandığı tarixi Zəfərin və gələcəyə inamının ifadəsidir. Heç vaxt işğalla barışmayan Azərbaycan bu gün azad edilmiş torpaqlarda həyat qurur, bölgədə davamlı sülh və sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirir və gələcək nəsillərə güclü, suveren və qalib bir dövlət miras qoyur.
Badisəba Məmmədli
YAP Ordubad rayon təşkilatının fəalı