PDF Oxu

Siyasət

  • 702

Siyasi əlaqələri çox yüksək səviyyədədir - ŞƏRH

image

2026-cı il iyulun 14-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri çərçivəsində Şuşada keçirilən görüş və verilən bəyanatlar iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin və siyasi dialoqun yüksək səviyyədə inkişaf etdiyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev bəyanatında xüsusi olaraq vurğuladı ki, "Slovakiya–Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir." Bu fikir Azərbaycan ilə Slovakiya arasında formalaşmış etibarlı tərəfdaşlığın və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin mahiyyətini dolğun şəkildə ifadə edir.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Avropa dövlətləri ilə münasibətlərin inkişafını xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirib. Slovakiya da bu istiqamətdə Azərbaycanın etibarlı tərəfdaşlarından biridir. Son illərdə dövlət başçıları, hökumət nümayəndələri və parlamentlərarası nümayəndə heyətləri arasında intensiv təmaslar iki ölkə arasında siyasi dialoqu daha da möhkəmləndirib. Qarşılıqlı səfərlər təkcə diplomatik münasibətlərin deyil, həm də iqtisadi, enerji, humanitar və mədəni əməkdaşlığın inkişafına mühüm töhfə verir.

Şuşada keçirilən görüşün xüsusi əhəmiyyəti də məhz buradan irəli gəlir. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa bu gün beynəlxalq tədbirlərin və yüksək səviyyəli görüşlərin keçirildiyi nüfuzlu məkana çevrilib. Slovakiya Prezidentinin Şuşaya səfəri Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə göstərilən hörmətin, eyni zamanda Qarabağ bölgəsində aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinə verilən yüksək qiymətin göstəricisi kimi dəyərləndirilə bilər.

Prezident İlham Əliyevin vurğuladığı kimi, siyasi əlaqələrin yüksək səviyyədə olması digər sahələrdə də əməkdaşlıq üçün geniş imkanlar yaradır. Azərbaycan və Slovakiya beynəlxalq təşkilatlar çərçivəsində də konstruktiv əməkdaşlıq edir, qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoq aparır və beynəlxalq hüququn prinsiplərinə əsaslanan mövqeləri dəstəkləyirlər. Dövlətlər arasında qarşılıqlı etimadın mövcudluğu gələcək layihələrin uğurla həyata keçirilməsi üçün möhkəm zəmin yaradır. Enerji sahəsi Azərbaycan–Slovakiya münasibətlərində xüsusi yer tutur. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə son illərdə daha da artıb. Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz ixrac edən Azərbaycan etibarlı enerji tərəfdaşı kimi tanınır. Slovakiya da Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində Azərbaycanın rolunu yüksək qiymətləndirir. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin maraqlarına xidmət edir və Avropanın enerji təminatının şaxələndirilməsinə mühüm töhfə verir. Bununla yanaşı, bərpaolunan enerji sahəsində də yeni əməkdaşlıq imkanları yaranır. Azərbaycan yaşıl enerji strategiyasını uğurla həyata keçirir və bu istiqamətdə beynəlxalq tərəfdaşlarla fəal əməkdaşlıq edir. Slovakiyanın bu sahədə malik olduğu təcrübə və texnologiyalar gələcəkdə ortaq layihələrin həyata keçirilməsi üçün əlverişli imkanlar yarada bilər.

Müdafiə sənayesi sahəsində əməkdaşlıq perspektiv sahədir. Dövlətimizin başçısı əməkdaşlıqda bu sahəyə yönələn diqqəti belə əsaslandırdı ki, bu sahədə əməkdaşlığı sənayenin inkişafı nöqteyi-nəzərindən görürük. Müharibə aparmaq fikrində deyilik. Yəni, bizim üçün müharibələr artıq keçmişdə qalır və sadəcə olaraq, burada bir sinergiyanın yaradılması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Həm də bu, texnoloji inkişafın da bir qolu olaraq bizə böyük faydalar verəcəkdir. Biz bu istiqamətdə konkret layihələr üzərində çalışırıq.

Azərbaycanın yerləşdiyi coğrafi məkan ölkələr, xalqlar arasında körpü rolunu oynayır. Şərqlə Qərbin qovuşağında yerləşən Azərbaycan, eyni zamanda, həyata keçirdiyi enerji və nəqliyyat layihələri ilə ölkələr arasında dostluq əlaqələrini daha da möhkəmləndirir. Qeyd edilməlidir ki, Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir. Gələcək illərdə ölkəmiz nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq öz imkanlarını genişləndirəcək. Slovakiya ilə Azərbaycan arasındakı əlaqələrin inkişafında bu sahə diqqətdən kənarda qalmır. Çünki bunun çox böyük potensialı vardır.

İqtisadi əməkdaşlıq Slovakiya-Azərbaycan münasibətlərində əsas istiqamətlərdən biridir. İqtisadi Əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclası 2024-cü ilin sentyabrında Bakıda keçirilib. Bu isə iqtisadi dialoqun rəsmi mexanizmlər çərçivəsində davam etməsinin göstəricisidir. Konkret layihələr də əməkdaşlığın real nəticələrini göstərir. 2025-ci ilin sentyabrında Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkəti “Concago j.s.a” və onun yerli tərəfdaşı “IMA ENERGY MMC” tərəfindən fərdi evlərin tikintisi üzrə müqavilə imzalanıb və işlərə başlanıb. Bu layihə yalnız infrastrukturun yenilənməsinə deyil, həm də regionun sosial-iqtisadi inkişafına töhfə verəcək.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədr müavini

Digər xəbərlər