PDF Oxu

Siyasət

  • 602

Xalqımızın sarsılmaz birliyi və qəhrəmanlığı - ŞƏRH

image

Hər bir xalqın tarixində onun taleyini müəyyən edən, gələcəyini formalaşdıran unudulmaz dövrlər vardır. Azərbaycan xalqının keçdiyi yol da belə şərəfli, eyni zamanda çətin sınaqlarla zəngin bir tarixdir. Hamımızın bildiyi kimi, Azərbaycan xalqı tarix boyu çox çətin və keşməkeşli sınaqlardan keçmişdir. Lakin xalqımız qarşılaşdığı bütün çətinliklərin öhdəsindən böyük iradə, əzm və birlik nümayiş etdirərək layiqincə gəlmişdir. Bu şərəfli yol Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə çevrilmiş, yaddaşlara həkk olunaraq tariximizin ən qürurverici səhifələrindən biri olmuşdur. Bu gün hər bir azərbaycanlı həmin tarixi qürur hissi ilə xatırlayır, xalqımızın göstərdiyi dözümlülük və vətənpərvərliklə fəxr edir. Azərbaycan xalqının keçdiyi bu uzun və şərəfli yolun ən ağrılı səhifələrindən biri torpaqlarımızın işğal altında qaldığı illər olmuşdur. Bu dövrdə xalqımız ağır itkilərlə üzləşmiş, minlərlə insan doğma yurdlarından ayrı düşmüş, şəhər və kəndlərimiz dağıntılara məruz qalmışdır. Lakin bütün bu çətinliklər xalqımızın iradəsini sındıra bilməmişdir. Əksinə, bu sınaqlar xalqımızın Vətənə bağlılığını, azadlıq arzusunu və mübarizə əzmini daha da gücləndirmişdir. Azərbaycan xalqı uzun illər boyu öz doğma torpaqlarına qayıdacağı günə inamını qoruyaraq böyük səbir və ümidlə bu günü gözləmişdir. Bu yolun ən böyük dayaqlarından biri xalqımızın sarsılmaz birliyi və qəhrəman övladlarımızın göstərdiyi fədakarlıq olmuşdur. Vətən uğrunda canlarından keçən şəhidlərimiz öz igidlikləri və qəhrəmanlıqları ilə Azərbaycan tarixinin ən şərəfli səhifələrini yazmışlar. Onların müqəddəs mübarizəsi sayəsində torpaqlarımızın azadlığı uğrunda böyük bir Zəfər əldə edilmişdir. Şəhidlərimizin əziz xatirəsi hər zaman xalqımızın qəlbində yaşayacaq və gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olacaqdır. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan xalqının uzun illər davam edən həsrətinə son qoydu. Bu qələbə yalnız döyüş meydanında əldə edilən uğur deyil, eyni zamanda xalqımızın milli birliyinin, dövlətimizin gücünün və qəhrəman ordumuzun şücaətinin göstəricisi oldu. Azərbaycan əsgəri öz qəhrəmanlığı ilə dünyaya göstərdi ki, xalqımız heç zaman öz haqqından və tarixi torpaqlarından vaz keçməyəcəkdir. Bu gün Azərbaycan yeni bir dövr yaşayır. Azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan sərəncam və fərmanlar əsasında həmin torpaqlarda müasir şəhərlər, kəndlər, yollar, məktəblər və digər mühüm infrastruktur layihələri yaradılır. Bu işlər yalnız dağıdılmış ərazilərin yenidən qurulması deyil, həm də illər boyu doğma yurd həsrəti çəkən insanların öz torpaqlarına qayıdış arzusunun gerçəkləşməsidir. Bərpa və dirçəliş dövrü göstərir ki, Azərbaycan xalqı qarşılaşdığı ən ağır sınaqlardan belə qalib çıxmağı bacaran güclü və iradəli xalqdır. Dünən dağıntılar və itkilərlə üzləşən torpaqlarımız bu gün yenidən həyat, quruculuq və inkişaf məkanıdır. Xalqımız həm ağrılı günlərin şahidi olmuş, həm tarixi Zəfəri yaşamış, həm də bu gün böyük bərpa prosesinin iştirakçısına çevrilmişdir.Demək olar ki, Azərbaycan xalqının keçdiyi bu yol sadəcə bir tarix deyil, həm də birlik, qəhrəmanlıq və əzmkarlıq nümunəsidir. Bu tarix bizə göstərir ki, xalqın gücü onun birliyində, inamında və Vətən sevgisindədir. Şəhidlərimizin müqəddəs ruhu, qəhrəman əsgərlərimizin şücaəti və xalqımızın iradəsi sayəsində yazılan bu şanlı tarix gələcək nəsillər üçün daim qürur mənbəyi olacaqdır.

Sunay Heydərova

YAP Şərur rayon təşkilatının fəal üzvü

Digər xəbərlər