Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində yalnız Cənubi Qafqazın lideri deyil, həm də öz milli maraqlarını qətiyyətlə qoruyan, müstəqil qərarlar qəbul edən nüfuzlu bir 'orta güc' (middle power) kimi tanınır. Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda verdiyi bəyanatlar ölkəmizin qlobal layihələrdəki strateji yerini və beynəlxalq platformalardakı prinsipial mövqeyini bir daha nümayiş etdirmişdir. Coğrafi mövqeyinin üstünlüklərindən istifadə edərək çoxtərəfli əməkdaşlığı inkişaf etdirən Azərbaycan, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin, o cümlədən Orta Dəhlizin ən mühüm hərəkətverici qüvvəsinə çevrilmişdir. Enerji təhlükəsizliyi sahəsində də Azərbaycan Avropanın ən etibarlı tərəfdaşlarından biridir. Hazırda ölkəmiz boru kəmərləri vasitəsilə 16 ölkəyə qaz tədarük edir ki, bunun da 14-ü Avropa ölkəsidir. Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın Azərbaycan qazına tələbatının artması ilə əlaqədar ixracın 65% artırılması ölkəmizin qlobal statusunu gücləndirmişdir. Bununla bərabər, Azərbaycan bərpaolunan enerji sahəsində nəhəng layihələr həyata keçirir və 2032-ci ilə qədər 8 giqavat yaşıl enerji generasiya gücünə çatmağı hədəfləyir. Bu, ölkədə daxili istehlakda qaza qənaət edərək ixrac potensialını daha da artırmağa imkan verəcək. Prezident İlham Əliyev ikitərəfli və çoxtərəfli əlaqələrdə hər zaman bərabərhüquqlu və ədalətli münasibətlərin tərəfdarı olduğunu qeyd etmişdir. ABŞ ilə strateji tərəfdaşlığın, xüsusilə Prezident Trampın administrasiyası dövründə ən yüksək zirvəyə qalxması və Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımlar buna parlaq nümunədir. Digər tərəfdən, Azərbaycan Avropa Şurasının Parlament Assambleyası (AŞPA) kimi təşkilatların qərəzli və ikili standartlara əsaslanan sanksiya siyasətinə qarşı qətiyyətli mövqe nümayiş etdirir. Ölkəmiz ərazi bütövlüyünü bərpa etdiyinə görə sanksiyalara məruz qalmasını qəbul etmir və səsvermə hüququmuz bərpa olunmayacağı təqdirdə bu təşkilatı tamamilə tərk etmək imkanını masada saxlayır. Azərbaycanın xarici siyasətində diqqət çəkən digər mühüm istiqamət neomüstəmləkəçiliklə mübarizədir. Bakı Təşəbbüs Qrupu vasitəsilə Fransa və digər dövlətlərin dənizaşırı müstəmləkələrində yaşayan xalqların azadlıq, kimlik və ləyaqət mübarizəsinə verilən dəstək ümumbəşəri insan hüquqlarına hörmətdən irəli gəlir. XXI əsrdə müstəmləkə idarəçiliyini qətiyyətlə rədd edən Azərbaycan, bu sahədə qlobal səslərin koalisiyasını yaradaraq ədalətin bərpasına çalışır. Müstəqil siyasət, hərbi qüdrət və iqtisadi şaxələndirmə Azərbaycanı beynəlxalq arenada öz sözünü deməyə qadir olan güclü aktora çevirmişdir.
Abbas Pənahov,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədr müavini