Prezident İlham Əliyev: "Bu gün bizim əsas gündəliyimiz təbii ki, dayanıqlı inkişafın təmin edilməsidir, Qarabağın bərpasıdır, yenidən qurulmasıdır"
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun torpaqlarımızı azad etməsi Zəfər tariximizi yazdı, həm də bu qələbə beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsi idi. BMT Təhlükəsizlik Şurasının on illərlə kağız üzərində qalmış qətnamələrini Azərbaycan icra etmiş oldu. İllərlə görülən işlər, həyata keçirilən tədbirlər artıq öz sözünü demişdir. 2020-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının müntəzəm xarakter alması İkinci Qarabağ müharibəsinin başlanmasına səbəb oldu. Dövlət başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevdən "Hücum!" əmrini alan Azərbaycan Ordusu qələbə əzmi ilə irəlilədi. 200 ildən çox davam edən etnik təmizləmə, soyqırımı siyasətini həyata keçirmiş, xalqımız tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş insanların qisası döyüş meydanında alındı. Hər gün müharibənin getdiyi ağır döyüşlərin nəticəsində qələbə soraqları alırdıq: işğaldan adad olunan kənd, qəsəbə və şəhərlər. Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə bəyanatı imzalandı və bu mahiyyət etibarilə Ermənistanın kapitulyasiyası idi. İmzalanmış üçtərəfli Bəyanatla ölkəmizin qazandığı tarixi Qələbə bir daha təsdiqini tapdı. Ermənistan məğlubiyyət sənədinə imza ataraq, qısa zaman kəsiyində digər şəhər və rayonlarımızdan çıxması barədə öhdəlik götürdü. Beləliklə, uzun illər işğal altında qalan Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan Azərbaycana təhvil verildi. 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan ərazilərimizin azad olunması, münaqişənin bitməsi xalqımızın tarixinə qızıl hərflərlə Zəfərimizi yazdı. "Dəmir yumruğ"un gücünü görmüş ermənilər Azərbaycan ordusunun gücünə, Ali Baş Komandanın siyasi gücünə, iradəsinə yaxşı bələddirlər. Azərbaycan Ordusunun Qarabağda başlatdığı 2023-cü ilin 19 sentyabr tarixindəki lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, separatçıların təslim olması növbəti qələbəmiz oldu. Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi. Azərbaycan antiterror tədbirləri nəticəsində konstitusion quruluşunu bərpa etdi. “Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmamışdır, özü də cəmi 44 gün ərzində”, - deyə Pezident bildirib. İndi artıq müharibədən altı ilə yaxın zaman ötür və Zəfər qazanmış Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru dirçəldir, həyat yenidən qaynayır.
“BİZİM GÜNDƏLİYİMİZDƏ, HƏMÇİNİN RƏQƏMSAL TRANSFORMASİYA VƏ SÜNİ İNTELLEKTİN İNKİŞAFI MƏSƏLƏLƏRİ DƏ YER ALIR”
“Bu gün bizim əsas gündəliyimiz təbii ki, dayanıqlı inkişafın təmin edilməsidir, Qarabağın bərpasıdır, yenidən qurulmasıdır, layihələrimizin yekunlaşdırılmasıdır ki, onların nəticəsində yeni nəqliyyat marşrutları yaradılacaq”. Bu sözləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında deyib. Dövlətimizin başçısı əlavə edib ki, bizim gündəliyimizdə, həmçinin rəqəmsal transformasiya və süni intellektin inkişafı məsələləri də yer alır.
Azərbaycanın iqtisadi gücü işğaldan azad olunan ərazilərdə yeni həyatın başlanmasına imkan verir. Ərazilərdə təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək, müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək, ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək, əhalinin məşğulluq imkanlarını artırmaq, dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək və s. məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur.
“BÖYÜK QAYIDIŞA DAİR I DÖVLƏT PROQRAMI”NIN SONUNCU İLİDİR
Şərqi Zəngəzur və Qarabağa Böyük Qayıdış uğurla həyata keçirilir. Demək olar ki, əzəli torpaqlarımız hər gün bir köç karanını qarşılayır. Xalqımızın Ümummili Lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin yenilməz qətiyyəti, yürütdüyü güclü daxili və xarici siyasəti, qəbul etdiyi qərarlar, sərgilədiyi diplomatik gedişlər Azərbaycan xalqının tarixinə Zəfər sözünü yazdı. O Zəfəri ki, illərlə öz doğma yurdundan didərgin düşmüş insanları yurd yerlərinə qovuşdurdu. Tarixi torpaqlarımıza sahib olduq. Dünyada qalib xalq kimi adımız hallandı. Münaqişənin sülh yolu ilə həll edilmədiyi halda, hərb yolu ilə torpaqlarımız işğaldan azad olundu. Bu tarixi ədalətimiz idi. Bu Qələbə xalqımızın üzərindən məğlub, torpaqları işğal altında qalan, qaçqın və köçkün sözünü götürdü. Artıq biz Qarabağa və Şərqi Zəngəzura qayıtmışıq. Daşlaşmış yaddaşda tariximiz var, keçmişimiz, mədəniyyətimiz var. Bu gün Böyük Qayıdış üçün lazımı tədbirlər həyata keçirilir. Reallaşdırılan infrastruktur layihələr və tədbirlər bir daha sübut edir ki, işğaldan azad olunan ərazilər yenidən dirçəlir və yeni bir inkişaf, abadlıq və quruculuq dövrünə qədəm qoyub.
2026-cı il “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın sonuncu ilidir. Əvvəllər başlanmış layihələrin böyük hissəsi bu il ərzində yekunlaşır. İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Ağdam, Füzuli və Xocavənd rayonlarında, o cümlədən Ağdam şəhərində, Ağdamın iki kəndində, Füzulinin iki kəndində, eləcə də Xocavənd rayonunun bir sıra yaşayış məntəqələrində bərpa, təmir və tikinti işlərinin başa çatdırılması nəzərdə tutulur. Ilin sonuna qədər Ağdam şəhərində dördüncü və beşinci yaşayış komplekslərinin istifadəyə verilməsi ilə təxminən 10 min nəfərin köçürülməsinin təmin edilməsi planlaşdırılır. Eyni zamanda, Füzuli rayonunun Dövlətyarlı və Pirəhmədli, Ağdam rayonunun Eyvazxanbəyli və Baş Qərvənd kəndlərinin tikintisi davam edir. Xocavənd rayonunda isə bir şəhər, iki qəsəbə və 14 kənddə yaşayış məntəqələrinin bərpası aparılır və ilin sonuna qədər rayon əhalisinin 12 min nəfərə çatdırılması nəzərdə tutulur. Görülən işlər “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun həyata keçirilir. Hazırda II Dövlət Proqramı hazırlanır və onun çərçivəsində Ağdam şəhərində, rayonun digər kəndlərində, eləcə də Füzuli rayonunda bərpa işlərinin davam etdirilməsi planlaşdırılır. Növbəti mərhələdə Ağdam rayonuna əlavə 30–40 min, Füzuli rayonuna isə daha 10 min nəfərin köçürülməsi nəzərdə tutulur.
Nəzakət ƏLƏDDİNQIZI