PDF Oxu

Siyasət

  • 521

Şuşada səslənən strateji baxış və qlobal mesajlar - ŞƏRH

image

Dünyanın sürətlə dəyişən geosiyasi mənzərəsində informasiya məkanı artıq dövlətlərin siyasi, iqtisadi və təhlükəsizlik gündəliyini müəyyən edən əsas amillərdən birinə çevrilmişdir. Məhz belə mürəkkəb və həssas dövrdə Azərbaycanın qədim mədəniyyət paytaxtı Şuşada keçirilən IV Qlobal Media Forumu təkcə beynəlxalq media nümayəndələrinin görüş platforması deyil, həm də qlobal çağırışların, regional təhlükəsizlik məsələlərinin və informasiya mühitində yeni yanaşmaların müzakirə edildiyi mühüm siyasi tribunaya çevrildi. Tarixi Zəfərin rəmzi olan Şuşanın bu cür mötəbər tədbirə ev sahibliyi etməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun, dövlətimizin həyata keçirdiyi uğurlu siyasətin və ölkənin qlobal dialoq məkanına çevrilməsinin parlaq təzahürü kimi qiymətləndirilə bilər. Belə bir mötəbər platformada Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışı həm regional, həm də beynəlxalq siyasət kontekstində böyük maraq doğurdu və geniş rezonans yaratdı.

Prezident Cənab İlham Əliyev çıxışında müasir beynəlxalq münasibətlər sistemində müşahidə olunan mürəkkəb prosesləri geniş təhlil edərək Azərbaycanın xarici siyasət prioritetlərini aydın şəkildə ortaya qoydu. Dövlət başçısı ölkəmizin beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə əsaslanan mövqeyinin dəyişməz olduğunu vurğuladı. Bu yanaşma Azərbaycanın uzun illər ərzində apardığı prinsipial siyasətin davamı olmaqla yanaşı, ölkənin beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirən mühüm siyasi mesaj idi.

Çıxış zamanı informasiya təhlükəsizliyi, dezinformasiya ilə mübarizə və medianın məsuliyyəti məsələlərinin ön plana çəkilməsi xüsusilə diqqətəlayiq idi. Müasir dövrdə informasiyanın silaha çevrildiyi, ictimai rəyin manipulyasiya edilməsi cəhdlərinin geniş vüsət aldığı şəraitdə Prezident İlham Əliyev medianın obyektivlik, peşəkarlıq və məsuliyyət prinsiplərinə sadiq qalmasının vacibliyini vurğuladı. Bu baxımdan, səsləndirilən fikirlər təkcə Azərbaycan üçün deyil, bütövlükdə beynəlxalq media ictimaiyyəti üçün də aktual çağırış kimi dəyərləndirilə bilər.

Prezidentin çıxışında regional əməkdaşlıq və Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində Azərbaycanın nümayiş etdirdiyi siyasi iradə xüsusi yer tutdu. Dövlət başçısı Azərbaycanın müharibədən sonrakı dövrdə sülh gündəliyinə sadiq qaldığını, kommunikasiyaların açılması, iqtisadi əməkdaşlığın genişləndirilməsi və regionda qarşılıqlı etimada əsaslanan münasibətlərin formalaşdırılması istiqamətində ardıcıl təşəbbüslərlə çıxış etdiyini diqqətə çatdırdı. Bu yanaşma ölkəmizin regionun inkişafına və sabitliyinə yönəlmiş konstruktiv siyasətinin davamı kimi qiymətləndirilə bilər.

Forum çərçivəsində Prezident İlham Əliyevin beynəlxalq jurnalistlərin çoxsaylı suallarını açıq və ətraflı cavablandırması da siyasi baxımdan mühüm əhəmiyyət daşıyırdı. Verilən cavablar Azərbaycanın mövqeyinin beynəlxalq auditoriyaya birbaşa çatdırılması, müxtəlif məsələlər ətrafında formalaşdırılan yanlış təsəvvürlərin aradan qaldırılması və ölkəmizin siyasi reallıqlarının obyektiv təqdim olunması baxımından mühüm rol oynadı. Dövlət başçısının faktlara söykənən arqumentləri, ardıcıl məntiqi və diplomatik üslubu Azərbaycanın informasiya diplomatiyasının effektivliyini bir daha nümayiş etdirdi.

Prezident Cənab İlham Əliyevin çıxışında Azərbaycanın iqtisadi inkişaf modeli, enerji təhlükəsizliyinə verdiyi töhfələr, nəqliyyat-logistika imkanları və çoxtərəfli əməkdaşlıq platformalarında fəal iştirakı da geniş şəkildə əks olundu. Bu fikirlər Azərbaycanın artıq təkcə regional deyil, həm də Avrasiya məkanında strateji əhəmiyyətə malik dövlət kimi mövqeyini təsdiqləyən mühüm siyasi tezislər idi. Dövlət başçısı göstərdi ki, ölkənin müstəqil siyasəti milli maraqlara əsaslanır və heç bir xarici təsir mərkəzinin diktəsi ilə formalaşmır.

Şuşa Qlobal Media Forumu bir daha sübut etdi ki, Azərbaycan artıq beynəlxalq dialoqun təşkili baxımından etibarlı platformaya çevrilib. Prezident İlham Əliyevin forumdakı çıxışı isə yalnız cari siyasi proseslərin təhlili ilə məhdudlaşmayaraq gələcək inkişaf istiqamətlərini müəyyən edən konseptual baxışlar toplusu kimi diqqəti cəlb etdi. Çıxışın məzmununda milli maraqların qətiyyətlə müdafiəsi, beynəlxalq hüquqa sadiqlik, regional əməkdaşlığın təşviqi və qlobal çağırışlara praqmatik yanaşma əsas xətti təşkil edirdi.

Bütövlükdə, Prezident Cənab İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Azərbaycanın güclü dövlətçilik ənənələrinin, uzaqgörən siyasi liderliyinin və milli maraqlara əsaslanan müstəqil siyasətinin növbəti parlaq nümayişi kimi qiymətləndirilə bilər. Dövlət başçısının qətiyyətli mövqeyi, dərin siyasi təhlili, yüksək intellekti və beynəlxalq proseslərə hərtərəfli baxışı bir daha göstərdi ki, Azərbaycan etibarlı rəhbərlik altında inamla inkişaf edir, beynəlxalq nüfuzunu ildən-ilə möhkəmləndirir və regionun gələcəyini müəyyən edən əsas siyasi aktorlardan biri kimi öz mövqeyini daha da gücləndirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət ölkəmizin uğurlarını davamlı edir, Azərbaycanın adını dünya miqyasında nüfuzlu, güclü və söz sahibi olan dövlətlər sırasında daha da yüksəldir. Məhz bu strateji liderlik, milli maraqlara sarsılmaz sədaqət və dövlətçilik məfkurəsinə əsaslanan fəaliyyət Azərbaycanın gələcək inkişafının ən etibarlı təminatı kimi dəyərləndirilir.

Leyla Hüseynova

YAP Yasamal rayon AMEA

A.A.Bakıxanov ad. Tarix və

Etnologiya İnstitutu üzrə partiya

təşkilatının sədr müavini

Digər xəbərlər