Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran–Astara Regional Bölməsinin birgə təşkilatçılığı ilə muzeyində “22 İyul – Milli Mətbuat və Jurnalistika Günü” münasibətilə tədbir keçirildi.
"Mətbuatımız və milli dəyərlərimiz" adlı tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş Vətən şəhidlərin və dünyasını dəyişmiş media nümayəndələrinin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva tədbiri açaraq bildirdi ki, Azərbaycan milli mətbuatı zəngin ənənələrə malikdir, cəmiyyətin inkişafında, milli-mənəvi dəyərlərin qorunması və təbliğində mühüm rol oynayır.
Ardınca məruzə ilə çıxış edən "Yeni Həyat" qəzetinin baş redaktoru Əlihüseyn Şükürov və Kitabxana Sisteminin əməkdaşı Gülər Piriyeva milli mətbuatın tarixi inkişaf yolu, müasir informasiya mühitində medianın məsuliyyəti, milli kimliyin və mənəvi dəyərlərin qorunmasında kütləvi informasiya vasitələrinin əhəmiyyəti barədə ətraflı söhbət açdılar.
Digər natiqlər- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran–Astara Regional Bölməsinin rəis müavini Pərvin İmanov, Əməkdar jurnalist, tədqiqatçı-tərcüməçi Zakir Abbas, “Qanuni” nəşriyyatının redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əyyar Tahirov, "Yeni Həyat" qəzetinin ədəbi işçisi, Azərbaycan Yazıçılar Birliyinin Masallı rayon təşkilatının sədri Akif Ağayev və Masallı Rayon Ağsaqqallar Şurasının üzvü Fəxrəddin Talıbzadə çıxış edərək milli mətbuatın keçdiyi inkişafı, peşəkar jurnalistikanın cəmiyyət həyatındakı rolu, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində medianın əhəmiyyətindən danışdılar.
O, da vurğulandı ki, milli mətbuat cəmiyyətin maariflənməsinə, milli-mənəvi irsin təbliğinə, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə və ictimai həmrəyliyin gücləndirilməsinə mühüm töhfə verir. Həmçinin qlobal informasiya məkanında milli maraqların qorunması baxımından peşəkar, obyektiv və məsuliyyətli jurnalistikanın rolu daha da artır.
Tədbirdə mövzu ətrafında fikir mübadiləsi aparıldı, iştirakçıların suallarına cavab verildi və xatirə şəkli çəkdirildi.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü