22 iyul – Milli Mətbuatı Günü xalqımızın maarifçilik tarixinin, milli özünüdərk prosesinin və dövlətçilik ənənələrinin mühüm mərhələsinin başlanğıcıdır. 1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı ötən 151 il ərzində mürəkkəb, lakin şərəfli inkişaf yolu keçərək bu gün müasir informasiya məkanının ayrılmaz hissəsinə çevrilib.
Milli mətbuatın yaranması XIX əsrin ikinci yarısında Azərbaycanın ictimai-siyasi və mədəni həyatında baş verən böyük dəyişikliklərin məntiqi nəticəsi idi. “Əkinçi” cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, xalqın maariflənməsi, milli şüurun formalaşması, cəhalətə və xurafata qarşı mübarizə, milli-mənəvi dəyərlərin qorunması istiqamətində misilsiz xidmətlər göstərdi. Sonrakı dövrlərdə formalaşan Azərbaycan mətbuatı da milli düşüncənin inkişafına, ictimai fikrin zənginləşməsinə və dövlətçilik ənənələrinin möhkəmlənməsinə mühüm töhfələr verdi.
Müstəqillik illərində isə Azərbaycan mediası tamamilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Xüsusilə 1993-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində ölkəmizdə söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm addımlar atıldı. Ulu Öndər deyirdi ki, “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.”
1998-ci ildə senzuranın ləğv edilməsi medianın sərbəst fəaliyyətinə geniş imkanlar yaratdı, qəzet və jurnalların sayının artmasına, fikir plüralizminin genişlənməsinə zəmin formalaşdırdı. Bunun ardınca medianın fəaliyyətini tənzimləyən müasir qanunvericilik bazası yaradıldı, onun iqtisadi müstəqilliyinin gücləndirilməsi və peşəkar fəaliyyətinin genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə media sahəsində islahatlar daha da dərinləşdirildi. 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. Bu gün media siyasətinin sistemli şəkildə həyata keçirilməsi üçün yeni imkanlar yaranıb.
Dövlət başçımızın da vurğuladığı kimi, “müasir Azərbaycan mətbuatı informasiya cəmiyyəti quruculuğunda, sosial ədalətin və şəffaflığın təmin olunmasında, milli həmrəyliyin möhkəmləndirilməsində, milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliğində aparıcı rol oynamalıdır”.
Peşəkarlıq, obyektivlik, qərəzsizlik və yüksək vətənpərvərlik prinsipləri Azərbaycan jurnalistikasının əsas fəaliyyət meyarları olaraq qalır.
Rəqəmsal texnologiyaların sürətli inkişafı milli mətbuatın fəaliyyətinə də yeni məzmun gətirib. Bu gün Azərbaycan mediası qlobal informasiya şəbəkəsinin ayrılmaz hissəsinə çevrilib. Çap mediası ilə yanaşı internet media, onlayn xəbər portalları və rəqəmsal platformalar sürətlə inkişaf edir. İnformasiya texnologiyalarının imkanlarından istifadə edən Azərbaycan mediası həm ölkə daxilində, həm də beynəlxalq informasiya məkanında öz mövqelərini daha da möhkəmləndirib.
Media sahəsində həyata keçirilən institusional islahatlar da milli jurnalistikanın inkişafına yeni impuls verib. 2021-ci ildə Medianın İnkişafı Agentliyinin yaradılması, “Media haqqında” Qanunun qəbul edilməsi media fəaliyyətinin hüquqi və iqtisadi əsaslarını müasir dövrün tələblərinə uyğunlaşdırdı. Yeni qanun informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi, rəqabətədavamlı milli medianın formalaşdırılması, jurnalistika peşəsinin nüfuzunun artırılması və media fəaliyyətinin şəffaf təşkilinə xidmət edir.
Hazırda media sahəsində idarəetmənin daha çevik mexanizmlərlə təkmilləşdirilməsi istiqamətində də mühüm addımlar atılır. Milli Məclisdə qəbul edilən qanun layihəsinə əsasən Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın bazasında vahid Media və Yayım Şurasının yaradılması nəzərdə tutulur. Yeni qurum media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması, innovativ texnologiyaların tətbiqi və dezinformasiyaya qarşı mübarizənin daha effektiv təşkilinə xidmət edəcək.
Azərbaycanda jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi də daim diqqət mərkəzindədir. Kütləvi informasiya vasitələrinə göstərilən dövlət dəstəyi, media nümayəndələrinin sosial rifahının yaxşılaşdırılması, fəxri adlarla təltif olunmaları, güzəştli ipoteka imkanlarından yararlanmaları və vergi güzəştlərinin tətbiqi jurnalistikanın inkişafına yaradılan əlverişli mühitin mühüm elementləridir. Xüsusilə media subyektlərinə tətbiq olunan vergi güzəştləri onların maliyyə dayanıqlığının artırılmasına və rəqabət qabiliyyətinin yüksəldilməsinə xidmət edir.
Müasir dövrdə informasiya müharibəsi hərbi təhlükəsizlik qədər mühüm əhəmiyyət daşıyır. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan mediası peşəkarlıq, operativlik və obyektivlik nümayiş etdirərək informasiya cəbhəsində mühüm üstünlük qazandı. Düşmənin dezinformasiya kampaniyalarına qarşı çevik fəaliyyət göstərən jurnalistlər dünya ictimaiyyətini Qarabağ həqiqətləri barədə dolğun və etibarlı məlumatlarla təmin etdilər. Bu gün də postmüharibə dövründə Azərbaycan mediası işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərini, ölkəmizin sülh təşəbbüslərini və beynəlxalq hüquqa əsaslanan mövqeyini dünya ictimaiyyətinə çatdırmaq missiyasını uğurla davam etdirir.
Şuşada keçirilən Qlobal Media Forumları isə artıq beynəlxalq informasiya dialoqunun mühüm platformalarından birinə çevrilib. Son illərdə keçirilən forumlarda yeni media, dezinformasiyaya qarşı mübarizə, süni intellekt dövründə jurnalistikanın inkişafı, media etikası, kibertəhlükəsizlik və sülh quruculuğunda medianın rolu kimi aktual məsələlər geniş müzakirə olunub. Bu forumlar Azərbaycanın qlobal media gündəliyinin formalaşdırılmasında fəal iştirakını bir daha nümayiş etdirir.
151 illik zəngin tarixi ənənələrə söykənən Azərbaycan milli mətbuatı bu gün də dövlətçilik maraqlarının müdafiəsində, cəmiyyətin düzgün məlumatlandırılmasında, milli həmrəyliyin möhkəmləndirilməsində və beynəlxalq informasiya məkanında ölkəmizin mövqeyinin gücləndirilməsində mühüm missiya yerinə yetirir.
Nigar Məmmədova
Milli Məclisin deputatı