Azərbaycan milli mətbuatının yaranması xalqımızın ictimai fikir tarixində yeni mərhələnin başlanğıcı olmuşdur. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti yalnız ilk milli qəzet deyil, həm də cəmiyyətin maariflənməsi, milli özünüdərkin formalaşması və ictimai şüurun inkişafı istiqamətində mühüm bir məktəb idi. Məhz bu tarixdən etibarən Azərbaycan mətbuatı xalqın səsini ifadə edən, cəmiyyətin inkişafına xidmət göstərən mühüm təsisat kimi formalaşmağa başladı.
Milli mətbuatımız ötən dövr ərzində maarifçilik ənənələrinin formalaşmasına, milli düşüncənin inkişafına, dövlətçilik ideyalarının möhkəmlənməsinə və cəmiyyətin obyektiv informasiya ilə təmin olunmasına mühüm töhfələr verib.
Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi media siyasəti nəticəsində söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm islahatlar həyata keçirilmiş, 1998-ci ildə senzuranın ləğvi ilə milli mətbuatın inkişafında yeni mərhələnin əsası qoyulmuşdur. Bu siyasi kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək media sahəsində institusional islahatlar, rəqəmsal transformasiya və peşəkar jurnalistikanın inkişafı istiqamətində mühüm nəticələr əldə edilmişdir.
Bu gün Azərbaycan mediası dövlətçilik maraqlarının müdafiəsində, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, cəmiyyətin operativ və etibarlı informasiya ilə təmin edilməsində mühüm rol oynayır. Şuşa Qlobal Media Forumu kimi nüfuzlu platformalar isə ölkəmizin qlobal informasiya məkanındakı mövqeyini daha da gücləndirir.
Qüdrətulla Ağasiyev
YAP Xaçmaz rayon təşkilatının əməkdaşı