PDF Oxu

Siyasət

  • 1 347

Şərəfli inkişaf yolu: milli maraqların qorunmasında mətbuatın rolu

image

Milli mətbuatımızın 151 illik tarixi özündə dünənimiz, bu günümüz, və gələcəyimizlə bağlı mühüm məqamları əks etdirir. 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Bu gün Azərbaycan mediası “Əkinçi” ənənələrinə sadiq qalaraq maarifçilik missiyasını uğurla davam etdirir, dövrün çağırlışlarını yüksək səviyyədə cavablandırır.

Milli mətbuatımlz şərəfli və mütərəqqi inkişaf yolu keçib. Müstəqillik dövründə 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın yeni inkişaf mərhələsinə daxil olması ilə bütün sahələrdə, o cümlədən mətbuatda davamlı uğurlara yol açıldı. Belə ki, ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı, problemlərin həlli, iqtisadi müstəqilliyin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görüldü.
Ulu Öndər Heydər Əliyevin 1998-ci ilin 6 avqust tarixində imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman mətbuatın bugünkü inkişafının başlanğıcı oldu. Azad mətbuatın inkişafı istiqamətində atılan addımlar davamlılığı ilə diqqətdədir. Ümummilli Liderin bu diqqət və qayğısı ümumiləşdirilmiş şəkildə Onun 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsində özünün aydın ifadəsini tapır. Dahi şəxsiyyət hər zaman bu çağırışı edirdi ki, mətbuat obyektiv və qərəzsiz olmalı, həqiqətləri olduğu kimi ictimaiyyətə çatdırmalıdır. Cəmiyyətin informasiya tələbatının yüksək səviyyədə təmin edilməsi əsas çağırışlardan idi. Ulu Öndərin mütəmadi media nümayəndələri ilə görüşləri, onların problemləri ilə yaxından maraqlanması, həlli istiqamətində mühüm addımlar atması media ictimaiyyəti tərəfindən yüksək dəyərləndirildi, onlarda məsuliyyət hissini daha da artırdı. Digər sahələrdə olduğu kimi, mətbuatda da 1993-2003-cü illərdə yaradılan möhkəm təməl sonrakı mərhələdə davamlı uğurları şərtləndirdi, müasir çağırışların yüksək səviyyədə yerinə yetirilməsinə stimul verdi.
Dövlət başçısı İlham Əliyev bu çağırışı edir ki, bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanda ənənəvi media ilə yanaşı, rəqəmsal platformaların inkişafı üçün geniş imkanlar yaradılıb. Jurnalistlərin peşəkarlığının artırılması təmin edilib, informasiya təhlükəsizliyinin qorunması və dezinformasiyaya qarşı mübarizə media sahəsində əsas prioritetlərdən biri kimi müəyyən olunub.
2020-ci il 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bütün sahələrdə yenilikləri, təkmilləşməni bir zərurətə çevirdi. Bu məqamı xüsusi qeyd etməliyik ki, Azərbaycan mediası 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı dövründə hadisələrin operativ işıqlandırılmasını təmin etmək üçün həm ön, həm də arxa cəbhədə fədakarlıqla və əzmlə çalışdı. Ölkəmiz və xalqımız üçün bu tarixi və taleyüklü mərhələdə media cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında böyük rol oynadı, haqq səsimizin və mövqeyimizin beynəlxalq ictimaiyyətə çatdırılmasında yüksək peşəkarlıq, əsl vətənpərvərlik və həmrəylik nümayiş etdirdi.
Qalib, yeni dövrə qədəm qoyan Azərbaycanın mətbuatı yeni hədəfləri ilə diqqətdədir. Dövlətimizin başçısı İlham Əliyev tarixi Zəfərimizin reallıqları əsasında 2021-ci ilin 12 yanvar tarixində “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzaladı. Məqsəd ölkədə medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılmasıdır.
Tarixi Zəfərimizin reallıqları, eyni zamanda, yeni “Media haqqında” Qanunun qəbulunu zərurətə çevirdi. 2021-ci ilin dekabr ayında qəbul olunmuş Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır. Atılan addımların davamlılığı mətbuata diqqət və qayğının dövlət siyasətinin prioritet istiqaməti olduğunu, bu baxımdan dövrün çağırışlarına uyğun olaraq təkmilləşmənin həyata keçirilməsini bir tələbə çevirdiyini nümayiş etdirir.
Mediamız qalib ölkənin mətbuatı adını yüksək səviyyədə qoruyur, dövrün hər bir çağırışını fəaliyyətində öndə saxlayır. Bu günlərdə azad Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumu 53 ölkədən 160 qonağı, o cümlədən 30 xəbər agentliyinin nümayəndələrini, 60-dan artıq media qurumunu, bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilatı və təsisatı bir araya gətirdi. Son dörd il ərzində Forumun 81 ölkənin 600-ə yaxın media nümayəndəsini qlobal problemlərin müzakirəsi üçün Şuşaya toplaması, bu məkandan Azərbaycanın mesajlarını beynəlxalq ictimaiyyətə çatdırması informasiya cəbhəsində üstünlüyümüzün qorunmasına öz töhfəsini verir. Cənab İlham Əliyevin vurğuladığı kimi, informasiya məkanında qazandığımız Zəfər döyüş meydanında qazandığımız şanlı Qələbəmizin ayrılmaz parçasıdır. Azərbaycan mediası dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir çağırışın, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərlə bağlı fikirlərinin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır. Prezident İlham Əliyevin yerli və xarici mətbuata hər bir müsahibəsi Azərbaycan reallıqlarının təbliğində, regionda və dünyada baş verən hadisələrlə bağlı ölkəmizin mövqeyinin təqdimatında zəngin mənbədir.
Azərbaycan mətbuatı bütün imkanlardan səmərəli istifadə edərək bütün bu reallıqları əsaslı şəkildə ölkə və beynəlxalq ictimaiyyətə çatdırır. Güclü, qüdrətli, qalib, yeni dövrə qədəm qoyan Azərbaycan hər birimizin qürur mənbəyidir.

Xatirə Əliyeva
Əməkdar jurnalist

Digər xəbərlər