PDF Oxu

Siyasət

  • 649

Bakı-Berlin dialoqunda yeni səhifə - ŞƏRH

image

Dünya ölkələri ilə uğurlu münasibət quran Azərbaycanın xarici siyasətinin əsaslarını qarşılıqlı hörmət,dövlətlərin suverenliyini və ərazi bütövlüyünü dəstəkləmək, daxili işlərə qarışmamaq və bərabərhüquqlu əməkdaşlıq prinsipləri təşkil edir. Ölkəmiz bu istiqamətdə ardıcıl siyasət yürütməklə qlobal arenada etibarlı tərəfdaş kimi tanınır, beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmləndirir və sülhə, təhlükəsizliyə, eləcə də qarşılıqlı faydalı əməkdaşlığın inkişafına əsaslı töhfələr verir.
Qeyd etdiyimiz kimi Azərbaycanın xarici siyasətində həmçinin Avropa ölkələri ilə də əməkdaşlıq mühüm yer tutur. İyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer və Kansler Fridrix Mertslə keçirdiyi ali səviyyəli görüşlər, habelə tarixi sənədin imzalanması iki ölkə arasındakı münasibətlərin inkişafının yeni mərhələyə keçdiyinin aydın təzahürüdür. Avropanın enerji və nəqliyyat arxitekturasının yenidən formalaşdığı bir dövrdə Almaniyanın Azərbaycanla birbaşa, praqmatik və bərabərhüquqlu dialoqa üstünlük verməsi böyük geoiqtisadi əhəmiyyət kəsb edir.
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dünyada və regionda baş verən hadisələr fonunda Azərbaycanı və Almaniyanı sabitlik adası kimi xarakterizə edib. Ştaynmayer Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu xüsusi vurğulayıb. Müzakirələr zamanı Almaniya Prezidentinin dünyada gedən mürəkkəb proseslər fonunda Azərbaycanı və Almaniyanı "sabitlik adası" kimi xarakterizə etməsi səfərin siyasi çəkisini göstərən mühüm məqamdır. Bu bəyanat Berlinin Bakını Mərkəzi Avrasiya məkanında regional təhlükəsizliyi və proqnozlaşdırılan siyasəti təmin edən etibarlı geosiyasi tərəfdaş kimi qəbul etdiyini sübut edir. Bəzi Qərb rəsmilərinin tərəfli yanaşmalarından fərqli olaraq, Almaniya rəhbərliyi Cənubi Qafqazla bağlı daha balanslı və konstruktiv siyasət yürütməyi üstün tutur. Bu mənada Azərbaycanla əlaqələrin genişlənməsində maraqlıdır.
Görüşlərdə enerji təhlükəsizliyi müstəvisində də əhəmiyyətli mesajlar verilib. Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təminatında oynadığı rola toxunaraq, ölkəmizin Almaniya və Avstriyaya təbii qaz ixrac etdiyini diqqətə çatdırıb. "Cənub qaz dəhlizi" və İtaliyanın qazpaylayıcı şəbəkəsi vasitəsilə SOCAR Almaniya şirkətlərini illik təxminən 2 milyard kubmetr həcmində təbii qazla təmin edir. Avropa İttifaqına ixrac edilən Azərbaycan qazının təxminən 90 faizini İtaliya qəbul etdiyindən Almaniya müəssisələri bu resursu Avropanın vahid infrastrukturu daxilindəki svop-əməliyyatları sayəsində əldə edirlər. Təxminən on il müddətinə nəzərdə tutulan bu uzunmüddətli anlaşmalar Almaniyanın enerji təchizatında tək mənşədən asılılığını azaldır, Azərbaycanı isə Avropanın enerji təhlükəsizliyinin əsas mərkəzlərindən birinə çevirir. SOCAR ilə Almaniyanın "Uniper" şirkəti arasında 2025-2026-cı illəri əhatə edən əməkdaşlıq proqramının imzalanması da bu münasibətlərin institusional xarakter aldığını göstərir.
Uzun müddətdir ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Bu gün Azərbaycan artıq Avropa İttifaqının 10 üzv dövləti də daxil olmaqla, ümumilikdə 16 ölkəyə təbii qaz ixrac edir. Karbohidrogen resursları ilə yanaşı, "yaşıl enerji"nin ixracı da tərəfdaşlığın yeni strateji istiqamətinə çevrilir. Almaniya Azərbaycanın külək və günəş enerjisi potensialından istifadədə son dərəcə maraqlıdır. Bu, Avropaya enerji mənbələrini şaxələndirmək imkanı verir, Azərbaycana isə bərpaolunan enerji potensialını ixrac məhsuluna çevirmək şansı yaradır.
Ali səviyyəli görüşlərdə Azərbaycan ilə Almaniya arasında münasibətlərin dostluq xarakteri daşıdığı qeyd edilib, iqtisadi və biznes əlaqələrinin inkişafı üçün geniş imkanların olduğu bildirilib. Dövlətimizin başçısının Almaniyaya səfərinin ikitərəfli əməkdaşlığın inkişafına ciddi təkan verəcəyinə əminlik ifadə olunub.
Azərbaycan-Almaniya yaxınlaşması Avropa İttifaqının "Global Gateway" (Qlobal Keçid) strategiyası kontekstində də böyük önəm daşıyır. Berlin Bakının Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması, kommunikasiyaların açılması və regional inteqrasiya istiqamətindəki təşəbbüslərini dəstəkləyir. Almaniya anlayır ki, "Şərq-Qərb" tranzit şəbəkəsinin fasiləsiz fəaliyyəti məhz Cənubi Qafqazda uzunmüddətli sabitlikdən asılıdır. Bu baxımdan Berlin Ermənistanla sülh müqaviləsinin imzalanması prosesinə də birmənalı dəstəyini ifadə edir.
Bütün bu amillər göstərir ki, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycan-Almaniya münasibətlərində yeni bir era açır. İki ölkə arasında qurulan bu strateji model dəyişən qlobal təhlükəsizlik sistemində dayanıqlı tərəfdaşlığın parlaq nümunəsidir.
Əminik ki, bu səfərin nəticələri Azərbaycanın Avropa ilə tərəfdaşlıq gündəminə yeni məzmun gətirəcək, əməkdaşlığın praktik müstəvidə daha məhsuldar nəticələr verməsinə şərait yaradacaq. Avropanın enerji təhlükəsizliyi, nəqliyyat əlaqələri və iqtisadi maraqları baxımından bu səfər Bakı-Berlin dialoqunda yeni səhifə kimi yadda qalacaqdır.

Seyfəddin Əliyev
YAP Masallı rayon təşkilatının sədri

Digər xəbərlər