Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında münasibətlər son illərdə dinamik inkişaf edərək keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Siyasi dialoqun intensivləşməsi, iqtisadi əməkdaşlığın genişlənməsi, enerji təhlükəsizliyi, yaşıl inkişaf və humanitar sahələrdə həyata keçirilən birgə təşəbbüslər iki ölkə arasında formalaşmış etibarlı tərəfdaşlığın əsas göstəriciləridir. Bu gün Azərbaycan-Almaniya münasibətləri təkcə ikitərəfli əlaqələrin inkişafı baxımından deyil, həm də Avropa ilə Cənubi Qafqaz arasında qarşılıqlı etimada və regional sabitliyə xidmət edən mühüm əməkdaşlıq modeli kimi diqqəti cəlb edir.
Almaniya Federativ Respublikası Azərbaycanın dövlət müstəqilliyini 1992-ci ilin yanvar ayında tanımış, həmin ilin avqustunda isə iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. Ötən müddət ərzində formalaşan əməkdaşlıq siyasi, iqtisadi, mədəni və humanitar istiqamətlərdə davamlı inkişaf yolu keçmişdir. Qarşılıqlı səfərlər, yüksəksəviyyəli görüşlər və siyasi məsləhətləşmələr əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə vermişdir.
Son illərdə Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərləri, Almaniya rəhbərliyi ilə keçirilən görüşlər, həmçinin Almaniya Federativ Respublikasının nümayəndələrinin Azərbaycana səfərləri tərəflər arasında qarşılıqlı etimadın daha da gücləndiyini nümayiş etdirir. Bu görüşlərdə enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, yaşıl enerji, nəqliyyat-logistika layihələri, regional təhlükəsizlik və sülh gündəliyi kimi mühüm məsələlər geniş müzakirə olunur.
Azərbaycan Almaniyanın Cənubi Qafqaz regionunda ən mühüm tərəfdaşlarından biridir. Xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin rolu Berlin tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan uzun illərdir Avropanın etibarlı enerji tərəfdaşı kimi fəaliyyət göstərir və təbii qaz ixracının şaxələndirilməsi istiqamətində mühüm töhfələr verir. Bu baxımdan Almaniya ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin strateji maraqlarına cavab verir.
İqtisadi əlaqələrin inkişafı da ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biridir. Almaniya Azərbaycanın Avropadakı aparıcı ticarət tərəfdaşlarından biri olmaqla yanaşı, qeyri-neft sektoruna investisiyaların cəlb edilməsində də mühüm rol oynayır. Alman şirkətləri sənaye, tikinti, logistika, kənd təsərrüfatı, maşınqayırma, rəqəmsal texnologiyalar və xidmət sahələrində müxtəlif layihələr həyata keçirirlər. Azərbaycanın əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və beynəlxalq logistika imkanları Almaniya üçün də yeni iqtisadi perspektivlər yaradır.
Yaşıl enerji sahəsində əməkdaşlıq son dövrdə xüsusi aktuallıq qazanmışdır. Azərbaycanın bərpaolunan enerji potensialı, xüsusilə günəş və külək enerjisi istiqamətində həyata keçirilən layihələr Almaniyanın texnoloji təcrübəsi ilə birləşərək yeni əməkdaşlıq imkanları yaradır. Azərbaycanın enerji keçidi strategiyası və iqlim gündəliyi Almaniya ilə bu sahədə tərəfdaşlığın daha da genişlənməsi üçün əlverişli zəmin formalaşdırır.
Humanitar və mədəni əlaqələr də Azərbaycan-Almaniya münasibətlərinin mühüm sütunlarından biridir. Təhsil, elm, mədəniyyət və turizm sahələrində həyata keçirilən layihələr xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir. Universitetlər arasında əməkdaşlıq proqramları, tələbə mübadiləsi, mədəni tədbirlər və müxtəlif forumlar iki ölkə arasında dostluq münasibətlərini daha da gücləndirir.
Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra regionda yaranmış yeni reallıqlar Almaniya ilə əməkdaşlıq üçün də əlavə imkanlar açmışdır. Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi, yaşıl enerji zonalarının yaradılması xarici investorlar, o cümlədən Almaniya şirkətləri üçün yeni əməkdaşlıq perspektivləri formalaşdırır.
Eyni zamanda, Azərbaycan regionda dayanıqlı sülhün və əməkdaşlığın təmin olunmasının tərəfdarıdır. Bu istiqamətdə aparılan siyasət Almaniya tərəfindən də müsbət qiymətləndirilir. Sülh gündəliyinin irəlilədilməsi, kommunikasiyaların açılması və iqtisadi inteqrasiyanın genişləndirilməsi Cənubi Qafqazın gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
Bütün bunlar göstərir ki, Azərbaycan ilə Almaniya arasında münasibətlər qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və ortaq maraqlar prinsiplərinə əsaslanır. Strateji əməkdaşlığın dərinləşdirilməsi həm iki ölkənin milli maraqlarına xidmət edir, həm də Avropa ilə Cənubi Qafqaz arasında etibarlı körpünün möhkəmlənməsinə, regional sabitliyin və iqtisadi inkişafın təmin olunmasına mühüm töhfə verir. Mövcud siyasi iradə və qarşılıqlı etimad fonunda Azərbaycan-Almaniya münasibətlərinin gələcək illərdə daha da inkişaf edəcəyi və yeni məzmun qazanacağı şübhə doğurmur.
Saday Qasımov
Azərbaycan Tibb Universitetinin 1-ci kurs tələbəsi