Dövlət başçısı 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsinin təmini məqsədilə Sərəncam imzalayıb
Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. İdmançılarımızın istər kütləvi, istərsə də, fərdi idman növlərinə görə əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirmişdir. İdmançılarımızın ən mötəbər beynəlxalq yarış və turnirlərdə əldə etdikləri nəticələr, Azərbaycanın davamlı olaraq yüksək səviyyədə ev sahibliyi etdiyi nüfuzlu idman tədbirləri ölkəmizə bu statusu qazandırmışdır. Dövlətin nüfuzunu və onun beynəlxalq münasibətlər sistemindəki yerini bir sıra amillər müəyyən edir. Bu amillər sırasında beynəlxalq idman tədbirləri də xüsusi yer tutur və dövlətlər arasında əlaqələrin qurulmasına, mədəni, iqtisadi və siyasi əlaqələrin genişlənməsinə öz töhfəsini verir. Azərbaycanın yüksək idman nəticələri, möhtəşəm qələbələr beynəlxalq idman qurumları tərəfindən yüksək qiymətləndirilir. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Şurası Bürosunun 2026-cı il 25 iyun tarixli iclasında 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) 2026-cı il oktyabrın 22–31-də Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilməsi böyük etimadın daha bir bariz nümunəsidir. İdman tarixində ilk dəfə keçiriləcək 15 yaşınadək oğlanlar arasında futbol üzrə dünya çempionatı və festivalına Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin beynəlxalq idman aləmində artan nüfuzunun daha da möhkəmlənməsinə, futbolun inkişafına və Azərbaycanın mötəbər yarışların təşkili sahəsində qazandığı təcrübənin zənginləşməsinə xidmət edəcəkdir. 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda layiqincə keçirilməsini təmin etmək məqsədilə “15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb.
AZƏRBAYCANIN BEYNƏLXALQ ARENADA TANIDILMASI ÜÇÜN MÜHÜM VASİTƏ
Sərəncama əsasən, 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının Azərbaycanda keçirilməsi ilə bağlı tədbirlərin əlaqələndirilməsi və zəruri məsələlərin həlli 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekabr tarixli 849 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinə həvalə edilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Bildiyimiz kimi, 1993-cü ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində bütün sahələrdə olduğu kimi, idman sahəsi də yeni inkişaf dövrünə qədəm qoydu. Onun rəhbərliyi ilə milli idman hərəkatının inkişafına xüsusi diqqət ayrıldı. Ümummilli Lider Heydər Əliyev idmanın təkcə fiziki sağlamlıq deyil, həm də milli ruhun yüksəldilməsi, gənclərin düzgün formalaşması və Azərbaycanın beynəlxalq arenada tanıdılması üçün mühüm vasitə olduğunu daim vurğulayırdı. İdmançılarımıza göstərilən qayğı, onların beynəlxalq yarışlarda iştirakı üçün yaradılan şərait, eləcə də ölkəmizdə idman infrastrukturunun yaradılması bu sahədə atılan mühüm addımlar idi.
Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirərək Azərbaycanın idmanını dünya miqyasında tanıdan böyük nailiyyətlərə imza atmışdır. Bu gün Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz bir çox sahələrdə regionun lider dövlətinə çevrilmişdir. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərmişdir. Hazırda nəinki paytaxtımızda, eləcə də, regionlarda bir çox Olimpiya kompleksləri, müasir idman qurğuları istifadəyə verilmiş, maddi-texniki baza möhkəmləndirilmişdir. Bütün bu işlər, əlbəttə ki, idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarında müstəsna rol oynamışdır.
AVROPA VƏ DÜNYA SƏVİYYƏLI İDMAN TƏDBİRLƏRİNİN EV SAHİBİ
Prezidentin rəhbərliyi ilə ölkəmizdə müasir idman infrastrukturunun genişləndirilməsi istiqamətində misilsiz işlər görülmüşdür. Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Su İdman Sarayı kimi möhtəşəm idman obyektləri istifadəyə verilmiş, respublikanın müxtəlif bölgələrində olimpiya idman kompleksləri inşa edilmişdir. Bu obyektlər həm yerli, həm də beynəlxalq səviyyəli yarışların keçirilməsində mühüm rol oynamışdır. Azərbaycan artıq dəfələrlə Avropa və dünya səviyyəli idman tədbirlərinə ev sahibliyi etmişdir. Azərbaycan idmançılarının Olimpiya və Paralimpiya Oyunlarında qazandığı medallar onların həm fiziki, həm də mənəvi baxımdan hazırlıqlı və güclü olduqlarını nümayiş etdirir. Prezident İlham Əliyev çıxışlarının birində vurğuladıgı kimi, ” Fiziki güc mənəvi saflığa da yol açır və şadam ki, bizim idmançılarımızın mütləq əksəriyyəti idmanda da, məişətdə də, cəmiyyətdə də nümunədirlər, örnəkdirlər. Onların davranışı, cəmiyyətdəki fəaliyyəti məni və əminəm ki, bütün xalqımızı sevindirir. Azərbaycan gənci məhz belə olmalıdır - vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf, öz xalqına, dövlətinə bağlı, heç bir kənar təsirə boyun əyməyən və ləyaqətli Azərbaycan gənci”. Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir. Dövlətimiz məqsədyönlü siyasətini ardıcıl şəkildə aparır. Cənab İlham Əliyev bu siyasətə imkan yaradan amillər haqqında belə demişdir: “Azərbaycanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, genişmiqyaslı quruculuq işləri aparılır. Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik, necə ki, bunu həmişə etmişik və elə gözəl gənc nəsil yetişdirmişik ki, həm idman arenalarında ölkəmizin bayrağını qaldırır, həm də döyüş meydanında.”
İDMAN DÜNYAYA SÜLH MESAJLARI VERİR
Hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır. Azərbaycanın idman siyasəti gənclər siyasətinin ana xəttini təşkil edir. Azərbaycan gəncləri Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunurlar. Onlar beynəlxalq tribunalardan xalqımızın haqq səsini dünyaya yayır, beynəlxalq ictimaiyyətin əsl həqiqəti bilməsi üçün var gücü ilə çalışırlar. Bu təbliğatın əsas qolu isə idman yarışlarıdır. İdman dünyaya sülh mesajları verir.
Azərbaycan idman yarışlarına təşkilatçılıqla yanaşı, ölkələrin idman sahəsində qazandıqları nəticələr də çox vacib amillər sırasındadır. Sevindirici haldır ki, idmançılarımız həmişə onlara göstərilən etimadı doğruldublar. Sidney görüşü ölkəmizə 2 qızıl, 1 bürünc medal qazandırdı. Afinadan Azərbaycana 5 medalla qayıdan idmançılarımız Pekin yarışlarında 1 qızıl, 2 gümüş, 4 bürünc medalla pərəstişkarlarını sevindirdilər. Azərbaycana uğur gətirməklə idmançılarımızın dünya birliyində tanınmasına səbəb olan London XXX Yay Olimpiadası daha uğurlu oldu. Belə ki, qaliblər üçün nəzərdə tutulan medallardan 2 qızıl, 2 gümüş, 4 bürünc qazanmaqla ölkəmizə 10 medalla döndülər. Çində keçirilmiş yeniyetmələrin Yay Olimpiya Oyunlarında gənclərimiz əlavə aktivlər qazandılar. Bu kimi tarixi nailiyyətlər gənclərimizin idmana maraq və həvəsini daha da artırdı. Azərbaycana 56 medal qazandıran Birinci Avropa Oyunları bir daha təsdiqlədi ki, ölkəmizdə perspektivli, güclü idmançılar nəsli yetişməkdədir. Azərbaycana "Bakı- 2017" İslam Həmrəyliyi Oyunlarının qalibi adını qazandıran amillər, bu sahədə qazanılan zəngin təcrübənin özünü doğrultduğunu göstərdi. MDB ölkələri zəhmətkeşlərinin beynəlxalq V İdman Oyunlarında Azərbaycan idmançıları 37 medal - 9 qızıl,12 gümüş və 16 bürünc medal qazandılar.
Paytaxtımızda start götürmüş elit yarışmalarından olan "Formula-1"-ə ölkəmizin ev sahibliyi etməsi dünyanın idman arenalarında artıq özünə layiqli yer tutan Azərbaycanın iqtisadi gücünü, inkişafını, qonaqpərvərliyini, multikultural dəyərlərini bir daha dünyaya nümayiş etdirmiş oldu. Xatırladaq ki, Formula 1 yarışları Bakıda 2016-cı ildən keçirilir. Bakının "Formula-1" kimi mühüm yarışı da yüksək səviyyədə təşkil etməsi bir daha Azərbaycanın idman dövləti olduğunu, bu missiyanın ölkəmizin timsalında hər zaman özünü doğrultduğunu təsdiqləmiş oldu. Bütün bunlar, Prezident İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının real və əyani təcəssümüdür. Azərbaycanın mötəbər idman yarışlarına müvəffəqiyyətlə ev sahibliyi etməsi də bu sahənin, eləcə də həmin idman növlərinin inkişafına, idmanın kütləviliyinin təmin olunmasına xidmət edir.
Nəzakət ƏLƏDDİNQIZI