Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması və inkişaf etdirilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin xidmətləri müstəsna əhəmiyyət kəsb edir. Bu xidmətlər sırasında Azərbaycan dilinin dövlət dili kimi qorunması, inkişaf etdirilməsi və cəmiyyət həyatının bütün sahələrində tətbiqinin genişləndirilməsi xüsusi yer tutur. Ulu Öndər ana dilini xalqın milli varlığının, tarixi yaddaşının və mənəvi birliyinin əsas dayağı hesab edir, onun qorunmasını dövlətçilik siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirirdi.
Sovet İttifaqı dövründə milli dillərin sıxışdırıldığı bir şəraitdə Heydər Əliyev Azərbaycan dilinin hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atmışdır. Məhz onun qətiyyətli mövqeyi nəticəsində 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olması təsbit edilmişdir. Bu, həmin dövr üçün böyük siyasi iradə və milli maraqların müdafiəsinin bariz nümunəsi idi.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da Heydər Əliyev dövlət dilinin inkişafına xüsusi diqqət yetirmişdir. Onun rəhbərliyi ilə Azərbaycan dilinin dövlət idarəçiliyində, təhsil sistemində, kütləvi informasiya vasitələrində və digər sahələrdə tətbiqi daha da genişləndirilmiş, dilimizin saflığının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. 2001-ci il 18 iyun tarixində imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman Azərbaycan dilinin inkişafında yeni mərhələnin əsasını qoymuşdur.
Ulu Öndər çıxışlarında dəfələrlə vurğulayırdı ki, ana dili xalqın milli kimliyini yaşadan ən mühüm amildir. Onun təşəbbüsü ilə latın qrafikalı Azərbaycan əlifbasına tam keçid təmin edilmiş, Azərbaycan dilinin zənginliyinin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm dövlət proqramları həyata keçirilmişdir. Bu siyasət milli-mənəvi dəyərlərin qorunmasına və milli şüurun daha da möhkəmlənməsinə mühüm töhfə vermişdir.
Bu gün Prezident İlham Əliyev tərəfindən Ümummilli Liderin müəyyən etdiyi dil siyasəti uğurla davam etdirilir. Azərbaycan dilinin beynəlxalq nüfuzu artırılır, onun elmi, mədəni və rəqəmsal mühitdə istifadəsi genişləndirilir. Dövlət dilinin saflığının qorunması, yeni nəsildə ana dilinə sevginin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusunun verilməsi və onun inkişafı sahəsində həyata keçirdiyi siyasət xalqımızın milli sərvətinin qorunmasına yönəlmiş tarixi xidmətlərdən biridir. Bu siyasət nəticəsində Azərbaycan dili bu gün müstəqil dövlətimizin əsas rəmzlərindən biri kimi öz nüfuzunu daha da möhkəmləndirərək ölkənin ictimai-siyasi, elmi və mədəni həyatında aparıcı mövqe tutur.
Süleyman Tağıyev
YAP Sədərək rayon təşkilatının məsləhətçisi