Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.
Bu gün böyük fəxarətlə deyə bilərik ki, qəhrəman xalqımız zamanın ən çətin sınaqlarından çox böyük məharətlə keçərək dilimizi, milliliyimizi, mənəvi dəyərlərimizi qoruyub bu günümüzə qədər gətirib çıxarmışdır. Dərin köklərə malik öz tariximiz, mədəniyyətimiz və dilimiz var. Azərbaycan dili minilliklər ərzində formalaşaraq zəngin söz ehtiyatına, mükəmməl qrammatik quruluşa və yüksək bədii ifadə imkanlarına malik olmuşdur. Azərbaycan dili xalqımızın milli-mədəni xəzinəsinin əsas komponentlərindən biridir.
Bütün sahələrdə olduğu kimi, Ana dilimizin inkişafında, onun dövlət dili olaraq yüksək mərtəbəyə qaldırılmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Yaradılmış süni məhdudiyyətlərə rəğmən Ümummilli Lider ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olmuşdur. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir.
Ulu öndərHeydər Əliyevin təşəbbüsü ilə 1978-ci il aprelin 2-də qəbul edilmiş Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan dilinin dövlət dili” olması ilə bağlı müddəanın daxil edilməsi o dövr üçün tarixi və siyasi baxımdan mühüm addım idi. Bu, sovet məkanında nadir hallardan biri olaraq, milli dilin hüquqi status alması demək idi. Ulu Öndər Konstitusiya müzakirələri zamanı milli dil məsələsinin yalnız mədəni deyil, həm də hüquqi və siyasi məsələ olduğunu açıq şəkildə bəyan etmişdi. Beləliklə, Azərbaycan dili ilk dəfə rəsmi olaraq dövlət dili statusuna yüksəldi.
Müstəqillik əldə edildikdən sonra ana dilinin inkişafı və hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində yeni bir mərhələ başlandı. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ilə ana dilimizin adı – “Azərbaycan dili” olaraq təsdiqləndi. Konstitusiyanın 21-ci maddəsində bu ifadənin yer alması, milli iradənin və ümumxalq dəstəyinin təzahürü idi. Heydər Əliyevin rəhbərliyi ilə aparılan bu təşəbbüs, Azərbaycanın milli ideoloji xəttində dil məsələsinin prioritet olduğunu bir daha təsdiqlədi.
Ulu Öndər Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı müasir dövrün tələblərinə uyğun dil siyasətinin əsasını qoydu. Bu fərman əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması, dövlət dilinin tətbiqi və qorunması sahəsində ardıcıl və sistemli fəaliyyətin başlanğıcı oldu. Fərman həmçinin dövlət idarəçiliyində, təhsil sistemində və informasiya resurslarında Azərbaycan dilinin üstünlüyünü təmin etdi.
Bu gün Ümummilli Liderin layiqli davamçısı olaraq Prezident İlham Əliyev Ana dilinin inkişafı və qorunmasına yönəlik dövlət strategiyasını uğurla davam etdirərək, dilimizə, milli adət-ənənələrimizə, mənəvi dəyərlərimizin təbliğinə, qədim tarixə malik mədəniyyətimizin tanıdılmasına böyük həssaslıqla yanaşır. Dövlət başçımızın səyləri nəticəsində Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımlar atılmışdır.
Səbuhi Əliyev,
Yeni Azərbaycan partiyadı Goranboy rayon təşkilatının əməkdaşı