Avqustun 20-də YAP Qaradağ təşkilatının "Şəhərsalma və Memarlıq İli" çərçivəsində təşkil etdiyi Yay məktəbinin iştirakçıları Xocalı Memorial Kompleksində olublar. Qonaqlara bildirilib ki, Xocalı faciəsi qurbanlarının xatirəsini əbədiləşdirmək, tarixi həqiqətləri gələcək nəsillərə çatdırmaq məqsədilə yaradılan komleks Heydər Əliyev Fondunun hazırladığı konsepsiya əsasında həyata keçirilib.
Memorialın təməli 26 fevral 2024-cü ildə qoyulub. Kompleks 26 fevral 2026-cı ildə rəsmi olaraq açılıb. Memorialı əhatə edən monolit quruluş Xocalı sakinlərini qorumağa çalışan rəmzi əllər formasındadır. Kompleks 4 bölmədən ibarətdir; ilk iki bölmədə Xocalı faciəsinə həsr olunmuş ekspozisiya zalları yerləşir. Həyətdə Xocalı qurbanlarının xatirəsinə badam ağacları əkilib; badam çiçəyi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əlyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyasının rəmzidir.
Həmin gün Xankəndi şəhərinə gələn layihənin iştirakçıları əvvəlcə Qarabağ Universitetində olublar. Qanaqları qarşılayan universitetin prorektoru onlara bu ali təhsil ocağı barədə ətraflı məlumat verib.
Bildirib ki, Qarabağ Universiteti işğaldan azad edilmiş Qarabağda yaradılan ilk ali təhsil müəssisəsi kimi xüsusi əhəmiyyət daşıyır. Universitetin rəsmi fəaliyyətinə 2024-cü ildə başlanılıb. Hazırda universitetdə 9 fakültə və 49 ixtisas var. Təhsil dövlət tərəfindən maliyyələşdirilir. Universitetin tədris binaları əsaslı şəkildə təmir olunub və müasir avadanlıqlarla təchiz edilib. Universitetdə müxtəlif istiqamətlər üzrə laboratoriyalar, kitabxana və tələbələr üçün digər tədris imkanları yaradılıb. Kitabxanada Azərbaycan, ingilis və rus dillərində 6 mindən çox dərslik və digər ədəbiyyatın olduğu bildirilib. Universitet yalnız tədrislə məhdudlaşmır. Burada elmi-tədqiqat və innovasiya istiqamətində fəaliyyət də həyata keçirilir.
Universitetin strukturunda müxtəlif tədqiqat laboratoriyaları, o cümlədən Azıx Arxeoloji Tədqiqat və Analiz laboratoriyası fəaliyyət göstərir. Qarabağ Universitetində tələbələr üçün kitabxana, akademik dəstək, karyera və təcrübə imkanları, tələbə təşəbbüsləri, idman və yaşayış imkanları nəzərdə tutulub. Universitet beynəlxalq əlaqələrin inkişafına da diqqət yetirir. 2026-cı ildə Qarabağ Universitetinin rektoru Şahin Bayramov Azərbaycan və Qazaxıstan ali təhsil müəssisələrinin II Rektorlar Forumunda iştirak edib.
Forumda akademik mobillik, tələbə mübadiləsi və birgə təhsil proqramlarının inkişafı məsələləri müzakirə olunub. Qarabağ Universitetinin əsas məqsədlərindən biri Qarabağın gələcək inkişafı üçün yüksək ixtisaslı kadrlar hazırlamaq, müasir təhsil və tədqiqat mühiti yaratmaq və Xankəndini regional elm və təhsil mərkəzinə çevirməkdir.
Sonra iştirakçılar Xankəndi şəhərində yerləşən Zəfər Tağı parkını ziyarət ediblər. Bildirilib ki, Zəfər Tağı Xankəndi şəhərində yaradılmış Zəfər Parkının mərkəzi memarlıq elementidir. Parkın təməli 19 fevral 2025-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə qoyulub və 24 dekabr 2025-ci ildə istifadəyə verilib. Zəfər Tağının hündürlüyü 44 metrdir. Bu rəqəm 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsinin rəmzidir. Tağ 10 mərtəbədən və terrasdan ibarət binadır. Tağın yuxarı hissəsində şəhərə baxmaq üçün baxış terrası yaradılıb. Terrasda 8 rəqəmini simvolizə edən konstruksiya yerləşdirilib. 8 rəqəmi 8 Noyabr – Zəfər Günü ilə bağlıdır. Tağın 9-cu mərtəbəsində "Zəfər qalereyası" adlı sərgi-nümayiş zalı yaradılıb. Burada Azərbaycanın tarixi Zəfəri ilə bağlı materialların təqdim olunması nəzərdə tutulub.
Zəfər Parkının girişindən Zəfər Tağına doğru 44 pilləkən salınıb. Pilləkənlərin mərkəzi hissəsində yerləşdirilmiş lövhələrdə Vətən müharibəsinin gedişi, o cümlədən azad edilmiş yaşayış məntəqələrinin adları haqqında məlumatlar verilir. Həmçinin lövhələrdə 2023-cü ilin antiterror əməliyyatının nəticələrinə dair məlumatlar da əks etdirilib.
Beləliklə, parkın girişindən tağa qədər olan yolun özü də 44 günlük Zəfərin simvolik ifadəsinə çevrilib.
Xankəndi Zəfər Parkının ümumi sahəsi 9 hektardır. Parkda fəvvarələr, işıqlandırma və musiqi sistemləri də yaradılıb. Xankəndi Zəfər Tağı yalnız memarlıq obyekti deyil. O, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin, ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasının simvolik ifadələrindən biridir.
Yay məktəbinin ikinci günü iştirakçıların Şuşa, Laçın, Qubadlı və Zəngilana səfəri planlaşdırılır.