Lənkəranda 1993-cü ilin avqustunda baş verən hadisələrin ildönümü münasibətilə keçirilən anım tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Mikayıl Cəfərzadə, Milli Qəhrəmanların ailə üzvləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Lənkəran hadisələri zamanı separatçı qüvvələrə qarşı mübarizədə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəmanlar — Sultanağa Bayramov, Paşa Təhməzov, Etibar Əliyevin xatirəsinə ucaldılmış abidələrin önünə gül dəstələri qoyulub. Həmçinin 1995-ci ilin mart dövlət çevrilişi zamanı şəhadətə qovuşan Milli Qəhramanlar Əsgər Əliyev və Rövşən Abdullayevin də abidələri ziyarət olunub.
23 avqust hadisələrinin Azərbaycanın müstəqilliyinin qorunması tarixində mühüm rol oynadığı vurğulayan Lənkəran ŞİH başçısının birinci müavini Mikayıl Cəfərzadə onu da bildirib ki, həmin günlərdə xalqımız dövlətçiliyimizin sarsılmazlığını nümayiş etdirib, milli birliyin gücü sayəsində ölkənin cənub bölgəsində baş qaldıran separatçı qüvvələrin qarşısı qətiyyətlə alınıb.
Natiq daha sonra deyib:- Qəhrəman oğulların göstərdiyi fədakarlıq bu gün də gənc nəsil üçün örnəkdir. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovun rəhbərliyi ilə onların əziz xatirəsi hər zaman ehtiramla yad olunur, vətənpərvərlik ənənələrinin gələcək nəsillərə ötürülməsi üçün ardıcıl tədbirlər həyata keçirilir.
Anım tədbirində iştirak edən Milli Qəhrəmanların ailə üzvləri onlara göstərilən diqqət və qayğıdan razı qaldığını bildirib, dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü