İki türkdilli dövlətin - Azərbaycanla Özbəkistanın tarixi dostluq, qardaşlıq münasibətləri ötən dövr ərzində nəinki davamlı olaraq inkişaf etdirilib və hətta uzun illərin sınağından fədakarlıqla çıxıb. Lakin son bir neçə ildə isə Azərbaycanla Özbəkistan arasınndakı dostluq və qardaşlıq münasibətləri daha da inkişaf edərək zirvələrə ucalıb. Bu işdə Azərbaycan Prezidenti İlham Əliyevlə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qətiyyətli və məqsədyönlü fəaliyyətləri mühüm rol oynayıb.
Prezident İlham Əliyevin avqustun 23- də Özbəkistana səfəri və ölkəmizin başçısının burada çox möhtəşəm qonaqpərvərliklə qarşılanması göstərdi ki, hər iki ölkə bir-birlərinə qarşı sarsılmaz dostluq və qardaşlıq hisslərinə malikdirlər. Hələ səfərdən öncəki dövrdə dövlət rəhbərləri tərəfindən imzalanan “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” ikitərəfli əlaqələrin hüquqi bazasını daha da möhkəmləndirmişdi. Eyni zamanda, təsis edilən Ali Dövlətlərarası Şura da strateji tərəfdaşlığın dərinləşdirilməsi üçün mühüm institusional mexanizmə çevrilmişdi.
Təbii ki, iki qardaş ölkənin dostluğunun və əbədi müttəfiqliyini təsdiq edən sənəd isə Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində iki ölkənin prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” oldu. Bu müqavilə sadəcə bir kağız parçası deyil, iki xalqın bir-birlərinə qarşı olan dostluq və qardaşlıq duyğularının təzahürüdür. Liderlər bu duyğuları rəsmləşdirməklə ölkələrini hər cür təhlükələrə və təhdidlərə qarşı birgə səfərbərliyə hazırlayırlar. Bəli, məhz sözügedən müqavilə Azərbaycan-Özbəkistan münasibətlərinin dostluqdan daha yüksək səviyyəyə qalxdığını nümayiş etdirir. Eyni zamanda, iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın daha da gücləndirilməsi üçün möhkəm əsas yaradır. Xüsusilə türk dövlətləri arasında həmrəyliyin artması baxımından bu sənəd mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, Özbəkistan keçmiş Qarabağ münaqişəsində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. İkinci Qarabağ müharibəsindəki tarixi qələbəmizdən sonra isə qardaş ölkə tərəfindən Füzuli şəhərində inşa edilən Mirzə Uluqbəy adına tam orta məktəb və «Dostluq bağı» bu dəstəyin və sarsılmaz birliyin parlaq rəmzləri oldu. Səfər çərçivəsində hər iki ölkənin prezidentlərinin mətbuta birgə açıqlamaları zamanı ölkəmizin başçsı bu barədə demişdir: Əlbəttə, Prezident Şavkat Miromonoviç Mirziyoyevin Qarabağa investisiya cəlb edilməsində müstəsna rolunu bir daha qeyd etmək istərdim. İlk yardım - Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisi və Xankəndidə tikiş fabrikinə investisiyalar Özbəkistandan gəldi. İlk böyük sənaye müəssisəsi də Özbəkistanla bağlıdır. Həm Qarabağ bölgəsində, həm də bir çox digər bölgələrdə əlavə qarşılıqlı fəaliyyət planları mövcuddur. Həmçinin diqqətəlayiqdir ki, bu gün bir çox layihənin, - düşünürəm ki, on, bəlkə də daha çox, - açılışı və ya təməlinin qoyulması ilə bağlı tədbirlər zamanı regional layihələr də olub.
Azərbaycanla Özbəkistan arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcək.
Zülfüqar Cəfərov
YAP Sabunçu rayon təşkilatının sədr müavini