Türk dünyasının iki parlaq ulduzu, şanlı tarixin və zəngin mədəniyyətin varisləri olan Azərbaycan və Özbəkistan bu gün öz münasibətlərində həqiqi mənada qızıl dövrünü yaşayır. Əsrlər boyu eyni mənəvi bulaqdan su içən, eyni dili, dini və adət-ənənələri bölüşən xalqlarımız arasındakı dərin qarşılıqlı rəğbət zamanın bütün sınaqlarından keçərək bu gün sarsılmaz müttəfiqlik qalasına çevrilmişdir. Bu gün Bakı ilə Daşkənd arasında ucalan dostluq körpüsü yalnız rəsmi protokol və sazişlərə deyil, qardaş qəlbinin döyüntülərinə və sarsılmaz etimada söykənir.
Azərbaycan və Özbəkistan xalqlarını bir-birinə bağlayan tellər tarixin ən dərin qatlarına gedib çıxır. Ulu babalarımızın bizə miras qoyduğu ortaq dəyərlər, eyni kökdən bəhrələnən dilimiz və mədəniyyətimiz nəsildən-nəslə ötürülərək mənəvi varlığımızın ayrılmaz hissəsinə çevrilmişdir. Nizami Gəncəvinin hikməti ilə Əlişir Nəvainin kəlamları, Dədə Qorqud boyları ilə Özbək dastançılıq ənənəsi eyni mənəvi irsin tərkib hissələridir. Bu tarixi və mənəvi bünövrə üzərində ucalan dövlətlərarası münasibətlərimiz son illərdə misli görünməmiş inkişaf dinamikası qazanaraq yeni məzmun kəsb etmişdir. Xalqlarımızın qəlbində yaşayan dərin rəğbət və sevgiyə söykənən bu əlaqələr bu gün iki qardaş dövlətin gücünü bir nöqtəyə cəmləyərək onları regionun və Türk dünyasının aparıcı sütununa çevirmişdir.
Bu uca qardaşlıq sarayının ucaldılmasında hər iki ölkə rəhbərinin müstəsna xidmətləri və tarixi rolu vardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti, əziz qardaşımız Şavkat Mirziyoyev arasında mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və yüksək etimad Azərbaycan-Özbəkistan müttəfiqliyinin əsas hərəkətverici qüvvəsidir. Prezident Şavkat Mirziyoyevin iki ölkə arasında birliyin, qardaşlığın və müttəfiqliyin möhkəmlənməsi naminə nümayiş etdirdiyi yorulmaz və qətiyyətli fəaliyyəti Azərbaycan xalqının qəlbində dərin rəğbət və ehtiram qazanmışdır. Dövlət başçılarının müntəzəm xarakter alan görüşləri, son beş ildə həyata keçirilən 15 qarşılıqlı səfər bu münasibətlərin nə qədər canlı, dinamik və səmimi olduğunun bariz sübutudur.
Gözəl və bənzərsiz Özbəkistana hər bir səfər Azərbaycan xalqı üçün böyük bayram və məmnunluq hissidir. Ənənəvi olaraq bu səfərlər müstəsna qonaqpərvərlik, yüksək səmimiyyət və tam qarşılıqlı anlaşma mühitində baş tutur. Qardaş Özbəkistana səfərlər zamanı şahid olduğumuz son illərin sürətli inkişafı, modernləşmə və böyük quruculuq işləri hər bir azərbaycanlının qəlbini qürurla doldurur. Müasir və möhtəşəm şəhərlərin salınması, iqtisadiyyatın hərtərəfli şaxələndirilməsi, genişmiqyaslı infrastruktur layihələrinin uğurla icrası Özbəkistanın qüdrətini və parlaq gələcəyini nümayiş etdirir. Bu böyük intibah və tərəqqi qardaş ölkənin qlobal miqyasda nüfuzunu artırmaqla yanaşı, bütün Türk dünyasının fəxr mənbəyinə çevrilmişdir.
Azərbaycan xalqı özünün ən çətin və şərəfli anlarında Özbəkistanın qardaşlıq dəstəyini hər zaman hiss etmişdir. Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra işğaldan azad edilmiş Qarabağda aparılan genişmiqyaslı bərpa işlərində Özbəkistanın yaxından iştirak etməsi bu birliyin ən ali təzahürüdür. Füzuli şəhərində Özbəkistan tərəfindən hədiyyə olaraq inşa edilən Mirzə Uluqbəy adına tam orta məktəb iki xalqın əbədi dostluğunun, maarif və mədəniyyət həmrəyliyinin parlaq abidəsidir.
Azərbaycan və Özbəkistanın bu gün nümayiş etdirdiyi birlik və müttəfiqlik modeli regional sülhün, sabitliyin və tərəqqinin ən möhkəm zəmanətidir. Ortaya qoyulan güclü siyasi iradə və xalqlarımızın bir-birinə olan dərin sevgisi gələcək nəsillər üçün ən qiymətli irsdir. Bakı və Daşkənd əl-ələ verərək Türk dünyasının parlaq gələcəyini inşa edir.
Asim Quliyev
YAP Şahbuz rayon təşkilatının mühasibi