PDF Oxu

Siyasət

  • 562

Böyük gələcəyə aparan qardaşlıq yolu - ŞƏRH

image

Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri çərçivəsində Daşkənddə mətbuata verdiyi bəyanat Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü yüksək səviyyəsini və gələcək inkişaf perspektivlərini bir daha nümayiş etdirdi. Dövlət başçısının səfəri zamanı səsləndirdiyi fikirlərdən aydın görünür ki, iki qardaş ölkə arasında əlaqələr artıq yalnız siyasi və diplomatik münasibətlərlə məhdudlaşmır, iqtisadiyyatın, investisiyaların, nəqliyyatın, energetikanın, təhsilin, mədəniyyətin və digər sahələrin əhatə etdiyi genişmiqyaslı strateji tərəfdaşlığa çevrilib.

Prezident İlham Əliyev Daşkəndin və bütövlükdə Özbəkistanın son illərdə əldə etdiyi böyük inkişafı xüsusi qeyd edərək bildirdi ki, “Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır”. Dövlət başçısı vurğuladı ki, Şavkat Miromonoviç Özbəkistana rəhbərlik etməyə başlayanda vəziyyət tamamilə başqa cür idi. Bu dəyişiklikləri Özbəkistan vətəndaşları çox yaxşı bilirlər və Azərbaycan da bu inkişaf prosesini yaxından izləyir. Bu fikirlər Özbəkistanda həyata keçirilən islahatların, iqtisadi inkişafın və genişmiqyaslı quruculuq işlərinin real nəticələrinə verilən yüksək qiymətin ifadəsidir.

Bu gün Daşkənd müasir şəhərsalma, yeni infrastruktur və böyük investisiya layihələri ilə regionun ən sürətlə inkişaf edən şəhərlərindən birinə çevrilməkdədir. Özbəkistanın iqtisadi və sosial həyatında baş verən dəyişikliklər ölkənin gələcək üçün böyük hədəflər müəyyənləşdirdiyini göstərir. Azərbaycan da bu inkişaf prosesində Özbəkistanın ən yaxın və etibarlı tərəfdaşlarından biri kimi fəal iştirak edir. Səfər çərçivəsində müxtəlif layihələrin açılışının keçirilməsi və yeni layihələrin təməlinin qoyulması bunun bariz nümunəsidir.

Azərbaycan–Özbəkistan arasında iqtisadiyyatın bütün sahələrində əməkdaşlıq uğurla davam edir. İki ölkə arasında ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların genişləndirilməsi və birgə müəssisələrin yaradılması istiqamətində mühüm addımlar atılır. Prezident İlham Əliyevin qeyd etdiyi bir milyard dollarlıq ticarət dövriyyəsi hədəfi də artıq uzaq və əlçatmaz məqsəd kimi deyil, yaxın illərdə əldə olunacaq real nəticə kimi qiymətləndirilir. Bu yanaşma iki ölkənin iqtisadi potensialına və qarşılıqlı əməkdaşlığın gələcəyinə olan inamın göstəricisidir.

Azərbaycan və Özbəkistanın iqtisadi potensiallarının bir-birini tamamlaması əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanlar yaradır. Sənaye, kənd təsərrüfatı, energetika, nəqliyyat və logistika, turizm, bank sektoru, təhsil, informasiya texnologiyaları və digər sahələrdə yeni layihələrin həyata keçirilməsi qarşılıqlı ticarətin və investisiyaların artmasına mühüm töhfə verə bilər. Bu baxımdan iki ölkə arasında münasibətlər yalnız əldə olunan nəticələrlə deyil, qarşıda duran böyük imkanlarla da xarakterizə olunur.

Azərbaycan Prezidenti Mərkəzi Asiya və Azərbaycanın böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi region olduğunu xüsusi vurğuladı. Bu fikir Azərbaycan–Özbəkistan əməkdaşlığının regional əhəmiyyətini də ortaya qoyur. Azərbaycanın Avropa ilə Mərkəzi Asiyanı birləşdirən mühüm nəqliyyat və logistika imkanları, Özbəkistanın isə Mərkəzi Asiyanın mühüm iqtisadi mərkəzlərindən biri olması iki ölkənin əməkdaşlığını daha geniş regional layihələr üçün əlverişli edir. Xəzər dənizi üzərindən keçən nəqliyyat marşrutlarının inkişafı, ticarət əlaqələrinin genişləndirilməsi və qarşılıqlı investisiyaların artırılması gələcəkdə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi inteqrasiyanı daha da gücləndirə bilər.

Azərbaycan–Özbəkistan münasibətlərinin əsas üstünlüklərindən biri də bu əlaqələrin möhkəm mənəvi və tarixi təmələ malik olmasıdır. Azərbaycan və özbək xalqları arasında əsrlər boyu formalaşmış mədəni və mənəvi yaxınlıq dövlətlərarası münasibətlərin inkişafına da mühüm təsir göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ikitərəfli münasibətlər həm mənəvi, həm də maddi təməl üzərində qurulub. Bu amillərin vəhdəti Azərbaycan və Özbəkistan arasındakı tərəfdaşlığın davamlı və uzunmüddətli olmasına şərait yaradır.

Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasının keçirilməsi də münasibətlərin institusional baxımdan möhkəmləndiyini göstərir. Bu mexanizm iki ölkə arasında əldə olunan razılaşmaların sistemli şəkildə həyata keçirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və mövcud layihələrin daha səmərəli icrası baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin sözləri ilə desək, irəliləmək üçün iki ölkənin çox dəqiq fəaliyyət planı var və hər bir layihə konkret məzmunla zəngindir. Bu isə əməkdaşlığın yalnız xoş niyyətlər üzərində deyil, konkret layihələr və nəticələr üzərində qurulduğunu göstərir.

Səfər zamanı Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı təltif olunması da xüsusi əhəmiyyət daşıyan hadisə oldu. Prezident Şavkat Mirziyoyev ali dərəcəli “Dostluq” ordenini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi. Prezident İlham Əliyev isə “Heydər Əliyev” ordenini Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevə təqdim etdi. Bu təltiflər iki dövlət başçısının Azərbaycan və Özbəkistan xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına verdiyi töhfənin yüksək qiymətləndirilməsinin rəmzi ifadəsidir.

Ümumilikdə, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan–Özbəkistan münasibətlərinin yeni və daha yüksək inkişaf mərhələsinə daxil olduğunu nümayiş etdirdi. Siyasi dialoqun yüksək səviyyəsi, qarşılıqlı etimad, iqtisadi əməkdaşlığın genişlənməsi, yeni investisiya layihələri və regional əməkdaşlıq imkanları iki ölkənin qarşısında böyük perspektivlər açır. Azərbaycan və Özbəkistanın bir milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə doğru irəliləməsi, iqtisadiyyatın müxtəlif sahələrində yeni layihələr həyata keçirməsi və Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin gücləndirilməsi gələcəkdə daha böyük nəticələrin əldə olunacağına əsas verir.

Bu gün Azərbaycan–Özbəkistan münasibətləri qarşılıqlı hörmət, etimad, qardaşlıq və strateji maraqlar üzərində inkişaf edir. Daşkəndin və bütün Özbəkistanın yüksəliş dövrünü yaşadığı bir zamanda Azərbaycan da bu prosesdə etibarlı tərəfdaş kimi çıxış edir. İki ölkə arasında mövcud möhkəm siyasi iradə və böyük iqtisadi potensial qarşıdakı illərdə əlaqələrin daha da dərinləşəcəyinə və Azərbaycan–Özbəkistan tərəfdaşlığının bütövlükdə regionun inkişafına mühüm töhfə verəcəyinə əminlik yaradır.

Elnur Əsədov

YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Digər xəbərlər