Tarixin yaddaşına qızıl hərflərlə həkk olunmuş elə günlər var ki, onlar sadəcə bir təqvim vərəqi deyil, bütöv bir xalqın milli qürurunun, sarsılmaz iradəsinin və tarixi ədalətinin təntənəsidir. Avqustun 26-sı Azərbaycanın baş tacı, dağlar qoynunda məğrurca ucalan Laçın şəhərinin azadlıq və intibah günüdür. Bu gün, otuz illik həsrətin bitdiyi, torpağın öz doğma övladlarının nəfəsi ilə yenidən canlandığı müqəddəs bir tarixdir.
Laçın şəhəri sadəcə strateji bir coğrafiya deyil, Azərbaycanın bütövlüyünü, ruhunu tamamlayan bir mədəniyyət beşiyidir. Həkəri çayının zümzüməsi, dağlarının dumanı, meşələrinin pıçıltısı illərlə sükuta qərq olmuşdu. 1992-ci ilin mayında başlayan işğal, bu qədim yurdun sinəsinə çəkilən ən ağır dağ idi. Lakin Azərbaycan xalqının qəlbindəki Laçın sevdası və torpaq həsrəti heç vaxt sönmədi. Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərlə bu nisgilə son qoydu. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri tamamilə nəzarətə götürülərək, üçrəngli bayrağımızın əbədi dalğalanacağı müqəddəs məkana çevrildi. Prezident İlham Əliyevin sərəncamı ilə bu günün "Laçın Şəhəri Günü" kimi təsis edilməsi, xalqımızın öz keçmişinə və gələcəyinə verdiyi ən ali dəyərdir.
Bu gün Laçın şəhəri özünün ən parlaq dövrünü – intibah və yenidənqurma mərhələsini yaşayır. Dağıdılmış, viran qoyulmuş küçələr, tarixi abidələr bu gün müasir memarlıqla qədimliyin vəhdətində yenidən doğulur. "Böyük Qayıdış" proqramı çərçivəsində doğma yurdlarına dönən laçınlıların gözlərindəki sevinc, uşaqların gülüşü Laçının dağlarına yeni bir bahar gətirib. Həkəri çayının sahilində ucalan bayram sədaları, keçirilən mədəniyyət tədbirləri düşmənə gözdağı, dostlara isə qürur mənbəyidir.
26 Avqust – həm də şəhidlərimizin müqəddəs ruhunun şad olduğu gündür. Laçını canı, qanı bahasına azad edən qəhrəman oğullarımızın xatirəsi bu uca dağların zirvəsində əbədi yaşayacaqdır. Laçın artıq azaddır, abadlaşır və öz qədim şan-şöhrətini geri qaytarır. Bu əlamətdar gün münasibətilə bütün Azərbaycan xalqını, xüsusən də doğma yurduna qovuşan laçınlıları ürəkdən təbrik edir, bu torpağın ruzi-bərəkətinin, sülhünün və azadlığının əbədi olmasını arzulayırıq. Bayramın mübarək, ey məğrur Laçın!
Sitarə Babayeva
YAP Lənkəran rayon təşkilatının uçot işləri üzrə məsləhətçisi