PDF Oxu

Siyasət

  • 640

Daşkənddən yeni əməkdaşlıq mesajı: Azərbaycan-Özbəkistan münasibətlərində növbəti mərhələ - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri iki ölkə arasında son illərdə sürətlə inkişaf edən münasibətlərin növbəti mərhələsinə təsadüf etdi. Daşkənddə keçirilən görüşlər və imzalanan sənədlər göstərdi ki, Azərbaycanla Özbəkistan arasında əlaqələr artıq yalnız siyasi və diplomatik münasibətlərlə məhdudlaşmır, iqtisadiyyat, investisiya, təhsil, şəhərsalma, nəqliyyat və humanitar sahələri də əhatə edən geniş əməkdaşlıq modelinə çevrilir.

Səfər Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə baş tutub. Dövlət səfərinin əsas gündəliyində iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi dayanıb. Səfərin əsas hadisələrindən biri Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü və Ali Dövlətlərarası Şuranın III iclasının keçirilməsi olub. Şura çərçivəsində iki ölkənin münasibətlərinin mövcud vəziyyəti və gələcək inkişaf istiqamətləri geniş müzakirə edilib.
Daşkənddə aparılan danışıqların diqqətçəkən məqamlarından biri iki ölkə arasında “Əbədi dostluq haqqında” müqavilənin imzalanmasının nəzərdə tutulmasıdır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu sənədin Azərbaycan-Özbəkistan münasibətlərinin xarakterini bir daha təsdiqləyəcəyini bildirib. Belə bir sənədin gündəmə gəlməsi təsadüfi deyil. Azərbaycan və Özbəkistan son illərdə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə yaxın mövqe nümayiş etdirən iki türk dövlətidir. Dövlət başçıları arasında müntəzəm təmaslar, qarşılıqlı səfərlər və müxtəlif sahələrdə imzalanan sənədlər münasibətlərin ardıcıl şəkildə inkişaf etdiyini göstərir.
Danışıqlarda nəqliyyat və logistika məsələləri də mühüm yer tutub. Azərbaycan və Özbəkistan arasında əlaqələrin inkişafında Orta Dəhlizin xüsusi əhəmiyyəti var. İki ölkənin coğrafi mövqeyi onları Avropa ilə Asiya arasında formalaşan yeni nəqliyyat bağlantılarının mühüm iştirakçılarına çevirir. Bu baxımdan Orta Dəhlizin inkişaf etdirilməsi yalnız Azərbaycan və Özbəkistan üçün deyil, daha geniş regional əməkdaşlıq baxımından da əhəmiyyət daşıyır. Daşkənddə keçirilən görüşdə iki ölkənin bağlantısının gücləndirilməsi və Orta Dəhlizin birgə inkişaf etdirilməsi məsələsinin xüsusi olaraq vurğulanması qarşıdakı dövrdə nəqliyyat-logistika əməkdaşlığının daha da genişlənə biləcəyinə işarədir.
Azərbaycan-Özbəkistan münasibətlərinin mühüm istiqamətlərindən biri də humanitar əlaqələrdir. Bu sahədə avqustun 23-də keçirilən tədbirlər arasında Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binasının açılışı xüsusi yer tutur. Nizami Gəncəvinin adını daşıyan təhsil ocağının fəaliyyətə başlaması iki xalqın ortaq tarixi və mədəni irsinin müasir təhsil mühitində yaşadılmasının nümunələrindən biridir. Mədəni-humanitar əlaqələr son illərdə müxtəlif tədbirlərlə də zənginləşib. Azərbaycan və Özbəkistanda qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, Şuşa günlərinin təşkil olunması, Heydər Əliyev meydanı və “Özbəkistan” parkı kimi rəmzi məkanların yaradılması iki ölkə arasında münasibətlərin yalnız dövlətlərarası səviyyədə deyil, xalqlar arasında da möhkəmləndirilməsinə xidmət edir.
Səfərin simvolik məqamlarından biri Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməlinin qoyulması olub. Layihənin reallaşdırılması iki ölkə arasındakı dostluq münasibətlərinin şəhər məkanında öz əksini tapması baxımından diqqətçəkəndir. Bu kimi layihələr diplomatik münasibətlərin gündəlik siyasi məsələlərdən daha geniş məna daşıdığını göstərir. Azərbaycan və Özbəkistan xalqlarının ortaq tarixi, dil və mədəni yaxınlığı belə təşəbbüslərin ictimai əhəmiyyətini artırır.
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərinin əsas xüsusiyyətlərindən biri onun konkret nəticələr və praktiki layihələrlə müşayiət olunmasıdır. Səfər çərçivəsində siyasi dialoqun davam etdirilməsi ilə yanaşı, ticarətin artırılması, investisiya layihələrinin genişləndirilməsi, nəqliyyat bağlantılarının gücləndirilməsi, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılıb. Azərbaycan-Özbəkistan münasibətlərinin hazırkı səviyyəsi göstərir ki, iki ölkə arasında əməkdaşlıq artıq ənənəvi diplomatik çərçivədən kənara çıxaraq çoxşaxəli tərəfdaşlıq modelinə çevrilir. Qarşıdakı dövrdə əsas məsələ əldə olunan razılaşmaların və imzalanan sənədlərin real layihələrə çevrilməsidir.

Araz Xudadanov

YAP Sabunçu rayon təşkilatının sədri

Digər xəbərlər