Çətin məqamda sinəsini Vətənə sipər edib qanı bahasına onu alınmaz qalaya döndərən qəhrəmanlardan biri də dağlar diyarı Lerik rayonu, Pirasora kəndində boya-başa çatan Milli Ordunun giziri, şəhid Ruslan Qalib oğlu Ağayevdir. Bu Vətən sevdalısının şəhadətə ucalmasının ildönümü münasibətilə anım mərasimi keçirilib.
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədovanın, YAP Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədovun, Lerik Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rahib Şiriyevin, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərovun, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə şəhidin məzarı ziyarət olunub, onun əziz xatirəsi ehtiramla anılıb, ailəsinə başsağlığı verilib.
Həmçinin ziyarət zamanı Ruslan Ağayevlə eyni məzarlıqda uyuyan şəhid Azər Təhməzovun, şəhid Bəxtiyar Bayramovun, şəhid Valeh Rəhimovun, hərbi xidmətdə olarkən vəfat etmiş İlkin Ələkbərovun məzarları da ziyarət edilib.
Şəhid ailəsi göstərilən dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.
Məlumat üçün bildirək ki, 2015-ci il avqustun 31-dən sentyabrın 1-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində cəbhənin Qazax bölgəsində yerləşən “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən Milli Ordunun giziri, 1991-ci il təvəllüdlü Ruslan Ağayev döyüş postunda olarkən düşmən gülləsinə tuş gəlib, Vətən eşqi ilə döyünən ürəyi əbədi dayanıb.
Vətən, torpaq uğrunda canından keçənlər heç zaman ölmürlər. Onların əziz xatirəsi daim xalqın qəlbində yaşayır.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü